“SOCAR Georgia Petroleum” şirkətinin Baş icraçı direktoru Nodar
Kançaveli Gürcüstanın Azərbaycandan yanacaq idxalını minimuma
endirməsinin səbəbini açıqlayıb.
Nodar Kançaveli “BusinessPressNews”a açıqlamasında bildirib ki, bu,
Bakıda Neft Emalı Zavodunda ötən ilin martında başladılan
modernzasiya işləri ilə əlaqədardır.
Onun sözlərinə görə, Gürcüstan assosiasiya sazişinə uyğun olaraq
yanvarın 1-dən Avro-5 dizel standartına keçdiyindən hazırda
Azərbaycandan dizel yanacağı tədarükü dayandırılıb.
Nodar Kançaveli Gürcüstanın bu ilin mayından etibarən Azərbaycandan
ən yüksək standartlı yanacaq qəbul edə biləciyini qeyd edib.
“Biz dəqiq tarixi qarşıdakı həftələrdə biləcəyik”, -
deyə o, əlavə edib.
Baş icraçı direktor bu vaxtadək Avro-4 standartlı yanacaq ixrac
edən Azərbaycanın Gürcüstanın dizel topdansatışı bazarındakı
payının 40% təşkil etdiyini bildirib.
Qeyd edək ki, Gürcüstan 2020-ci ilin 1 yanvarından etibarən Avro 5
dizel standartına keçməli idi. Lakin biznesin və idxalçıların
müraciəti əsasında hökumət qərara iki dəfə bir illik moratorium
tətbiq edib.
Qanunun 1 yanvar 2023-cü il tarixində qüvvəyə minməsindən sonra
Gürcüstanın Rusiyadan yanacaq asılılığı 70%-dək artıb.
Gürcüstan Milli Statistika İdarəsinin hesabatına əsasən Gürcüstan
2022-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycandan 27,450
milyon dollar dəyərində 36 879 ton neft məhsulları alıb. Bu ilin
ilk iki ayı ərzində isə Gürcüstan Azərbaycandan yanacaq idxalı
illik ifadədə 15 dəfə azalaraq cəmi 1,9 milyon dollar təşkil
edib.