Bu gün, 3 fevral tarixində Marneuli bələdiyyəsinin Baytallı, Ulaşlı
və Beytarabçı kəndlərində ümumi kənd toplantısı keçirilib.
Marneulidə kənd toplantıları “Kəndə dəstək proqramı” çərçivəsində
keçirilir. Baytallı kəndində toplantı saat 11:00-da başlayıb. Ümumi
toplantının legitimliyi üçün 20%-in imzası lazım idi. Marneuli
meriyasının nümayəndəsi “Marneuli” radiosuna bildirdi ki, kənddə
kifayət qədər imza toplanıb və əhali idman meydançasının
hasarlanmasını dəstəkləyib.
Baytallı sakinləri üçün “kəndə dəstək
proqramı” çərçivəsində 12 000 lari ayrılıb.
Ulaşlıda ümumi toplantı saat 12:00-da başlamalı idi. “Marneuli”
radiosu saat 12:00-da, toplantının keçiriləcəyi yerə – Ulaşlı kənd
ictimai məktəbinə getdi. Amma görüş artıq başa çatmışdı. Meriya
nümayəndəsi bildirdi ki, kənddə toplantının tez başlamasına ehtiyac
yaranıb, çünki kənddə iki yas yeri var idi. Ulaşlı sakinləri kənddə
suvarma kanallarının quraşdırılmasını dəstəkləyiblər və bunun üçün
16 000 lari xərclənəcək.
Beytarabçı sakinləri üçün də 16 000 lari ayrılıb. Kənd
toplantısında əhalinin 20%-nin imzası toplanıb. Onlar arasında
qadınla da, kişilər də olub. Yerli sakinlər kəndin ictimai
məktəbinin hasarlanmasını və daxili yollara çınqıl tökülməsini
dəstəkləyiblər. Meriya nümayəndəsi “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdi ki, “kəndə dəstək proqramı” çərçivəsində
Beytarabçıda ilkin mərhələdə məktəb hasarlanacaq, qalan pulla isə
daxili yollara çınqıl töküləcək.