Marneuli bələdiyyəsinin Daştəpə kəndində əhali stadionun
tikilməsini tələb edir.
Daştəpə ictimai məktəbinin gürcü dili ikinci dil kimi fənn müəllimi
Natali Samxaradze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi
ki, kənddə mini stadionun tikilməsi tələbi ilə bələdiyyəyə 2022-ci
ilin may ayında müraciət edib. Amma onun məktubuna reaksiya
verilməyib.
“Bizim kənddə qızlar üçün futbol komandası var və onlar
çox yarışlarda
iştirak edirlər, mükafat yerləri də tutublar. Buna
baxmayaraq, məktəbdə idman zalımız yoxdur. Heç həyətdə də stadion
yoxdur, heç olmasa kənddə stadion olmasını istəyirik. Uşaqlar video
müraciət də yazıblar ki, bəlkə kimsə bizə kömək etsin və kənddə
stadion açılsın. Təxminən may ayında meriyanın elektron poçt
ünvanına ərizə göndərdim. Amma cavab gəlməyib. Sonra, başqa
məsələlərə görə, meriyaya gedəndə bu ərizənin taleyi barədə
soruşdum, dedilər ki, bu ərizəni almayıblar. Bundan sonra orada
ərizə yazdım və dəftərxanaya verdim. Ərizənin nömrəsini də
götürdüm, amma hələ də cavab gəlməyib. İndi isə kəndə gedirəm və
görürəm ki, kiçik park düzəldirlər. Bu da yaxşıdır, amma daha yaxşı
olardı ki, stadion tikərdilər”, – Natali Samxaradze
bildirdi.
Samxaradzenin sözlərinə görə, yaxın gələcəkdə mini stadionun
tikilməsi tələbi ilə yenidən Marneuli meriyasına rəsmi məktubla
müraciət etməyi planlaşdırır.
Marneuli meriyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli”
radiosuna bildirdilər ki, 2023-cü ilin büdcəsində Daştəpə kəndində
mini stadionun tikilməsi üçün pul nəzərdə tutulmayıb. Meriyadan onu
da qeyd etdilər ki, 2023-cü il ərzində Marneuli miqyasında heç bir
kənddə mini stadionun tikintisi planlaşdırılmır.