Son günlərdə „Gürcü Arzusu“ liderləri və onların tərəfdarları
Avropa İttifaqı ilə mövcud olan vizasız rejimin ləğv edilməsinin
mümkünlüyü haqqında fəal
şəkildə danışmağa başlayıblar. Partiya nümayəndələri öz
seçicilərinə izah etməyə çalışırlar ki, Avropa ilə vizasız
gediş-gəlişin itirilməsi baş verərsə, bu, hökumətin səhvlərindən
deyil, ölkənin öz kimliyini və ənənələrini qorumaqdan imtina
etməməsi səbəbindən olacaq.
„Gürcü Arzusu“ Parlamentin deputatı Nino
Tsilosani bildirib ki,
viza liberallaşdırılması komfortdur və bu komfort Gürcüstana məhz
„Gürcü Arzusu“ hakimiyyəti dövründə əldə edilmiş nailiyyətlər
sayəsində verilib. Lakin o əlavə edib ki,
„əgər komfort
vətənpərvərliklə ziddiyyət təşkil edərsə, gürcü xalqı həmişə öz
ölkəsinin vətənpərvəri olub və olacaqdır.“
Daha öncə „Gürcü Arzusu“-nun Parlamentinin sədri Şalva
Papuaşvili qeyd edib ki, vizasız rejim„Allahın lütfü“ deyil və onun
məhdudlaşdırılması haqqında hər hansı qərarın dramatik təsirə malik
olacağına inanmır:
„Vizasız rejimin dayandırılması ilə
bağlı mən heç bir mənfi qərar gözləmirəm. Vizasız gediş-gəliş
Allahın lütfüdürmü? Almanlar üçün bizim də vizasız rejimimiz var,
nə olsun ki?“
„Xalqın Qüvvəsi“nin sədri Sozar Subari daha sərt bəyanatla çıxış
edərək bildirib ki, viza liberallaşdırılmasının elə də böyük
əhəmiyyəti yoxdur ki, bunun əvəzində „gürcü xalqı antimilli və
antixristian siyasətə dözsün.“
Müxalifət partiyaları bu bəyanatlara sərt reaksiya verirlər və
hesab edirlər ki, hakimiyyət Avropa İttifaqı ilə münasibətlərin
pisləşməsi üçün zəmin hazırlayır.
„Lelo - Güclü Gürcüstan“ partiyasının lideri Mamuka Xazaradze
bildirib ki, viza liberallaşdırılması gürcü xalqının nailiyyətidir
və
„Gürcü Arzusu“nun deyil. Onun sözlərinə görə, „xalqın
əldə etdiyi uğur xalqa məxsusdur və xalqla qalacaq. Avropa seçimi
milli seçimdir və biz bu nailiyyəti sona qədər
qoruyacağıq.“
„Gaxariya Gürcüstan Üçün“ partiyasının lideri Giorgi Gaxariya qeyd
edib ki,
„Gürcü Arzusu“ vizasız rejimin itirilməsi
reallığına cəmiyyəti əvvəlcədən hazırlamağa çalışır və məsuliyyəti
başqalarına yükləməyə cəhd edir.
Analitiklər və müxalifət nümayəndələri hesab edirlər ki,
hakimiyyətin bu mesajları Avropa İttifaqı tərəfindən Gürcüstana
qarşı vizasız rejimin dayandırılması təhlükəsinin mövcudluğuna
işarə edir. Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimi 2017-ci
il 28 mart tarixindən qüvvəyə minib. Viza liberallaşdırılması
qüvvəyə mindiyi tarixdən 2023-cü ilə qədər Gürcüstanın 180 000-dən
artıq vətəndaşı, əsasən turizm və işgüzar məqsədlərlə bu rejimdən
istifadə edib.
Avropa İttifaqı tərəfindən vizasız rejimin saxlanılmasının əsas
şərtlərindən biri də azad və ədalətli seçkilərin keçirilməsidir.
Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Hersinski dəfələrlə
qeyd edib ki, demokratik normalar pozularsa, Avropa İttifaqı
Gürcüstan ilə vizasız rejim məsələsinə yenidən baxa bilər.
Hazırda hakim partiyanın bəyanatları açıq şəkildə göstərir ki,
iqtidar artıq vizasız rejimin dayandırılması barədə danışmağa
başlayıb və cəmiyyəti bu mümkünlüyə öncədən hazırlamaqdadır.