ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə
danışdığını və Ukraynadakı müharibənin
başa çatdırılması istiqamətində irəliləyiş əldə etdiklərinə
inandığını bildirib.
"Putinlə belə bir söhbətim olub... Mən daha çox belə
danışıqlar aparmağı gözləyirəm. Biz bu müharibəni
bitirməliyik", – Tramp Nyu-Orleanda keçirilən Amerika
futbolu çempionatı – "Super Bowl"a gedərkən təyyarədə jurnalistlərə
bildirib.
"Əgər biz danışıqlar aparırıqsa, bu barədə sizə məlumat
vermək istəmirəm. Amma inanıram ki, irəliləyiş əldə edirik. Biz
Ukrayna-Rusiya müharibəsini dayandırmaq istəyirik", –
o əlavə edib. Tramp danışıqların inauqurasiyasından əvvəl, yoxsa
prezidentliyə başladıqdan sonra keçirdiyi barədə məlumat
verməyib.
ABŞ dövlət başçısı administrasiyasının ukraynalı rəsmlərlə də
təmasda olduğunu bildirib:
"Biz hər iki tərəflə də
danışırıq".
Prezident Trampın bu açıqlamaları Rusiya-Ukrayna müharibəsi ilə
bağlı diplomatiyada mühüm bir həftənin başlanğıcına təsadüf
edir.
Fevralın 14-də başlayacaq Münhen Təhlükəsizlik Konfransı
çərçivəsində Ağ evin Rusiya və Ukrayna üzrə əsas nümayəndəsi Kit
Kelloqun, həmçinin ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Zelenski
ilə görüşlər keçirəcəyi gözlənilir. Dövlət katibi Marko Rubio və
müdafiə naziri Pit Heqset isə Münhendə olacaqlar.
Tramp müharibəni bitirəcəyinə söz versə də, bunu necə edəcəyinə
dair hələ ictimai şəkildə detallı plan təqdim etməyib.
Fevralın 8-də "The New York Post" tərəfindən dərc olunan müsahibədə
Tramp ilk dəfə Putinlə danışdığını bildirib. Lakin o, söhbətin nə
vaxt baş verdiyini açıqlamayıb və əlavə təfərrüat verməyib.
Kremlin sözçüsü Dmitri Peskov isə buna münasibət bildirərkən iki
liderin danışmış olmasının mümkün olduğunu və bu barədə xəbərlə
tanış olduğunu deyib.
"Vaşinqton administrasiyası fəaliyyətini davam
etdirərkən müxtəlif formatlarda təmaslar baş verir və bu, müxtəlif
kanallar vasitəsilə aparılır", – Peskov fevralın 9-da
jurnalistlərə bildirib.
"Təbii ki, bu çoxsaylı təmasların fonunda mən şəxsən
bəzi məsələlərdən xəbərdar olmaya və ya məlumatım olmaya bilər.
Buna görə də bu barədə nə təsdiq, nə də təkzib verə
bilərəm", - Putinin mətbuat katibi bildirib.
Fevralın 10-da Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin
isə dövlət mediasına açıqlamasında Moskvanın danışıqlar aparmağa
əsas verəcək qədər ciddi heç bir təklif almadığını bildirib.
Prezident Tramp fevralın 7-də bildirib ki, yaxın zamanda Zelenski
ilə görüşə bilər. O, təfərrüat verməsə də, görüşün Vaşinqtonda
keçirilə biləcəyini qeyd edib və əlavə edib: "Mən Kiyevə
getməyəcəyəm".
Ukrayna prezidenti Zelenski isə Trampın Putinə təzyiq göstərərək
müharibəyə son qoya biləcəyinə inandığını bildirib.
Fevralın 7-də Britaniyanın ITV telekanalına verdiyi müsahibədə
Zelenski Ukrayna və Rusiya arasında danışıqların mümkün olduğunu,
lakin bunun yalnız Qərbin Kiyevə dəstəyini davam etdirdiyi təqdirdə
reallaşa biləcəyini vurğulayıb.
"Əgər ABŞ və Avropanın bizi tərk etməyəcəyinə, dəstək
və təhlükəsizlik zəmanətləri verəcəklərinə əmin olsam, o zaman
istənilən formatda danışıqlara hazır olaram", –
Zelenski bildirib.
Rusiya parlamentinin beynəlxalq məsələlər komitəsinin sədri Leonid
Slutski dövlət mediasına açıqlamasında Tramp-Putin görüşünün
hazırlanmasının irəliləmiş mərhələdə olduğunu və fevral və ya mart
aylarında baş tuta biləcəyini bildirib. Lakin Kreml bu məlumatı
təsdiqləməyib.
Putin bir neçə dəfə Trampla müzakirəyə açıq olduğunu bildirsə də,
ciddi ərazi güzəştlərini istisna edib və Kiyevin NATO-ya qoşulmaq
niyyətindən imtina etməli olduğunu təkid edib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415