Meriyanın ayırdığı pul gülünc və aşağılayıcıdır – Mahir Quliyev meriyanın məscidlərin və kilsələrin kommunal xərcləri üçün ayırdığı məbləğ barədə
“Meriya 400-min lari ilə müqayisədə, məscidlərin və kilsələrin kommunal xərclərinə 20-min lari köçürəcək. Bu biabırçılıq və gülünc vəziyyətdən başqa bir şey deyil. Daha doğrusu, ələ salmaqdır”, – Algeti məscidinin axundu Mahir Quliyev Marneuli meriyasının 2023-cü ilin büdcəsindən məscid və kilsələrin kommunal xərcləri üçün ayrılan pula etirazı olduğunu bildirdi.

“Marneuli” radiosu ilə söhbəti zamanı Quliyev meriyanın 2023-cü ilin büdcəsindən Hucabi Yeparxiyası, məscidlər və kilsələrin kommunal xərcləri üçün ayrılan pulun ədalətsiz verilmiş qərar olduğunu vurğuladı.

Onun sözlərinə görə, Marneulidə təmirə ehtiyacı olan məscidlərin sayı çoxdur. Lakin meriya həmin məscidlərə laqeyd yanaşır və təmir işlərinin həyata keçirilməsi üçün hər hansı addım atmır.

Axund deyir ki, əgər meriya sözügedən məbləği məscidlərin kommunal xərcləri üçün ayırıbsa, bu məbləğ aylıq elektrik xərclərini belə qarşılamır.

“400 min lariylə müqayisə etdikdə 20 min lari gülüncdür. Marneulidə kifayət qədər təmirə ehtiyacı olan məscid var. Amma buna laqeyd yanaşırlar və kommunal xidmət nəzərdə tuturlar. Deyək ki, kommunal xidmət nəzərdə tuturlar. O zaman bunların ayırdığı 20 min lari Marneulidə olan məscidlərin heç elektrik pulunu belə ödəmir. Ümumiyyətlə, meriyanın ayırdığı pul gülünc və aşağılayıcıdır. Kaş heç ayırmazdılar”.

Məscidlərin aylıq kommunal xərcləri barədə də danışan axund bildirdi ki, xərcləri 12 aya vurduqda bu 24 000 lariyə başa gəlir ki, bu da meriyanın ayırdığı vəsaitdən artıqdır.

“Əgər məscidlərin elektrik pulunun 1 ayini 50 laridən hesablasaq, (40×50=2000) lari və 12 aya vurduqda isə 24-min lari edir. Yalnız məscidlərin elektrik pulu edir. Meriya guya Marneulidə məscidlərə qaz pulu da ayırır. Görünür, meriya SOCAR-ın illərdir, məscid və kilsələrə ayırdığı qaz pulundan ya xəbərsizdir, ya da bunu sırımağa çalışır”.

Quliyev deyir ki, o, Marneuli meriyasının Hucabi Yeparxiyasına 400 000 lari ayırdığı halda məscidlərə 20 000 lari ayırmasına etiraz etmir. Sadəcə ayrılan məbləğin məscidlər üçün kifayət etmədiyinə etirazını bildirir. Onun sözlərinə görə, meriya məbləği ayırmazdan əvvəl məscidlərin son vəziyyəti və xərcləri ilə bağlı araşdırma aparsa, yaxşı olardı.

“Mən meriyanın dini abidələrin, ibadət evlərinin təmiri üçün ayrılan pula qarşı deyiləm, amma gərək pulu ayırmazdan əvvəl bir araşdırma aparılardı. Kimin nəyə və nə qədər məbləğə ehtiyacı varsa, o qədər ayrılardı”.

Yerli özünüidarə 2023-cü il ərzində kilsə-monastırların və məscidlərin kommunal xərclərini ödəyəcək. Bunun üçün büdcədən 20 000 lari ayrılıb.

Kommunal xərclərin ödənməsi sonrakı qaydada həyata keçirilir:
  • Marneuli şəhərində yerləşən kilsə-monatsır və məscidlər – 300 lariyə qədər
  • Kənddə yerləşən və təbii qaz çəkilməmiş kilsə-monatsır və məscidlər – 100 lariyə qədər
  • Kənddə yerləşən və təbii qaz çəkilmiş kilsə-monatsır və məscidlər – 50 lariyə qədər

“Proqram çərçivəsində bələdiyyə ərazisindəki kilsə-monastırlar və məscidlərə dəstək göstəriləcək. Konkret olaraq, tam fəaliyyətə dəstək və tarixi abidələrin qorunması xərclərini təmin etmək üçün Marneuli və Hucabi Yeparxiyasına 400 000 lari maliyyə ayrılacaq. Dini müəssisələrin kommunal xərcləri üçün isə 20 000 lari nəzərdə tutulub”, –
Marneulinin 2023-cü il büdcəsinin dini və başqa tipli ictimai fəaliyyətlər bəndində qeyd olunub.

Bolnisi Rayon Məhkəməsi 2022-ci ilin 1 iyulunda Marneuli büdcəsindən dini təşkilatlara pul ayrılmasını diskriminasiya kimi qiymətləndirmişdi. Marneuli yerli özünüidarəsi Bolnisi Rayon Məhkəməsinin qərarını Apelyasiya Məhkməsinə şikayət etmişdi. Məsələ 2019-cu ildə başlanmış mübahisə ilə bağlıdır.

Şikayətçilər Marneulili fəal Samirə Bayramova və Bütün Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Şeyx Mirtağı Əsədovdur.

8 dekabr tarixində Tbilisi Apelyasiya Məhkəməsinin hakimi Leila Mamulaşvili Bolnisi Rayon Məhkəməsinin Marneuli büdcəsindən dini təşkilatların maliyyələşdirilməsi məsələsi ilə bağlı qərarını ləğv edib.

"Marneuli" Radiosu

Print