Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin I müavini
Romeo Mikautadze ilə görüşərək onunla iki ölkə arasında bütün
sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq əlaqələrini
müzakirə edib.
Məlumata görə, görüşdə ölkələrimizin birgə iştirakı ilə həyata
keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz
Dəhlizi kimi strateji layihələrin regionun iqtisadi inkişafını
gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə mühüm
töhfə verdiyi qeyd edilib.
Ötən ilin dekabrında “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan
hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi
sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in əməkdaşlıq üçün
yeni imkanlar açdığı diqqətə çatdırılıb.
Görüş çərçivəsində SOCAR-ın Gürcüstandakı çoxşaxəli fəaliyyətindən
danışılıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.