Abxaziyanın qondarma xarici işlər naziri İnal Ardzinba Ermənistanın
baş naziri Nikol Paşinyanın Ermənistanın Dağlıq Qarabağı
Azərbaycanın ərazisi kimi tanımağa hazır olduğu bəyanatını faciə
adlandırıb.
“Cəmi bir neçə il əvvəl Ermənistanın baş nazirinin belə bir söz
deyəcəyini təsəvvür edə bilməzdik. Bundan başqa, 1992-ci ildə
Ermənistan Ali Soveti qərar qəbul edib ki, Dağlıq Qarabağın
Azərbaycanın ərazisi hesab edildiyi hər hansı daxili və ya
dövlətlərarası normativ-hüquqi aktın Ermənistan Respublikasında
qəbul edilməsinə icazə verilmir. Belə çıxır ki, baş nazir
Paşinyanın bəyanatı bu qətnaməyə ziddir. Bu, görünməmiş bir
bəyanatdır. Biz çox sərt geosiyasət dövründə yaşayırıq. Dağlıq
Qarabağla bağlı baş verənlər geosiyasi konsensusun nəticəsidir. Nə
qədər insan öldü və nəticənin nə olduğunu nəzərə alsaq, nəticələr
kifayət qədər faciəli ola bilər və Dağlıq Qarabağla baş verənlər
faciədir”, - Ardzinba bildirib.
Mayın 22-də Nikol Paşinyan bəyan edib ki, Ermənistan Dağlıq Qarabağ
əhalisinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi təminatlarını
aldıqdan sonra Qarabağla yanaşı Azərbaycanın ərazi bütövlüyünü də
tanımağa hazırdır. Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın bir
hissəsi kimi tanıması Ermənistanda və Dağlıq Qarabağda narazılığa
səbəb olub.