Marneulidə mənzillərin və kirayə evlərin qiyməti neçəyədir
Milli Statistika Xidmətinin məlumatına görə, Tbilisidə 2022-ci ildə mənzillərin qiyməti 2021-ci ilə nisbətən yaşayış binalarında 12,5%, fərdi evlərdə isə 18% bahalaşıb. Qiymət artımı Marneulidə də hiss olunur. Marneulidə evlərin alqı-satqısı ilə məşğul olan “Marneuli Evlər”-in nümayəndəsi Tamerlan Həsənov “Marneuli” radiosuna bildirdi ki, kirayə evlərin qiyməti əvvəllər 200-300 lari idi. İndi qiymətlər xeyli bahalaşıb. Onun sözlərinə görə, yeni tikilən evlərdə də qiymətlərdə artım var.

“Birinci növbədə evin vəziyyəti və yerindən, bəzi yerlərdə isə mərtəbəsindən də asılıdır. Kirayə evlərin təxmini orta qiyməti 500-600 laridir. Əvvəllər 200-300 lariyə tapmaq olurdu. Hazırda 400 lariyə kirayə çətin tapılır. 500, 600, 800 lariyədir. Hətta 1000 lariyə də var. Qiymətlər bu cürdür. Bu onunla əlaqədardır ki, evlərə tələbat çoxdur. Əsas da kirayə verilən evlərə. Satışda olan təmirli evlərə gəlincə isə, yəni köhnə yaşayış evlərində təxminən 30 min və ondan yuxarıdır. O da evin vəziyyətinə, yerləşdiyi əraziyə və mərtəbəsinə baxır. Yeni tikilən binalarda təmirsiz mənzillərin kvadratı 450, 500, 550 və 600 dollardır. Təmirli vəziyyətdə olan evlərin kvadratı isə 750-800 dollardır. Tələbat olduğuna görə tikintilər artıb. Hal-hazırda Marneulidə 10-dan artıq yaşayış binası tikilir. Tikinti şirkətləri yenə də torpaqlarla maraqlanırlar. Sözün düzü, Marneulidə yaxşı yerlərdə torpaqlar çox azdır”.

Həsənovun dediyinə görə, Marneulidə mənzillərə tələbat çoxdur. Şəhərdə yaşayış evlərinin bahalı olduğu ərazilər isə Bazar ərazisindən Marneuli Plazaya qədər olan hissədədir.

“Tələbat hədindən artıq çoxalıb. Əvvəllər iki otaqlı evlər 25 min dollara olardı. 3 otaqlı 30 minə olardı. Bu gün 3 otaqlı evi 40 minə tapa bilməsiniz. Ondan yuxarıdır. Dediyim kimi əsas yerindən və mərtəbəsindən asılıdır. Marneulidə ən bahalı yaşayış evlərinin olduğu yerlər Qara arxın keçdiyi ərazilərdir. Yəni bazarın qabağından “Plazaya” qədər. Yəni ona görə bahalıdır ki, bazarın yanından qastronoma kimi ərazilərdən kirayə və ev almaq istəyən daha çoxdur. Buradan ev almaq istəyən digər millətlər də çoxdur. Aşağı tərəflərə hər millət getmir. Ona görə də burada qiymətlər digər yerlərə baxanda bahadır.”

Marneulidə ev alqı-satqısı ilə məşğul olan Akif Ələkbərovun dediyinə görə, Marneulidə yaxşı evlər bahadır. O da evlərin yerləşdiyi əraziyə və təmirinə baxır.

“50-100 lari fərq verir. Hal-hazırda kirayələrin qiyməti 300 laridən başlayır 500 lariyə qədər var. 2-3 otaqlı evlər 500 laridir. Belə baxanda elə də baha deyil. Bina evlərində kvadratı 400-550 dollardır. Hazır vəziyyətdə olanlarda 600 lariyə də var. Əvvəlki illərə baxanda qiymətlər qalxıb. Tikinti materialları qalxdıqca evlərin qiyməti də qalxır. Gəlib maraqlananlar olur”, – Akif Ələkbərov deyir.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə daşınmaz əmlakın qiymət indeksi 5,5 faiz artıb, indeksin illik artımı isə 14,3 faiz təşkil edib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google