Marneulili məktəb direktorlarının sertifikat imtahanında iştirak edib-etməməsi məsələsi
Gürcüstan Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ictimai məktəb
direktoru olmaq istəyənlərin sertifikatlaşdırılması prosesinin
birinci mərhələsi 22 yanvarda keçirilib.
3205 nəfər direktor olmaq istəyən şəxs imtahana qeydiyyatdan keçib.
Ancaq imtahanda cəmi 1839 nəfər iştirak edib. Marneuli bələdiyyəsi
miqyasında 74 ictimai məktəb var. Onların hamısını direktor
səlahiyyətlərini icra edən şəxs idarə edir. Marneulidən neçə
nəfərin imtahan verdiyi məlum deyil, ancaq ümumi iştirak edənlərin
sayı göstərir ki, rəqabət böyük deyil.
“Marneuli” radiosu təsadüfi seçim prinsipi ilə 15 nəfərə yaxın
Marneulili məktəb direktoru səlahiyyətlərinin icraçısına zəng
vurdu. Demək olar ki, onların əksəriyyəti imtahan vermədiyini
bildirdi. Səbəb olaraq isə sağlamlıq problemlərini qeyd etdilər,
bir qismi isə imtahanın çətin olduğunu bildirdi.
“Xəstə idim, imtahana gedə bilmədim. Qeydiyyatdan
keçmişdim, amma xəstəxanada idim və çıxa bilmədim”
“İmtahana getmədim, əvvəlcədən materiallara baxdım, çox çətindir.
Bunun üçün dərindən hazırlaşmaq lazımdır. Doğrudur, gürcü dilini
bilirəm, amma yenə də çətindir. Düzdür, bütün qanunları bilmək
direktorun öhdəliyidir. Amma daha çox hazırlaşmaq lazım idi.
Növbəti imtahana hazırlaşıb gedəcəyəm. Əməliyyat olunmuşam, indi
gedə bilmədim”.
“Bəli imtahana getmişdim, çətinliyi haqqında heç nə deyə bilmərəm.
Kimi üçün çətindir, belə asan deyildi. Çox çətin də deyildi, orta
idi. Belə qiymətləndirərdim. Hamı ümid edir ki, imtahanı
verəcək”.
“Xəstəyəm, imtahana getmədim. Qeydiyyatdan da
keçməmişdim”.
“İmtahana getmişdim, iştirak etdim, çətin idi. Bilmirəm
nə olacaq”, – direktor səlahiyyətlərinin icraçıları
deyirlər. Onların kimliyini bilərək qeyd etmirik.
Direktorlarla söhbət zamanı dil baryeri problemi də ortaya çıxdı.
Məktəblərdən birinin direktor səlahiyyətlərinin icraçısı bildirdi
ki, imtahan komponentlərini nəzərə alsaq, imtahanın
qeyri-gürcüdillilər üçün çətin olduğunu demək olar.
“Mən 2014-cü ildə imtahan vermişəm və yalnız müsahibə
mərhələsindən keçirəm. O zaman verəndə çətin deyildi.
Qeyri-gürcüdillilər üçün çətin ola bilər. Qanunvericilik özü də
çətin dildə tərtib edilib. Onu dərk etmək asan deyil, xüsusilə
qeyri-gürcüdillilər üçün. Müəllimin peşə inkişafına aid olan
ədəbiyyat da çətindir və həqiqətən çətinlik
çəkərdilər”.
Marneulidə işləyən, imtahanda iştirak etmiş pedaqoq dil baryerini
vurğulayır. Milli müəllim mükafatının sahibi Qiorqi Çauçidze hesab
edir ki, mövcud reallıqdan irəli gələrək, direktorlarla bağlı
vəziyyət çox dəyişməyəcək. Səbəb olaraq isə rəqabətin aşağı
olmasını və dil baryerini qeyd edir.
“İmtahanın məzmun tərəfinin namizədlərdə nəyi yoxlaması
kifayət qədər rəngarəng idi. Məlumatlandırıcı idi, çünki əgər
namizəd lazım olanı öz işində yazıb doldursa, həqiqətən təhsil
sahəsindəki peşəkarlığını və ya biliyini göstərmiş olardı. Orada
bir neçə məsələ var idi, məsələn, araşdırmanın planlaşdırılması,
hansısa layihə yazmaq, eləcə də təhsil prosesinin təsviri və s.
Həmçinin, müxtəlif qanunvericiliklərə əsasən qapalı suallar var
idi. Deməzdim ki, asan idi. Beş saat vaxt ayrılmışdı və mənə bu
vaxt tam lazım oldu. Daha artıq vaxt olsa idi, ola bilsin, yenə
işləyərdim. Dil bilməyən, bilmək bir yana qalsın, lap yaxşı
bilməyən adam bu halda gürcü dili imtahanını verə bilməzdi.
Çətinlik çəkərdi demirəm, ümumiyyətlə verə bilməzdi. Konkret olaraq
Marneulidə olan problemə görə məktəb rəhbərlərinin hamısı direktor
səlahiyyətlərinin icraçılarıdırlar, əksəriyyəti olduğu kimi
qalacaq. Ona görə ki, düşünmürəm, sertifikatlı namizədlər müxtəlif
kəndlərə getməklə maraqlansınlar. Ümumiyyətlə, bu imtahana çoxları
getməmişdi, amma Marneulidən neçə nəfər idi, bilmirəm. Mənim
ehtimalıma görə, çox deyildi və məncə bu problem yenə olduğu kimi
qalacaq”, – Qiorqi Çauçidze bildirdi.
Direktorun sertifikatlaşdırılması imtahanında aşağı iştirak
director səlahiyyətlərinin icraçılarının yerlərini
qoruyub-saxlamasına qismən zəmanət verir. Əgər Marneulinin hər
hansı məktəbində sertifikatlaşdırılmış namizəd işləmək istəsə, o,
məktəbin Qəyyumlar Şurası ilə müsahibədən keçməli olacaq. Şura isə
həmin məktəbin müəllim və valideynlərindən ibarətdir.
Sertifikarlaşdırılmanın birinci mərhələsinin nəticələri hələ məlum
deyil. İkinci mərhələyə keçmiş, məktəb direktoru olmaq istəyənlər
müsahibə mərhələsindən keçəcəklər. Direktor olmaq istəyənlər
imtahanı uğurla verdiyi halda sertifikatlaşdırmanın növbəti
mərhələsinə keçəcəklər. Növbəti mərhələ isə müsahibəni nəzərdə
tutur. Təqdim olunan namizədləri məktəbin Qəyyumlar Şurası seçir.
Gürcüstan miqyasında ümumilikdə 2086 ictimai məktəb fəaliyyət
göstərir.