Fond prezidenti: Tramp 'Amerikanı yenidən böyük etmək' üçün qlobal arenada fəal olmalıdır
16:15 / 16.05.2025
Donald Tramp prezidentliyinə birmənalı mesajla başladı: "Öncə
Amerika".
İndi isə onun ikinci prezidentlik müddətindən 100 gündən bir qədər
çox vaxt keçmişkən Trampın müttəfiqlərə qarşı skeptisizm, qlobal
institutlara hörmətsizlik və tranzaksiya diplomatiyasına üstünlük
verən xarici siyasət doktrinası bir daha diqqət mərkəzindədir.
"Ən azı mənə elə gəlir ki, "Öncə Amerika" və "Amerikanı
yenidən böyük edək" şüarları arasında bir gərginlik
var", – Demokratiyaları Müdafiə Fondunun (FDD)
təsisçisi Klifford Mey bildirib. "'Yenidən böyük olmaq" üçün
Amerika liderlik etməlidir. Amma (Çin Xalq Respublikasının sədri)
Si Cinpinin açıq şəkildə buna can atdığı kommunist Çin kimi
rəqiblərə yer verərsə, liderlik edə bilməz".
AzadlıqRadiosu K.Mey ilə "Amerikanın xarici siyasətində
dəyişikliklər" adlı müsahibələr silsiləsi çərçivəsində danışıb.
Ağ evə qayıdışından sonra Tramp Rusiyanın artan aqressiyasına
baxmayaraq, NATO üzvlərinin müdafiə xərclərinin tarixən aşağı
olmasına görə onları tənqid edib, qlobal ticarət sistemini
Amerikanın maraqlarına qarşı qərəzli adlandırıb və Beynəlxalq
Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib.
Ölkə daxilində Tramp həm qanuni, həm də qanunsuz miqrasiyaya qarşı
sərt tədbirlər görür, xarici yardımları kəskin şəkildə azaldır.
Bütün bu addımlar tənqidçilər tərəfindən ABŞ-nin qlobal liderlikdən
geri çəkilməsinin əlaməti kimi qiymətləndirilir. Prezidentin bəzi
tərəfdarları Amerikada sənayeləşmənin azalması, artan bərabərsizlik
və kütləvi miqrasiya ilə mübarizə aparmaq üçün hökumətin daxilə
yönəlməli olduğunu iddia edir. Ancaq K.Mey hesab edir ki, dünyadan
üz çevirmək prezidentin ABŞ-nin qlobal üstünlüyünü qorumaq
məqsədinə zidd ola bilər.
2001-ci il sentyabrın 11-də baş vermiş terror hücumlarından sonra
Demokratiyaları Müdafiə Fondunu (FDD) quran K.Mey uzun müddətdir
ki, ABŞ-nin xaricdə güclü iştirakının tərəfdarıdır. Özünü
"tərəfsiz" kimi təqdim edən analitik mərkəzi isə İsrail və
Ukraynaya qəti dəstəyi ilə tanınır.
K.Mey karyerasına jurnalist kimi başlayıb və tez-tez xaricdən
reportajlar hazırlayıb. Daha sonra o, 2000-ci il seçkiləri zamanı
Respublikaçılar Partiyası Milli Komitəsinin kommunikasiya direktoru
vəzifəsində çalışıb. 2008-ci ildə isə prezident Corc Uoker Buş
tərəfindən ABŞ hökumətinə məxsus AzadlıqRadiosu və digər dövlət
tərəfindən maliyyələşdirilən media qurumlarına nəzarət edən Yayım
İdarəçiləri Şurasına (Broadcasting Board of Governors) təyin
edilib.
AzadlıqRadiosu ilə söhbətində Mey iddia edib ki, bu gün dünya ABŞ
və Sovet İttifaqının nüvə qarşıdurmasında qlobal nüfuz uğrunda
mübarizə apardığı Soyuq müharibə dövründəndən daha təhlükəlidir.
Onun sözlərinə görə, bu gün ABŞ təkcə Moskva ilə deyil, həm də
Pekin, Pxenyan və Tehranın daxil olduğu "təcavüzkarlar oxu" ilə
üz-üzədir. Mey hesab edir ki, onların ortaq ambisiyası ABŞ-nin
rəhbərlik etdiyi liberal nizamı dağıtmaq və onu qeyri-liberal
nizamla əvəz etməkdir.
"Bu, əvvəlkindən daha çətin Soyuq
müharibədir", – Mey bildirib. Çin və Şimali Koreyanın
kommunizm modelləri, İranın islam teokratiyası və Rusiyanın
neoimperializm kimi ideoloji fərqlərinə baxmayaraq, o, bu ölkələrin
əməkdaşlığının sırf fürsətçilikdən ibarət olduğu fikrini rədd
edir.
Çin, Şimali Koreya və İran Rusiyanın Ukraynadakı müharibəsinə
raketlər, dronlar və digər silah sistemləri ilə maddi cəhətdən
dəstək verir. ABŞ Hind-Sakit Okean Komandanlığının admiralı Semüel
Paparonun sözlərinə görə, Pxenyan hətta yardım üçün 11 mindən çox
əsgər göndərib, Rusiya isə bunun müqabilində Çin və Şimali Koreyaya
həssas sualtı texnologiya təklif edə bilər.
Bu arada adıçəkilən dörd ölkə – Çin, Rusiya, Şimali Koreya və İran
– xüsusilə raket istehsalı sahəsində hərbi güclərini sürətlə
artırır. Bu isə ABŞ-nin artıq hücumlardan tam təhlükəsiz bir yer
olmadığını göstərən xəbərdarlıqlara səbəb olub. K.Meyin fikrincə,
əgər Vaşinqton və onun avropalı müttəfiqləri müdafiə xərclərini
artırmasalar, strateji zəifləmə riski ilə üzləşə bilərlər.
"Avropalılar mesajı
alır"
Keçən həftə Tramp növbəti maliyyə ili üçün 892 milyard dollarlıq
müdafiə büdcəsini və Pentaqonun 2028-ci ilə qədər istifadə edə
biləcəyi təxminən 120 milyard dollarlıq birdəfəlik əlavə vəsaiti
açıqlayıb. Büdcəyə "Qızıl qübbə" adı verilən, kosmosda yerləşən
raket qalxanı üçün maliyyə də daxildir.
Senatda və Nümayəndələr Palatasında olan bəzi respublikaçılar isə
birdəfəlik əlavə vəsaitin kifayət etmədiyini və müdafiə büdcəsinin
ümumi məbləğinin bugünkü təhlükələrə cavab vermək üçün artırılmalı
olduğunu bildirirlər.
Ağ evin təzyiqi altında və yaxınlıqda gedən müharibə şəraitində
NATO-nun avropalı üzvləri də müdafiə büdcələrini artırmağa
başlayıblar. Bununla belə, Trampın ortaq müdafiə öhdəlikləri barədə
Avropa ilə davamlı mübahisələri ticarət məsələlərində yaranan
gərginlik fonunda baş verir. Bu isə rəqiblər daha da yaxınlaşdığı
halda, transatlantik münasibətlərdə qırılma qorxusunu artırır.
"Tramp NATO-nun hər bir üzvünün alyansın kollektiv
təhlükəsizliyinə əhəmiyyətli töhfə verməsini istəməkdə haqlıdır.
Amerika sizi qoruyur, siz isə istədiyinizi edin – bu, bir gözlənti
ola bilməz. Məncə, avropalılar bu mesajı alırlar və
anlayırlar", – Mey bildirib.
Trampın qarşıdurma tonu strateji ola bilər.
K.Meyin sözlərinə görə, Tramp avropalıları qorxudaraq özünün bu
məsələdə nə qədər ciddi olduğuna onları əmin etmək istəyir. "Əks
halda, onlar bunu etməzlər", - o əlavə edib. O, həmçinin qeyd edib
ki, Tramp administrasiyasının ABŞ-nin Avropadan müdafiəsini geri
çəkəcəyinə inanmır.
ABŞ-nin Ukraynaya hərbi
yardımı
Transatlantik mübahisənin başqa bir nöqtəsi də Ukraynadır. Tramp
müharibənin sona çatmasını ən vacib prioritet kimi irəli sürüb, 30
günlük atəşkəs üçün təzyiq göstərir və nəticədə yüksək payı
olmasına baxmayaraq, Avropa liderlərini prosesdən kənarda
qoyur.
Onun həm Kiyevin, həm də Moskvanın güzəştə getməsində israr etməsi
Ukrayna və Brüssel rəsmilərini təşvişə salıb. Onlar Trampın
Ukraynaya əraziləri təslim etməsi üçün təzyiq göstərə biləcəyindən
qorxurlar.
"Time" jurnalına bu yaxınlarda verdiyi müsahibəsində prezident
Tramp 2014-cü ildə Rusiya tərəfindən qeyri-qanuni şəkildə ilhaq
edilmiş Krımın istənilən sülh sazişi çərçivəsində Rusiyada
qalacağını deyib. Lakin o, ABŞ-nin Krımı və ya digər işğal olunmuş
torpaqları rəsmi olaraq Rusiyanın ərazisi kimi
tanıyıb-tanımayacağına dair heç nə deməyib.
Mey hesab edir ki, ABŞ Ukraynanı silahlandırmağa davam etməlidir.
Tramp Kiyevə göndərilən 177 milyard dollarlıq ABŞ yardımını tənqid
etsə də, K.Mey gələcək dəstəyin Avropa tərəfindən, Ukraynanın özü
tərəfindən və ya dondurulmuş Rusiya aktivləri hesabına
maliyyələşdirilə biləcəyini bildirir: "Əgər biz Ukraynaya sursat
satırıqsa, bu, bizim üçün yaxşıdır. Bu, bizim zavodlarımızı
dəstəkləyir, müdafiə sənaye bazamızı gücləndirir və Putinin sadəcə
toparlanıb bir neçə ildən sonra yenidən hücum etməsinin qarşısını
alır".
"Biz heç bir azad, demokratik xalqın hərbi güclə fəth
edildiyini və diktaturaya sürükləndiyini görmək istəməməliyik. Mən
düşünmürəm ki, bu, Amerikanın maraqlarına uyğundur. Və əlbəttə ki,
bunun Amerikanın dəyərlərinə də uyğun olduğunu
düşünmürəm", - o əlavə edib.
Meyin sözlərinə görə, Putinin ambisiyaları Ukrayna ilə
məhdudlaşmır. O, NATO üzvləri olan Polşa və Litva arasında yerləşən
Rusiyanın anklavı Kalininqrada quru dəhlizi əldə etməyə cəhd
göstərə bilər, necə ki vaxtilə bunu Krıma doğru etmişdi.
Demokratiyaları Müdafiə Fondunun qurucusu və prezidenti bildirib
ki, belə bir ssenari NATO üçün ekzistensial (mövcudluq) sınaq
olardı.
"Biz Litvanın cənubundan keçən yol üçün döyüşərikmi?
Əgər yox, bu, NATO-nun çöküşüdür", - o qeyd edib.
Mey inanır ki, müharibə hərtərəfli sülh razılaşması ilə deyil,
Koreya modeli əsasında atəşkəslə də başa çata bilər –yekun həll,
bəlkə də, yalnız Putin hakimiyyətdən getdikdən sonra mümkün olacaq.
Şimali Koreya ilə Cənubi Koreya arasındakı döyüşlər 1953-cü ildə
üçillik müharibədən sonra sülh sazişi olmadan dayandırılıb və bu
iki ölkə texniki baxımdan hələ də müharibə vəziyyətindədir.
Rusiya prezidenti artıq iki aydır ki, Trampın atəşkəs təklifinə
məhəl qoymur. Tramp isə ümumilikdə Putinə qarşı birbaşa tənqiddən
yayınsa da, irəliləyişin olmamasından məyus olduğuna işarə
edib.
"Mən düşünürəm ki, prezident Tramp Putinin niyyətləri
ilə bağlı daha realist olub", - Mey deyib. "Ümid
edirəm ki, o, (Ukrayna prezidenti Volodimir) Zelenskinin problem
olmadığını başa düşür".
Putin mayın 15-də Türkiyədə keçirilən sülh danışıqlarında iştirak
etməyib. O, Zelenskinin üz-üzə görüş çağırışını faktiki olaraq rədd
edərək bunun əvəzinə tərkibi onun müharibədə maksimalist
məqsədlərini açıq şəkildə göstərən aşağı səviyyəli nümayəndə heyəti
göndərib. Bu fakt isə Trampı kimə təzyiq göstərməli olduğuna
inandırmaq üçün lazım olan son dəlil ola bilər.
Bu, Amerikanın xarici siyasətindəki dəyişikliklərə dair üç hissədən
ibarət müsahibə seriyasının ikincisidir. Növbəti müsahibə mayın
23-də "American Enterprise" İnstitutunun aparıcı tədqiqatçısı və
Rusiya üzrə tədqiqatlar proqramının direktoru Leon Aron ilə olacaq.
O, Rusiyanın daxili və xarici siyasəti, ABŞ-Rusiya münasibətləri
üzrə ixtisaslaşıb.