ABŞ və Böyük Britaniyanın sanksiyalar tətbiq etməsindən sonra
Gürcüstanın baş naziri
İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Gomelaurini
vitse-premyer təyin edib. Hökumət administrasiyasının mətbuat
xidmətinin məlumatına görə, müvafiq sərəncam bu gün, 20 dekabr
tarixində imzalanıb.
"
Baş nazir daxili işlər naziri Vaxtanq Gomelaurini
Gürcüstanın vitse-premyeri təyin etdi. Müvafiq sərəncamı bu gün
İrakli Kobaxidze imzaladı," – deyə mətbuat xidmətinin
yaydığı
məlumatda qeyd olunur.
Bu qərardan sonra Gürcüstan hökumətində üç vitse-premyer
olacaq:
Birinci vitse-premyer və iqtisadiyyat naziri – Levan
Davitaşvili,
Müdafiə naziri – İrakli Çiqovani,
Daxili işlər naziri – Vaxtanq Gomelauri.
Dünən, 19 dekabr gecə məlum oldu ki, ABŞ, illərlə Gürcüstanın əsas
strateji tərəfdaşı olaraq, daxili işlər naziri Vaxtanq Gomelaurini
və Xüsusi Tapşırıqlar Departamentinin direktoru, sanksiya
siyahısında olan Zviad Xarazişvilinin ("Xarabe") müavini Mirza
Kezevadzeni sanksiyalar siyahısına daxil edib. Hər iki şəxs qlobal
Maqnitski siyahısına salınıb.
Bundan bir neçə saat əvvəl isə Böyük Britaniya və Şimali
İrlandiyanın Birləşmiş Krallığı daxili işlər naziri Vaxtanq
Gomelaurini və nazirliyin daha dörd yüksək vəzifəli şəxsini
sanksiyalar siyahısına saldı.
Böyük Britaniya hökumətinin açıqlamasına görə, bu şəxslər
jurnalistlərə və dinc nümayişçilərə qarşı zorakı hücumlarda
məsuliyyət daşıyırlar.
Sanksiya siyahısına daxil edilənlər:
Vaxtanq Gomelauri – daxili işlər naziri,
Aleksandre Daraxvelidze – DİN-nin birinci müavini,
Sulxan Tamazaşvili – Tbilisi Polis İdarəsinin direktoru,
Zviad Xarazişvili ("Xarabe") – Xüsusi Tapşırıqlar Departamentinin
rəisi,
Miller Laqazauri – Xüsusi Tapşırıqlar Departamentinin rəisinin
müavini.
Bu gün, 20 dekabr tarixində Gürcüstanda avropayönümlü etiraz
aksiyaları artıq 23-cü gündür ki, davam edir. Etirazlar zamanı
polis əməkdaşları həm həbs anında, həm də həbslərdən sonra çoxsaylı
şəxslərə qarşı zorakılıq tətbiq ediblər. Jurnalistlər də hücumlara
məruz qalıb.
Ombudsman bildirir ki, onun nümayəndələri 28 noyabrdan 16 dekabra
qədər klinikalarda və təcridxanalarda 362 nəfəri ziyarət ediblər.
Onlardan:
227 nəfər qeyri-insani rəftara məruz qaldığını bildirib,
158 nəfərdə görünən xəsarətlər müşahidə olunub.