Gürcüstanın Xalq Müdafiəçisi bəyanat yayıb və Parlamenti "rus
qanununu" bu formada qəbul etməkdən imtina etməyə çağırıb.
Ombudsmanın sözlərinə görə, əgər məqsəd Gürcüstan üçün nəzərdə
tutulan xarici yardım axınının şəffaflığını və qəbul edən
təşkilatların hesabatlılığını artırmaqdırsa, bu məqsədə təqdim
olunan qanun layihəsində və ya mövcud qanunvericilikdə
dəyişikliklər etməklə nail olmaq olar. Xalq Müdafiəçisi bu il
aprelin 11-də ictimai
mövqeyini ictimaiyyətə ətraflı şəkildə təqdim
edib.
“İctimai müdafiəçi vurğulayır ki, Gürcüstan
Parlamentinin qəbul etdiyi bütün qanunlar bizim Avropa arzularımıza
uyğun olmalı, tərəfdaşlarla münasibətlərə və ölkəmizin Avropaya
inteqrasiya prosesinə xələl gətirməməlidir.
Həm qanun layihəsinin adı, həm də layihədəki bir sıra qeydlər
problemlidir ki, bu da qanunun ünvançılarının təhqirinə çevrilə
bilər. Eyni zamanda, layihə vətəndaşlar haqqında külli miqdarda
fərdi məlumatların toplanması və açıqlanması riskini daşıyır ki, bu
da şəxsi toxunulmazlıq hüququnun pozulmasına zəmin
yaradır”, - deyə İctimai Müdafiəçi bildirir.
Ombudsman qeyd edir ki, qanun layihəsinə yenidən baxılması
Gürcüstan vətəndaşlarının təxminən bir aydır davam edən etirazı
fonunda keçirilir:
“Bütün bunları nəzərə alaraq, Gürcüstanın Xalq
Müdafiəçisi bir daha Gürcüstan Parlamentini təqdim olunan qanun
layihəsinə və ya mövcud qanunvericiliyə dəyişikliklər etməklə
şəffaflıq məqsədinə nail olmağa və Gürcüstanın şəffaflıq haqqında
qanununu bu formada qəbul etməkdən imtina etməyə
çağırır", - Xalq Müdafiəçisi bildirir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.