Nərimanov 1 ünvanında yerləşən binanın sakinləri artıq iki ildir
ki, qəzalı vəziyyətdə olan binada yaşayırlar.
Binada dördüncü mərtəbənin eyvanı 2022-ci ilin 26 iyun tarixində
uçmuşdu və nəticədə iki qadın dünyasını dəyişmişdi.
Eyvanların uçmasından sonra Marneuli meriyası yaşayış binasını
araşdırdı. Ekspertlərin nəticəsinə əsasən, Nərimanov 1 ünvanında
yerləşən bina qəzalı vəziyyətdədir və orada yaşamaq təhlükəlidir.
Buna baxmayaraq, hələ
də binada bərpa işləri aparılmayıb.
Eyvanların uçması nəticəsində Raya Əliyeva dünyasını dəyişmişdi. O,
Nərimanov 1 ünvanındakı binada, beşinci mərtəbədə yaşayırdı.
Rayanın övladı Akif Bayramov “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, iki il ərzində yerli özünüidarədən vədlər alıb, amma
bina indiyə qədər hələ də bərpa olunmayıb.
“Əvvəl olduğu kimi də qalıb. Bir neçə dəfə meriyaya
danışmaq üçün getdim. Sadəcə dedilər ki, gözləyirik, yaxın
vaxtlarda düzəldiləcək, çalışacağıq nə isə edək. Dedilər ki, təmir
etməyəcəklər, yenisini tikəcəklər. Amma hələ də heç nə etməyiblər.
Mən də artıq bu qədər getməyə utanıram, nəticə də yoxdur. Artıq
getməkdən bezmişəm”.
Akif bildirir ki, onun yaşadığı bina uçur və buna görə qonşuların
bir qismi artıq binanı tərk ediblər.
“Bina uçur, artıq həqiqətən uçur, elə vəziyyətdədir.
Artıq neçə qonşu gedib. Kimin başqa evi var, köçdü. Bizim korpusda
artıq 3 ailə burada yaşamır. Mənim başqa evim yoxdur və yenə də
burada yaşamalı oluram”, – Akif Bayramov
bildirir.
“Marneuli” radiosu bir aydan artıqdır ki, Marneuli meriyasının
Nərimanov 1 ünvanında yerləşən binanın tikintisi üçün hansı işləri
həyata keçirməyi planlaşdırdığını aydınlaşdırmağa çalışır. 12 aprel
tarixində meriyaya rəsmi məktubla müraciət etdik. Çünki bizə
dedilər ki, məsələ genişdir və şifahi şərh verə bilməzlər. 12 aprel
tarixindən rəsmi məktuba cavab gözləyirik, amma meriya hələ də
susur. İnfrastruktur xidmətindən bildirirlər ki, bu onların
səlahiyyətinə daxil deyil, Statistika və İnformasiya Xidmətindən də
deyirlər ki, Nərimanov 1 ünvanındakı bina haqqında məlumatları
yoxdur. İctimaiyyətlə Əlaqələr Şöbəsi isə məsələni araşdıracağını
vəd edir.
Marneuli meri və meriyada işləyən dövlət məmurlarının bir qismi
dünən, 14 may tarixində Gürcüstan Parlamenti tərəfindən “rus
qanunu”-nun qəbul edilməsini sevinclə qarşıladılar.
“Avropa daha çox şəffaflıqdır!” –
Marneuli meri Kənan Ömərov yazır. Amma bir aydan artıqdır ki,
Nərimanov 1 ünvanındakı binada yaşayan vətəndaşların iki ildir,
qəzalı vəziyyətdə olan binada qorxu içində niyə yaşadıqlarına cavab
verə bilmir.
Marneuli meriyası 2022-ci ilin 26 iyun tarixində, eyvanlar uçduqdan
sonra bina sakinlərini mehmanxanaya köçürdü. Nərimanov 1 ünvanında
yaşayan 28 nəfər bir neçə həftə ərzində mehmanxanada qaldılar.
Meriya bunun üçün “Qafqaz”-a 110 200 lari ödədi. Eyvanı uçmuş
binanın vəziyyətini Levan Samxarauli adına Milli Məhkəmə
Ekspertizası Bürosu araşdırdı. Onların nəticəsinə əsasən, binada
bərkitmə-gücləndirmə işlərinə ehtiyac var və onun eyvanlarından
istifadə etmək təhlükəlidir. Buna baxmayaraq Nərimanov 1
ünvanındakı bina sakinləri binaya geri qayıtdılar. Binanın bərpası
üçün özünüidarə 2022-ci ilin 18 noyabr tarixində 2 121 737 lari
dəyərində tender elan etmişdi, ancaq tenderdə heç bir şirkət
iştirak etməmişdi. Buna görə də tender baş tutmadı. Marneuli
meriyası 2023-cü ilin büdcəsindən eyvanları uçmuş binanın bərpası
üçün 1 715 500 lari ayırmışdı. Amma bina ötən il də təmir
olunmayıb. 2024-cü ildə Nərimanov 1 ünvanındakı bina üçün büdcədə
ayrıca maddə ayrılmayıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.