Marneulinin yeni təmir edilmiş 1 saylı uşaq bağçası açılıb (FOTO)
18 yanvar tarixində Marneulidə yeni təmir edilmiş 1 saylı uşaq bağçasında (Tut bağı) təhsil prosesi bərpa olunub.

Köhnə döşəmə, yetərsiz sayda ayaqyolu və kiçik otaqları yeni inventar, tam bərpa edilmiş təhsil məkanı əvəz edib. Məktəbəqədər təhsil müəssisəsi bütün bunları üç ildir ki, gözləyirdi.

Bağçanın meneceri Zeinab Nadiradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bugünkü gün bağçanın tarixində xüsusilə sevindiricidir. Bağça 210 uşaq üçün nəzərdə tutulub.

“Demək olar, üç ildir bağçanın fəaliyyəti dayandırılmışdı. Müasir standartlara uyğun deyildi, bizim rayon rəhbərliyinin dəstəyi ilə bina tam bərpa olundu, korpus əlavə edildi və mümkün olan qədər müasir standartlara yaxınlaşdıq. Siyahı ilə 150 uşağımız var. Bunlar yayda qeydiyyatdan keçmiş uşaqlardır. Ancaq çoxları bizim bağçanın açılışını gözləyirlər. Çünki bağçanın açıldığını eşidiblər, yenə uşaqlar gələcək, biz daha 60 uşaq qəbul etməyə hazırıq. Həm də 3 il ərzində əməkdaşlar evdə otururdu, doğrudur, başqa bağçalarda ehtiyat işçi kimi işləyirdilər, eləcə də kolleclərə qəbul olublar, təlimlərdə iştirak ediblər. Peşəkarlıq baxımından inkişaf ediblər və bu gün tam bilik, təcrübə ilə 0-6 yaş arasında olan uşaqların tədrisi üzərində işləməyə başladılar. Düşünürəm, irəlidə bizi uğurlu il gözləyir”.

Zeinab Nadiradzenin sözlərinə görə, uşaq bağçasında iki məktəbəqədər hazırlıq qrupu da fəaliyyət göstərəcək.

“Bir qrup öz uşaqlarımızdan ibarətdir. Onlar 15 sentyabrda yaşa görə məktəbə getməyənlərdir. Bir qrupumuz da hazırdır, yaxın gələcəkdə məktəbə hazırlıq qrupu da olacaq”.

1 saylı bağçada indiki mərhələdə 60 yer boşdur. Marneuli Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov bildirdi ki, istəyi olanlar bağçaya getməli və qeydiyyatdan keçməlidirlər.

Marneuli şəhər 1 saylı uşaq bağçası binasının bərpası, akt zalı və iki qrup üçün ayrılmış binanın inşa işləri 1 188 577 lariyə başa gəlib. İşləri “Buildng House” MMC həyata keçirib.

Qeyd edək ki, 2023-cü ildən Marneuli bələdiyyəsinin Uşaq Bağçaları Birliyi uşaq bağçalarında yemək menyusunu rəngarəngləşdirib.

Hər uşaq üçün nəzərdə tutulmuş qidaya ayrılmış pul da artırılıb. Məhsulları almaq üçün bələdiyyə büdcəsindən 622 577 lari ayrılıb.
"Marneuli" Radiosu
Print