Bazar günü Rusiyanın ucqar Kamçatka yarımadasında turist
helikopterinin qəzaya
uğramasından sonra xilasedicilər 17 cəsəd tapıb.
Helikopter göyərtəsində 22 nəfər, o cümlədən 19 turist və 3 ekipaj
üzvü ilə qəzaya uğrayıb.
Regional hakimiyyət orqanlarının məlumatına görə, Kamçatkada
yerləşən “Vityaz-aero” şirkətinin idarə etdiyi helikopter şənbə
günü havaya qalxdıqdan qısa müddət sonra yoxa çıxıb.
Rusiya Fövqəladə Hallar Nazirliyi
qalan sərnişinlərin tapılması
istiqamətində işlərin davam etdiyini bildirib. Helikopterdə
olanların hamısının öldüyü ehtimal edilir.
Rusiya dövlət xəbər agentliyi RİA Novosti Fövqəladə Hallar
Nazirliyinə istinadən xəbər verib ki, qəzaya görmə qabiliyyətinin
zəif olması və əlverişsiz hava şəraitinin səbəb olduğu güman
edilir.
Kamçatkanın qubernatoru Vladimir Solodov Telegram-da yayımladığı
videoda bildirib ki, vertolyot bazar günü səhər tezdən dağlıq
ərazidə 900 metr yüksəklikdə aşkar edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı hava görüntülərində
meşəlik təpənin zirvəsinə yaxın bir yamacda dağıntılar görünüb.
Nazirlik qeyd edib ki, təyyarə radarlardan itdiyi yerə yaxın
ərazidə aşkarlanıb.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, o,
Vaçkajets vulkanı yaxınlığında havaya qalxıb, lakin təyinat yerinə
çata bilməyib.
Nazirlik rəsmisi İvan Lemixov "Hazırda biz artıq 17 cəsəd tapmışıq"
deyərək əlavə edib ki, “xilasedicilər düşərgə qurub və axtarışlar
səhər açılana kimi dayandırılıb”.
Sovet istehsalı olan iki mühərrikli vertolyot Mi-8 adətən qəzaların
tez-tez baş verdiyi Rusiyanın girişi çətin olan uzaq şərq
bölgəsində nəqliyyat üçün istifadə olunur.
2021-ci ilin avqustunda Kamçatkada Mi-8 helikopteri zəif görüntü
səbəbindən gölə düşüb və 16 sərnişindən 8-i həlak olub. Həmin ilin
iyulunda yarımadada baş verən təyyarə qəzasında göyərtəsində olan
28 nəfərin hamısı həlak oldu.
Şənbə günü baş verən qəzanın səbəbi araşdırılır.