Marneuli bələdiyyəsinin Saimerlo kəndində yeni su şəbəkəsinin
sınaqları zamanı nasazlıqlar aşkarlanıb.
Yeni salınmış yolun bəzi hissələrinə su sızıb. Kənd 24 saatlıq
fasiləsiz su təchizatına keçməli idi, lakin hazırda əhaliyə su
fasilələrlə verilir. İçməli su bəzi günlərdə ya bir neçə saatlıq
kəsilir, ya da aşağı təzyiqlə təmin olunur.
Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkətinin Kvemo Kartli regional
bölməsinin
rəhbəri Kaxaber Çoqoladzenin “Marneuli” radiosuna
verdiyi məlumata görə, hazırda Saimerlo kəndində yaranan
problemlərin aradan qaldırılması istiqamətində işlər görülür. Bəzi
ərazilərdə asfalt örtüyünün yenidən salınmasına və su borularının
təmirinə ehtiyac var. Şirkət bildirir ki, asfaltın yenidən
çəkilməsi təchizatçı şirkət tərəfindən həyata keçiriləcək.
“Saimerlo su şəbəkəsi əvvəlcə “Akelik” adlı şirkət
tərəfindən quraşdırılıb. Daha sonra başqa bir şirkət tərəfindən
sınaq işləri aparılıb və bu zaman su təchizatında qüsurlar
aşkarlanıb. Kənddə asfalt örtüyü çəkilib, lakin yeni şəbəkədə
asfaltın altından su sızır. Bu nasazlıqlar asfalt işləri ilə
əlaqəli ola bilər, çünki şəbəkə olmadan sızma mümkün deyildi.
Problemin əsas səbəbi isə su təzyiqinin artması ola bilər. Hazırda
bu nasazlıqlar aradan qaldırılır. Bəzi yerlərdə asfalt örtüyünün
sökülməsi, zədələnmiş hissələrin bərpası və yenidən asfalt
salınması nəzərdə tutulur. Bizim əməkdaşlıq etdiyimiz tikinti
şirkəti bu işi müqaviləyə əsasən həyata keçirir. Əhali tez-tez baş
verən su fasilələrindən narazıdır. Bu hallar bəzi bölgələrdə
müşahidə olunur, lakin bütün kəndi əhatə etmir. Asfalt örtüyünün
söküldüyü və tikinti işlərinin aparıldığı ərazilərdə bəzən suyun
verilməsi müvəqqəti dayandırılır. Bu proses zaman tələb edir və
sakinlərin narazılığına səbəb olur, lakin bu hallar şirkətimizdən
asılı olmayan səbəblərlə bağlıdır,” – deyə Kaxaber
Çoqoladze bildirib.
Onun sözlərinə görə, Saimerloda 24 saatlıq su təchizatını təmin
etmək üçün aşkarlanmış nasazlıqların bir ay ərzində aradan
qaldırılması planlaşdırılır.
Marneuli və onun kəndlərində su təchizatı və kanalizasiya
layihəsinə 2019-cu ildə start verilib. Layihə çərçivəsində yollar
qazılıb, infrastruktur zədələnib, ictimai nəqliyyata və şəxsi
avtomobillərə ziyan dəyib. Əvvəlcə Türkiyənin “Akelik Group”
şirkəti layihəni 2021-ci ilin mart ayına qədər başa çatdırmalı idi,
lakin öhdəliklər yerinə yetirilmədiyindən, dəyəri 55 940 022 dollar
olan layihə dayandırılıb.
Daha sonra Su Təchizatı Şirkəti Türkiyə və Çin şirkətləri ilə yeni
müqavilə imzalayıb. Hazırda işlər “China Geo-Engineering
Corporation” (CGC) və “POLAT Yol Yapı Sanayi və Ticarət Anonim
Şirkəti” tərəfindən icra olunur.
Layihə Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilir və ümumi
dəyəri 135 milyon laridən çox olacaq. Layihə çərçivəsində yeni su
təchizatı şəbəkəsi, nasos stansiyaları, su anbarları, kanalizasiya
xətləri və müasir təmizləyici qurğular inşa edilir.
Layihə başa çatdıqdan sonra Marneuli əhalisi 24 saatlıq fasiləsiz
su təchizatı və müasir kanalizasiya infrastrukturu ilə təmin
olunacaq. Hazırda layihənin iyun ayında tamamlanması müzakirə
olunur.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415