“Yeni Düşüncə İnstitutu”, “Salam”, “Mülki İştirak və Aktivizm
Mərkəzi”, “Marneuli Demokrat Qadınlar Cəmiyyəti”, “Marneuli”
radiosu...
– bu Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsinin
təhlükə yaratdığı qeyri-hökumət və media təşkilatlarının kiçik
siyahısıdır.
Gürcü Arzusundan ayrılmış “Xalqın gücü” deputatlar qrupu Gürcüstan
Parlamentində “xarici təsir agentləri” haqqında qanun layihəsini
qeydiyyatdan keçirib. Qanun layihəsinə əsasən gəlirinin 20%-dən
çoxu xarici təşkilatlardan maliyyələşdirilən bütün media və
qeyri-hökumət təşkilatları “xarici təsir agenti” hesab olunacaq.
Rusiya oxşar qanunu 2012-ci ildə qəbul edib və bu faktiki olaraq
azad media, mülki sektoru məhv edib. Gürcüstanda fəaliyyət göstərən
müstəqil media və QHT nümayəndələri bildirirlər ki, yeni qanun
layihəsinin məqsədi Rusiya kimi Gürcüstanda da müstəqil media,
QHT-ni məhv etməkdir.
Bu qanun kimləri hədəf
alır?
Qanun qəbul olunduğu halda Marneulidə fəaliyyət göstərən Yeni
Düşüncə İnstitutuna təhlükə yaranacaq. Bu təşkilat Sadaxlıda
qadınların inkişafı üçün “Analar məktəbi” təsis edib və gürcü dili
tədrisi kursları açıb, kəndlərdə istirahət zonalarının qurulmasına,
infrastrukturun yaxşılaşdırılmasına dəstək olub. Yeni Düşüncə
İnstitutunun təsisçilərindən Ariz Daşdəmirov “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, təşkilat 2015-ci ildən Marneulidə
təhsil, ətraf mühitin mühafizəsi, məlumatlandırma və müxtəlif növ
tədbirlər həyata keçirir.
“Biz əsasən Sadaxlı inzibati vahidliyinə daxil olan
kəndlərdə müxtəlif tədbirlər həyata keçiririk. Amma artıq deyə
bilərik ki, nəinki icma təşkilatı, hətta regional təşkilat olaraq
işləyirik. Çünki Qardabanidə, Marneulidə, Bolnisidə, Dmanisidə,
Tetritskaroda da layihələr həyata keçiririk. Həmçinin, bizim icma
mərkəzi şəbəkəmiz var və biz icma mərkəzlərinin ideya müəllifiyik,
ona görə də yalnız bizim təşkilatın deyil, bütün icma mərkəzlərinin
adından deyə bilərəm ki, biz yeni qanun layihəsinə
qarşıyıq”.
Arizin sözlərinə görə, qanun layihəsi qəbul olunduğu halda
Gürcüstanda demokratiyadan danışmaq mümkün olmayacaq. Çünki
insanların öz problemləri haqqında sərbəst danışa biləcəyi, onların
həllinə çalışacağı məkanlar olmayacaq.
“Təsəvvür edin, əgər vətəndaşın yerli özünüidarə və ya hansısa
dövlət qurumu ilə problemi olsa, ona heç kim kömək etməyəcək. Çünki
insanların səsini geniş ictimaiyyətə çatdıracaq qeyri-hökumət
təşkilatları, müstəqil media olmayacaq”, – Ariz
Daşdəmirov bildirdi.
“Mülki Məşğulluq və Aktivizm Mərkəzini” də bağlanmaq təhlükəsi
gözləyir. Təşkilat Marneulidə artıq üç ildir, fəaliyyət göstərir.
Baxmayaraq ki, təşkilat gəncdir, bu dövr ərzində layihələr həyata
keçirib və bu layihələr insan hüquqlarının müdafiəsi, etnik
azlıqların inteqrasiyası, qərarların qəbulu prosesində etnik
azlıqların iştirakının artırılması, gender bərabərliyi, gənclərin
inkişafı, qeyri-formal təhsilə istiqamətlənib.
“Bu illər ərzində bir neçə araşdırma apardıq, bu üç il
ərzində Marneuli sakinlərinə, xüsusilə də kənddə yaşayanlara kömək
edirdik. Onların ehtiyaclarını Marneuli meriyasının gündəliyinə
çıxardıq, bundan əlavə, Bolnisi, Dmanisi, Qardabanidə yaşayan etnik
azlıq nümayəndələri ilə əməkdaşlıq edirik.
Kvemo Kartli regionunda mülki sektorun və tənqidi medianın olması
etnik azlıqların inteqrasiyası, ümumiyyətlə, ölkənin inkişafı,
bizim, Gürcüstanda yaşayan bütün etnik qrupların inteqrasiyası üçün
mühüm əhəmiyyət daşıyır. Müvafiq olaraq, çoxluğun yeni qanun
layihəsi Rusiya qanunudur və heç vaxt bizim seçimimiz olmayıb.
Düşünürəm ki, bu qanunun qəbul edilməsi birbaşa bizim
dəyərlərimizə, ləyaqət hissimizə, müstəqilliyimizə hücum
olacaq”, – “Mülki Məşğulluq və Aktivizm Mərkəzinin”
sədri Rəşan Ziyadəliyev bildirdi.
“Mülki Məşğulluq və Aktivizm Mərkəzi” Marneuli, Qardabani, Bolnisi
və Dmanisidə yaşayan vətəndaşlara kömək edir. Rəşan Ziyadəliyev
qorxur ki, qanun qüvvəyə mindiyi halda onlar kömək göstərə
bilməyəcəklər. Çünki “xarici təsir agenti” statusları olacaq və
fəaliyyətə davam edə bilməyəcəklər.
“Yekun nəticədə düşünürəm ki, bu qanunun məqsədi
Gürcüstanda hər hansı növ etirazı yox etməkdir. Bizim
vəziyyətimizdə isə bu etnik azlıqların məskunlaşdığı məntəqələrdəki
vətəndaş cəmiyyətinə böyük zərbə olacaq. Bu qanun qəbul olunduğu
halda Gürcüstanda rusiyayönümlülük və diktatura yaranacaq. Müvafiq
olaraq, bizim Avropalı gələcəyimizin olması, Gürcüstandakı bütün
vətəndaşların müdafiəsi, fikrimizi bildirmək hüququmuzun,
qərarların qəbulu prosesində iştirak azadlığımızın olması və
Avropanın bir hissəsi olmağımız üçün rus qanun layihəsinə qarşı
mübarizə aparmaq lazımdır”.
“Yeni Düşüncə İnstitutu”, eləcə də “Mülki Məşğulluq və Aktivizm
Mərkəzini” beynəlxalq təşkilatlar, səfirliklər maliyyələşdirir.
Məhz onların maddi yardımı vasitəsi ilə Marneulidə müxtəlif
layihələr həyata keçirilir.
Qeyri-hökumət sektoru kimi media təşkilatları da təhlükə
qarşısındadır. “Kvemo Kartli Mediası” təşkilatının rəhbəri Manon
Bokuçava bildirir ki, qanun layihəsinin məqsədi müstəqil mediaların
nüfuzdan salınması və onların bağlanmasıdır.
“Əgər belə açıq mübarizə elan olunarsa, bu artıq açıq
mübarizə deməkdir. Kiminsə, Parlamentin hansısa üzvünün ağlına belə
fikir gəlibsə və sonra bu təşəbbüsü irəli sürüblərsə, bu həqiqətən
də təsəvvüredilməzdir. Əgər qəbul etsələr, bu halda müxtəlif
variantlar var və onlar arasında Strasburqa şikayət də var. Çünki
bizim məhkəmənin müstəqilliyi də və ümumiyyətlə Gürcüstanda olan
reallıq da sual altındadır. Bu bizə ədalətli nəticə əldə etməyə nə
dərəcədə şərait yaradacaq. Ona görə yəqin müxtəlif istiqamətlərdə
işləyən və icmamızda, regionumuzda yaşamın daha da
yaxşılaşdırılmasına çalışan QHT-lər yenə Strasburqun ümidinə
qalacağıq. Bu qanun layihəsinə görə, artıq bizim işləməyimizə
maneələr yaranır”.
Manon Bokuçavanın sözlərinə görə, “qvemoqartli.ge” məlumat
analitika portalı artıq 5 ildir, beynəlxalq fondlarla işləyir.
Təşkilatın reklamlardan əlavə gəlir əldə etmək və ya başqa maddi
mənbələr axtarmaq cəhdi var idi. Ancaq Manonun dediyinə görə, gürcü
bazarında belə şərait faktiki olaraq yoxdur.
“Avropa İttifaqından aldığımız dəstəkdə problem olarsa,
bu zaman donora da bizimlə münasibət qurmaq problemli olacaq. Çünki
bizim hesablarımızın nə zaman dondurulacağı, onların qrantlarının
necə olacağı və s. haqqında məlumatları olmayacaq. Əgər bu
maliyyələşdirmə olmasa, yəqin entuziazmla bir neçə ay işləyə
biləcəyik. Çünki qrantlar olmayan bir dövrümüz var idi və bu işi
entuziazmla davam etdirirdik. Çünki bizim fikrimizcə çox dəyərli ,
çox mühümdür. Sadəcə deyə bilərəm ki, bir neçə ay fəaliyyətimizə
davam edə biləcəyik. Amma sonra təşkilat sadəcə fəaliyyətini
dayandıracaq. Bildiyimə görə, bizim regionda kim həqiqi
jurnalistika məhsulu yaradırsa və bəyənmələrə, paylaşılmalar əsasən
işləmirsə, heç birinin kiçik biznesdən əldə etdiyi gəlirlə
redaksiyanı saxlamaq imkanı yoxdur. Ona görə, əgər bu proses qanun
layihəsinin müəlliflərinin düşündüyü kimi, belə gedərsə, əsas
məlumat mənbəyi olan, qərəzsiz, hər hansı hökumətin dövründə
jurnalistikanı yerinə yetirən kiçik media təşkilatlar işlərinə
davam edə bilməyəcəklər”, – Manon Bokuçava
bildirir.
Gürcüstan Jurnalistika Etika Xartiyasının rəhbəri Mariam
Qoqosaşvili də regional və onlayn media vasitələrinin yox olma
təhlükəsindən danışır. O, bildirir ki, qanun layihəsinin qəbul
olunması halında mərhələli şəkildə regionda olan müstəqil tənqidi
media təşkilatları bağlanacaq.
“Biz hesab edirik ki, bu rus qanununun analoqudur. Bu
qanun neçə il əvvəl qəbul edilib və biz sonradan Rusiyada
hadisələrin necə davam etdiyini, hakimiyyət maraqlarını qorumayan
media vasitələrinin taleyinin necə olduğunu gördük. Hesab edirik,
bu gün Gürcüstanda da məhz azad mediaya qarşı başlanğıc ola bilər.
Çünki biz bilirik ki, bu qanun 20%-dən artıq gəlirinin beynəlxalq
təşkilatlardan olan media vasitələrinə də aiddir. Biz bilirik ki,
regional, onlayn medianın əksəriyyəti məhz beynəlxalq təşkilatlar
tərəfindən maliyyələşdirilir. Bu deməkdir ki, Gürcüstanda
hakimiyyətdən asılı olmayan azad media faktiki olaraq mövcud
olmayacaq”.
Mariam Qoqosaşvilinin sözlərinə görə, qanun layihəsi təşkilatların
şəffaflığının zəmanəti olaraq yaradılıb ki, onların maliyyə mənbəyi
məlum olsun. Amma bu gün Gürcüstanda fəaliyyət göstərən bütün
müstəqil media vasitələri və qeyri-hökumət təşkilatlarının
maliyyəsi şəffafdır. Maliyyələşdirənlər haqqında məlumat hamıya
əlçatandır.
“Real olaraq, maliyyə şəffafdır və sadəcə səbəb
Gürcüstanda azad medianı yox etmək deyilsə, belə qanunun qəbul
olunması niyə lazım olub, bu aydın deyil”, – Mariam
Qoqosaşvili bildirdi.
“Xaqın gücü”nün “Gürcü arzusu” tərəfindən dəstəklənən yeni qanun
layihəsinə əsasən, gəlirləri 20%-dən çoxu beynəlxalq tərəfdaşlar və
təşkilatlar tərəfindən maliyyələşdirilən qeyri-hökumət və media
qurumları “xarici təsir agenti” kimi qeydiyyatdan keçməlidirlər.
Məcburi qeydiyyatdan keçmədiyi təqdirdə ona 25.000 lari məbləğində
cərimə tətbiq olunacaq. Gürcüstanın Jurnalist Etikası Xartiyasının
rəhbərinin fikrincə, “xarici təsir agenti” kimi qeydiyyatdan keçmək
media qurumlarının nüfuzdan düşməsinə səbəb olacaq, onların
cərimələnməsi isə bilavasitə regional və ya onlayn medianın
bağlanmasına gətirib çıxaracaq. Cəriməni ödəmək və işlərini davam
etdirmək üçün kifayət qədər maliyyə imkanları var.
Sonda əgər Parlament bu qanunu qəbul etsə, gələcəkdə heç bizim
səhifə də əlçatan olmayacaq. Çünki biz də bağlanmaq təhlükəsi
qarşısında qalacağıq.