Gürcüstan hökuməti etirazları ‘satanistlər’lə bağlayır
Gürcüstanın hakim partiyası martın birinci ongünlüyündə hökuməti geri çəkilməyə vadar edən etirazlara görə “100 milyon dollarlıq büdcədən maliyyələşən anarxist və satanistləri” ittiham edir.

Bu, “klassik liberal/libertarian dəyərlərini təbliğ edən” Franklin Klubunun üzvü olan yeniyetmələr və onların valideynləri üçün sürpriz olub. Franklin Klubu Gürcüstan Universitetində mühazirə və seminarlar təşkil edir.

Martın 7-dən 9-dək on minlərlə vətəndaşın Tbilisi küçələrinə çıxaraq parlamentdən qalmaqallı “xarici agent” qanununun müzakirəsini dayandırmağı tələb etməsindən sonra klub hakim “Gürcü Arzusu” partiyasının hədəfinə çevrilib.

Sözügedən qanun maliyyəsinin 20%-dən artığını xarici mənbələrdən alan media və qeyri-hökumət qurumlarının “xarici təsir agentləri” kimi qeydiyyatdan keçməsini tələb edirdi.

Tənqidçilər Rusiyada qəbul olunan analoji qanun kimi bu qanunun da milyarder və keçmiş baş nazir Bidzina İvanişvili və onun “Gürcü Arzusu” partiyasındakı müttəfiqlərinin media və QHT-lər üzərində nəzarəti ələ keçirməsinə imkan yaradacağını deyirlər. Onların fikrincə, bu, Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük şanslarına zərər vura bilər. Ötən ilin iyununda Aİ Gürcüstanın daha çox islahatlara ehtiyacı olduğunu səbəb gətirərək ona namizədlik statusu verməməyi qərara alıb.

Baş nazirin dedikləri

Kütləvi etirazlarla qarşılaşan Gürcüstan hökuməti nümayişçilərə qarşı zorakılıq tətbiq etsə də, martın 10-da ziddiyyətli qanun layihəsindən imtina etməyə məcbur oldu. Bu həm də Z nəsli və ya zumerlər kimi tanınan yeni Gürcüstan gəncliyinin rolu sayəsində mümkün oldu. Onlar ölkələrinin qərbyönlü trayektoriyada qalmasında maraqlıdırlar.

Nümayişçilərin evlərinə getməsindən sonra, martın 12-də Baş nazir İrakli Qaribaşvili hökumətyönlü İmedi telekanalına deyib ki, ekstremistlər ölkədə sabitliyi pozmağa çalışırdılar. O, Franklin Klubunu (və təkcə onları deyil) “anarxist qrup” adlandırıb.

"Onların birbaşa vəzifəsi xüsusi qüvvələr, polislə qarşıdurmaya girmək, onları Molotov kokteylləri ilə təxribata çəkmək idi. [Onlar] satanist uniforması geyinmişdilər. Mən onların üzlərini göstərmək istəmirəm, ancaq burada baş verənlər qorxuncdur”,
– Qaribaşvili deyib.

İki gün sonra “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze də mart yürüşlərinə "ekstremist gənc siyasi qrupların çıxdığını” deyib. Martın 14-də Tbilisidə mətbuat konfransında danışan Kobaxidze “xarici təsir agentləri” qismində adını çəkdiyi həmin qruplar arasında ABŞ-nin “Atlas Network” şəbəkəsindən maliyyə alan Franklin Klubunun da olduğunu deyib.

Çavçavadzenin müdafiə etdiyi dəyərlər...
Franklin Klubunun təsisçilərindən biri Rezi Topuria AzadlıqRadiosu-nun gürcü xidmətinə deyib ki, təşkilata qarşı qarayaxma artıq 2022-ci ilin noyabrında mediaya çıxmağa başlayıb. O deyib ki, “Asaval Dasavali” adlı bulvar qəzeti klubu “Mason lojası” adlandırıb. Onun sözlərinə görə, bundan sonra hökumətyönlü “İmedi” telekanalı qrupun 100 milyon dollarlıq büdcəyə malik olduğunu iddia edib.

"Bizim milyonlarla dollarlıq maliyyəmizin olmadığı və anarxo-satanist qrup olmadığımız aydındır”,
– Topuria gülərək deyir.

Topuria il yarım bundan öncə təsis edilmiş Franklin Klubunun azadlıq və digər klassik liberal dəyərlərin təbliği məqsədilə yaradıldığını söyləyir. "Qısaca, Amerikada Bencamin Franklinin, Gürcüstanda isə İlya Çavçavadzenin müdafiə etdiyi dəyərləri”, – Topuria vurğulayıb. Çavçavadze XIX əsrdə Gürcüstanın milli dirçəlişinə töhfə verən şair və yazıçıdır.

Franklin Klubu öz mesajlarıını yaymaq məqsədilə 10, 11 və 12-ci sinif şagirdləri üçün azadlıq, iqtisadiyyat, fundamental hüquqlar və s. mövzularda mühazirə və seminarlar təşkil edir. Görüşlər Franklin Klubuna sponsorluq edən Gürcüstan Universitetinin təqdim etdiyi auditoriyada keçirilir.

Franklin Klubunun ilk mühazirəsinə 30 tələbə gəlmişdisə, bu gün klub tədbirlərinə gəlmək istəyən vətəndaşların sayı o qədər çoxdur ki, hamıya yer çatmır. Topurianın sözlərinə görə, hazırda klubun 2 minədək gənc üzvü var.

Ümumi büdcənin “10-15 faizə qədəri”

Franklin Klubu Gürcüstanda hakim partiyanın narahat olduğu tək şey deyil. 150 üzvü olan parlamentin bəzi deputatları məclisdə antiqərb ədəbiyyatının paylandığı haqda danışıblar. Kitablardan birinin adı “Lüsiferi ifşa etmək” adlanır. Onun üz qabığında qırmızı, şeytan üzlü Azadlıq heykəli təsvir olunub.

Klubun maliyyələşməsinə gəlincə, Topuria “Atlas Network”dən iki qrant aldıqlarını deyir. “Atlas Network”ün saytında onun “fərdi azadlıqları təbliğ edən və insan inkişafı qarşısındakı maneələri müəyyənləşdirib aradan qaldıran müstəqil tərəfdaş təşkilatlarla” işləməklə “dünyada rifahı artırmaq” məqsədi daşıdığı yazılıb. Topurianın sözlərinə görə, bu qurumdan alınan qrantların ümumi məbləği Franklin Klubunun büdcəsinin "10-15 faizə qədərini” təşkil edir.

“Gürcü arzusu” partiyasının sədri Kobaxidze Franklin Klubunu dəstəklədikləri üçün Gürcüstan Universiteti və Tbilisidəki başqa bir özəl universiteti – Azad Universiteti də hədəfə alıb. O, sadəlövh gürcü gənclərinin siyasi aktivizmə cəlb edilməsindən gileylənib.

Gürcüstan Universitetinin rektoru Koka Tofuria deyib ki, hökumət sadəcə, “universitet və onun tələbələrini gözdən salmaq” istəyir.

Valideynlər sosial mediada kampaniyaya başlayıb

Franklin Klubunun seminar və dərslərinə gedən uşaqların valideynləri sosial media kampaniyasına başlayaraq onun zərərli qrup olması anlayışını məsxərəyə qoyublar.

"Bu mənim 15 yaşlı oğlumdur, Franklin Klubunun məzunu və ... ölkənin baş nazirinin dediyinə görə anarxist və satanistdir”,
– Keti Bojqua adlı ana “Facebook”da oğlu Laşanın əlində sertifikat olan şəklini paylaşaraq yazıb.

Giorgi Saitidze daha bir franklinçidir (klub üzvləri zarafatyana özlərini belə adlandırırlar). O, klubda dostları ilə birlikdə düşünməyi, təhlil etməyi və sual verməyi öyrəndiklərini yazıb.

"Biz qeyri-formal təhsil alırıq. Buraya bizim məktəbdə heç yaxınına getmədiyimiz bütün mövzular da daxildir”,
– o deyir.

Topuria deyir ki, etirazlar hələ də bir çox siyasətçilərin Moskvaya tərəf baxdığı mühafizəkar ölkədə gənc gürcülərin gücünü göstərdi.

"Onlar heç nədən qorxmayan, beyni qapalı olmayan, ən əsası isə onlara rəhbərlik etmək üçün məsihə ehtiyacları olmayan Z nəslinin gücünü əməldə gördülər”, –
o deyir.

Print