Marneuli Bələdiyyə Məclisi üçün yeni bina tikiləcək
Marneuli yerli özünüidarəsi Bələdiyyə Məclisi üçün yeni binanın tikilməsini planlaşdırır. Marneuli meriyası yeni binanın tikintisi ilə bağlı smeta sənədlərinin olunması üçün 22 mart tarixində tender elan edib. Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Bələdiyyə Məclisi üçün yeni binanın tikintisinə bələdiyyənin qanunvericilik orqanı işçilərinin sayının çox olması səbəb olub.

“Tenderi ona görə elan etdik ki, otaqlara yerləşmirik. Özünüz də görürsünüz, kabinetlərdə bir nəfər əvəzinə beş-altı nəfər oturur, yer yoxdur. Həm də binada yerləşən MMC-lər də yeni binaya keçəcək, bütün MMC və qeyri-kommersiya təşkilatları oraya keçəcək. İndi olduqları bina qəzalıdır. O, sökülməlidir və qərar verdik ki, onun yerində Bələdiyyə Məclisi binası tikilsin. Bu yəqin bir ildən sonra olacaq”, – Amiran Qiorqadze bildirdi.

Marneuli Bələdiyyə Məclisi sədrinin sözlərinə görə, Bələdiyyə Məclisi Aparatında 40 nəfər işçi var, buraya Bələdiyyə Məclisinin üzvləri, komissiya sədrləri və müavinləri də əlavə olunur. O, bildirir ki, məhz buna görə Bələdiyyə Məclisi üçün yeni binanın tikilməsinə ehtiyac yaranıb. Qiorqadzenin sözlərinə görə, meriya indiki mərhələdə yalnız Bələdiyyə Məclisi binasının smeta sənədlərinin tərtib edilməsini planlaşdırır. Tikinti işləri üçün isə vəsait 2024-cü ilin büdcəsindən ayrılacaq.

Marneuli yerli özünüidarəsi Bələdiyyə Məclisi binasının smeta sənədlərinin tərtib edilməsi xidməti üçün 42 000 lari xərcləməyi planlaşdırır.

Bələdiyyə Məclisinin yeni binası Marneuli İctimai Kitabxanasının ərazisində tikiləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google