Xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına, habelə
Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya
Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların
sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq
olunub.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat
yayıb.
Bildirilib ki, AQTA Gürcüstanın Aşağı Kartli regionunda
xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını
nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux
rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi
xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər
keçirib.
Cari ilin 13-29 mart tarixlərində keçirilmiş monitorinqlər zamanı
sözügedən sərhədyanı rayonlara aid təsadüfi seçim üsulu ilə təyin
edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer
təsərrüfatlarında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845
diaqnostik nümunələr götürülüb, eyni zamanda ev heyvanları ilə
yanaşı, rayonlardakı təbiət
ərazilərində vəhşi heyvanlar arasında
da klinik müşahidələr aparılıb.
Götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun
Mərkəzi Baytarlıq Laboratoriyasında və Göygöl Regional Sınaq
Laboratoriyasında müayinə edilib. Laborator müayinələrin və ümumi
epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin
törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan heyvana
rast gəlinməyib. Nümunələr xırdabuynuzlu heyvanların çiçək
xəstəliyinə görə də laborator müayinələrə cəlb olunub və yoluxmaya
şübhəli hal rast gəlinməyib.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon Heyvan
Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii
Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması
Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
mütəxəssisləri iştirak ediblər.
"Əlavə olaraq bildiririk ki, xırdabuynuzlu heyvanların
Gürcüstan ərazisindən Azərbaycan Respublikasına idxalına, habelə
Azərbaycan Respublikasının ərazisindən keçməklə tranzit daşınmasına
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan
heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti
məhdudiyyət tətbiq olunub", - deyə məlumatda
vurğulanıb.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.