İki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra
Bolnisi rayonunun Babakişilər (Potsxveriani) kəndinin sakinləri
aksiya keçiriblər və mərkəzi yollarına tramplin qoyulmasını tələb
ediblər.
Sakinlərin
24News.ge-yə verdikləri müsahibələri zamanı
bildiriblər ki, həmin ərazidə tez-tez qəzalar baş verir.
"Asfalt çəkilən gündən ziyanlıq görürük. Yolu ensiz
çəkiblər. Fakt ziyanlıq gördük. İki gözəl, günahsız adam getdi.
Nəyə görə? Sürətli sürməyin ucbatından. Tələbimiz odur ki, kəndin
girişinə və çıxışına video kameralar qoyulsun. Tramplin qoysunlar.
Bir dənə yol işarəsi yoxdur. O dərəyə neçə dənə maşın düşüb. Yolu
bilməyənlər dərəyə düşüb. Bir dəfə də iki qadın
öldü", – kənd sakinləri bildiriblər.
Sakinlərin şikayətinin nəzərə alınıb-alınmayacağı ilə bağlı icra
nümayəndəsi Elmxan Hacıyevlə əlaqə saxladıq. O, "Marneuli"
radiosuna bildirdi ki, məsələ ilə bağlı Bolnisi merinin məlumatı
var. Sadəcə yerli sakinlər meriyaya ərizə ilə müraciət
etməlidirlər.
"Hələ ki ərizə yazılmayıb. Şifahi merin özünə deyilib.
Mer yas mərasimində iştirak edirdi. O zaman kənd camaatı tramplinin
qoyulması istəklərini merə dedilər. O, da ola bilər – dedi. Kənd
camaatı 10 nəfərlə Bolnisi meriyasına gəlsin. Kollektiv şəkildə
onların adı ilə merə ərizə yazılsın".
24News.ge-nin yazdığı xəbərə görə, 9 fevral tarixində Babakişilər
kəndində yüksək sürətlə hərəkətdə olan "Toyota Prius" markalı
avtomobil kənd sakini 65 yaşlı Mətləb Novruzovun idarə etdiyi "Vaz
2107" markalı avtomobilə çırpılıb. Nəticədə "Vaz 2107" markalı
avtomobilin sürücüsü Mətləb Novruzov və avtomobildə olan onun həyat
yoldaşı Tamilə Novruzova həyatlarını itiriblər.
Bundan sonra əhali yolda tramplinin qoyulmasını tələb ediblər.
Əhali qeyd edib ki, Darvaz və bir neçə kəndin avtomobilləri
Babakişilərin mərkəzi yolundan istifadə edirlər. Avtomobillər kənd
yolundan yüksək sürətlə hərəkət edir. Bu da tez-tez qəzaların baş
verməsinə səbəb olur.