Marneuli meriyasının elan etdiyi, dəyəri 5 159 826 lari olan
tenderin qalibi Marneuli merinin müavini Temur Şubitidzenin atasına
məxsus olan “Ktsia” MMC olub.
2024-cü il fevralın 25-də Marneuli meriyası Tsereteli kəndinin
daxili yollarının bərpası işlərinin ikinci mərhələsi üçün tender
elan edib. Tenderdə yalnız bir iştirakçı – səhmlərinin 50%-i mer
müavini Temur Şubitidzenin atası Paata Şubitidze
tərəfindən idarə
olunan “Ktsia” MMC iştirak edib.
Şirkət işi 4 400 000 lariyə yerinə yetirməyi təklif edib. Tender
sənədlərinə əsasən, Marneuli meriyası “Ktsia” MMC-ni qalib elan
edib və şirkətlə müqavilə bağlamağa hazırlaşır.
Tender Komissiyası tender prosesində iştirak edən şirkətlərlə
müqavilələrin imzalanması məsələlərini müzakirə edən qurumdur.
Temur Şubitidze həmçinin Tsereteli kəndinin daxili yollarının
bərpası üzrə bu tenderin komissiya üzvüdür. Lakin sənədlərə əsasən,
o, “Ktsia” MMC ilə bağlı müqavilənin müzakirə olunduğu iclaslarda
iştirak etməyib.
Komissiya üzvü Temur Şubitidzenin “Ktsia” MMC-nin sahibi ilə ailə
əlaqəsinə malik olması, maraq toqquşmasının mümkünlüyünə dair
bəyanatda əks olunmayıb.
Paata Şubitidzenin rəhbərlik etdiyi “Ktsia” MMC 2011-ci ildən bəri
Marneuli meriyası tərəfindən keçirilən tenderlərin qalibi olur.
Şirkətin ilk tenderi 2011-ci il aprelin 13-də qeydə alınıb. “Ktsia”
MMC-nin digər 50% payı Vladimir Tkeşelaşviliyə məxsusdur, onun payı
isə Ketevan Tkeşelaşvili tərəfindən idarə olunur. Şirkət Marneuli
bələdiyyəsinin Araflı kəndində qeydiyyatdan keçib.
Hazırda “Ktsia” MMC-nin iki direktoru var: Ketevan Tkeşelaşvili və
Teimuraz Qoqriçiani.
Tsereteli kəndinin daxili yollarının bərpası ilə bağlı tender
sənədlərində göstərildiyinə görə, şirkət 50% pay sahibi Paata
Şubitidze ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, o, şirkətin baş
mühəndisi vəzifəsini icra edir və aylıq əməkhaqqısı 15 000 lari
təşkil edir.
Qeyd edək ki, 2023-cü il mayın 8-də "Marneuli" Radiosu
“Marneuli merinin müavininin atasının şirkəti son 17 ayda
meriyadan 15 985 260 lari dəyərində tender alıb” başlıqlı məqalə
dərc etmişdi. Məqalədə Temur Şubitidzenin 2022-ci ildən mer
müavini təyin edilməsindən sonra “Ktsia” MMC-nin qazandığı
tenderlər təhlil olunurdu.
Bələdiyyə Məclisinin 2023-cü il mayın 24-də keçirilən iclasında
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze həmin məqaləyə
münasibət bildirərək deyib:
“Məndən asılı olsaydı və qanun bizə
imkan versəydi, böyük tenderləri birbaşa ‘Ktsia’ MMC-yə
verərdim.”
Qiorqadze həmçinin vurğulayıb ki, “Ktsia” MMC Marneulidə ən
keyfiyyətli yol örtüyü işlərini həyata keçirir, şirkətdə yerli
sakinlər çalışır, özünə məxsus zavodu var və qarşıya qoyulan
vəzifələri problemsiz yerinə yetirir.