Milli Qiymətləndirmə və İmtahan Mərkəzi 1+4 proqramı ilə imtahan
verən abituriyentlərin imtahan nəticələrini dərc edib.
Daşlı Qullar (Muxrana) kənd sakini Fiyalə Novruzova da qəbul
olanlar arasındadır. O, ümumilikdə 62 bal toplayıb. Fiyalənin
sözlərinə görə, imtahana düşən suallar elə də çətin olmayıb və o,
yaxşı çalışdığı üçün yüksək nəticə əldə edə bilib.
"Ümumi olaraq 62 bal topladım. 39-u riyaziyyatdan, 23 bal
isə məntiq hissəsindən. Hazırlıqlar yaxşı keçdi. Demək olar ki,
Elvir müəllimin sayəsində bu qədər böyük bal toplaya bildim.
Həqiqətən də Elvir müəllimin uşaqlara böyük köməyi dəydi. Suallar
elə də çətin deyildi. Riyazi hissə elə də çətin deyildi, amma
məntiqdən çox gözləyirdim, az gəldi. Məntiq hissəsi bir az çətin
idi. Biznesin idarə olunması sahəsində oxumaq istəyirəm. Buna görə
də ilk olaraq İlia Universitetini yazmışam. Mənə İlianı tövsiyə
etdilər, dedilər ki, İlia yaxşıdır, mən də bunu
seçdim".
18 yaşlı Günel Gülməmmədli Qasımlı kəndindəndir. O, milli
imtahanlardan 63 bal toplayıb. Günel deyir ki, o, öz hazırlıq
müəlliminin sayəsində bu nəticəni əldə edə bilib. Hazırlıq vaxtı
yaşadığı bir sıra problemlərə baxmayaraq Gülməmmədova bu gün
istədiyi balı topladığını bildirir.
"İmtahan mənə asan gəldi. Bunun nəticəsində də məntiqdən
25, riyaziyyatdan 37 bal yığdım. Əlbəttə ki, Elvir və Rahidə
müəllimin sayəsində bu qədər bal yığa bildim. Mən aşağı nəticə
fikirləşirdim. Amma mənim üçün yaxşı nəticə oldu. Elvir müəllim
mənə dedi ki, səndən yaxşı nəticələr gözləyirəm. Amma mən o qədər
də gözləmirdim. Yaxşı nəticə oldu. Mən ya Cavaxişvilini, ya da İlia
Universitetini fikirləşirəm. İlk olaraq Cavaxişvilini yazmışam.
Peşə olaraq isə psixologiyanı oxumaq istəyirəm. Hazırlığa gedib
gəlmək uzaq idi. Hətta nəqliyyat problemi də var idi. Amma buna
baxmayaraq, təhsilimi yarımçıq qoya bilməzdim".
Yuxarı Saral kənd sakini Qocayev Fərid deyir ki, hələ 11-ci sinfə
keçib. İmtahana qatılmaq onun öz qərarı olub və bəxtini sınamaq
istəyib. O, bu gün nəticələrlə tanış olub və 62 bal topladığını
görüb. Qocayev üçün topladığı bal gözlənilməz olub.
"Müəllimim dedi ki, sən yaxşı oxuyursan. Buna görə də özümü
sınamaq üçün İmtahana getdim. İmtahandan 62 bal topladım. Əslində
bu qədər bal gözləmirdim. Məntiqdən 23 bal yığdım. Amma o qədər
gözləmirdim. Məntiq bir az çətin idi. Amma riyaziyyat çox asan idi.
Sadəcə çalışmaq lazımdır və fikrini hazırlığa
yönləndirməlisən”.
Repetitor Elvir Həsənov “Marneuli” radiosu ilə öz təəssüratlarını
bölüşdü. O, bu il də hər il olduğu kimi bir çox tələbəsinin yüksək
bal toplayaraq ali təhsil ocaqlarına qəbul olduğunu deyir. 8 il
ərzində 1000-dən çox tələbəsinin imtahanda yüksək nəticə əldə
etdiyini deyən Həsənov bildirdi ki, repetitorluq onun həyatının
əsas hissəsidir və o, bu işi sevərək yerinə yetirir.
“8 ildir, tələbələr hazırlayıram. 8 il ərzində 1000
nəfərdən çox şagirdim tələbə statusunu qazanıbdır. Sadəcə bu il 200
nəfərlik icmamız tələbə statusunu qazandı. Öz xüsusi proqramımı
tətbiq edirəm. İllərdir, sevdiyim işi gördüyüm üçün mənə və
şagirdlərimə imtahan çətin gəlmir. Düşünürəm ki, bir işdə
müvəffəqiyyətli olmaq üçün, gördüyün iş üzrə sadəcə mütəxəssis
olmaq deyil, həm də o işi sevərək görmək lazımdır. Bu il də hər il
olduğu kimi, kifayət qədər qrant əldə etmiş tələbələrimiz
var”.
Məlumat üçün bildirək ki, bu il etnik azlıq nümayəndələri, həmçinin
azərbaycandilli abituriyentlər üçün nəzərdə tutulmuş ümumi
qabiliyyət imtahanı 18 iyul tarixində keçirilib.