10 iyul tarixindən etibarən Tamar Taliaşvili Gürcüstanın ABŞ-dakı
səfiri təyin olunur.
Onun bu vəzifəyə rəsmi olaraq başlaması üçün “Gürcü Arzusu”
hökumətinin seçdiyi altıncı prezident Mixeil Kavelaşvilinin
razılığı tələb olunur.
Taliaşvili bu vəzifəyə Gürcüstan hökuməti tərəfindən seçilib.
Müvafiq sərəncam 9 iyun tarixində “Gürcü Arzusu”nun baş naziri
İrakli Kobaxidze tərəfindən imzalanıb.
Azadlıq radiosu artıq 25 aprel tarixində məlumatlı mənbəyə
əsaslanaraq yazırdı ki, bu vəzifəyə məhz Tamar Taliaşvili təyin
olunacaq. O zaman redaksiya Taliaşvili ilə telefon zəngi və SMS
vasitəsilə əlaqə saxlamağa çalışmışdı, lakin o, cavab vermək
istəməmişdi.
Tamar Taliaşvili kimdir?
Taliaşvili 2022-ci ilin oktyabrından 2025-ci il 9 iyunadək
Gürcüstanın Avropa Şurası yanındakı daimi nümayəndəsi olub. Bu
vəzifəyə təyin olunması üçün ona deputat mandatından imtina etmək
lazım gəlib. O, 2020-ci ilin oktyabrında “Gürcü Arzusu”nun seçki
siyahısı ilə Parlamentə daxil olmuşdu.
Tamar Taliaşvili 2014-2020-ci illərdə Tbilisi Bələdiyyə Məclisinin
(sakrebulo) üzvü olub və bu müddət ərzində Təhsil və Mədəniyyət
Komissiyasına sədrlik edib.
Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən rəsmi bioqrafiyaya
görə, o, 2011-ci ildə ABŞ Dövlət Departamentinin “Dövlət xidmətində
qadınlar” proqramı üzrə namizəd kimi təqdim olunub. Siyasətə
gəlməzdən əvvəl müxtəlif dövrlərdə ABŞ-ın USAID fiskal islahatlar
layihəsində hüquqi təminat proqramının meneceri, Almaniyanın GIZ
təşkilatında hüquqi məsələlər üzrə müşavir vəzifələrində
çalışıb.
Altı ay səfirsiz
Gürcüstanın ABŞ-dakı sonuncu fövqəladə və səlahiyyətli səfiri,
sabiq xarici işlər naziri David Zalkaliani 2024-cü il 30 noyabr
tarixində istefa verib. Bu qərar Vaşinqtonun Gürcüstanla strateji
tərəfdaşlığı dayandırmasından sonra verilib. ABŞ bu addımı insan
haqları təşkilatlarının qiymətləndirməsinə əsasən Tbilisidə
keçirilən avropayönlü etiraz aksiyalarında iştirakçılara və
jurnalistlərə qarşı polisin həddindən artıq güc tətbiq etməsi
fonunda atıb.
İrakli Kobaxidze o zaman Zalkalianinin istefasına belə münasibət
bildirmişdi:
“Çox ciddi təzyiqlər vardı, burada yalnız müxalifət
nəzərdə tutulmur. Ona yalnız həmrəylik bildirmək olar. Təəssüf ki,
vəzifəsindən getdi – bu, onun seçimi idi və biz bu qərara hörmətlə
yanaşırıq.”
Gürcüstanın ABŞ-dakı səfiri necə təyin olunur?
Konstitusiyaya əsasən, Gürcüstanın ABŞ-dakı səfiri hökumətin
təqdimatı ilə eyni hökumət tərəfindən seçilmiş prezident – hazırda
Mixeil Kavelaşvili – tərəfindən təyin olunur:
“[Prezident] hökumətin təqdimatı ilə Gürcüstanın
səfirlərini və diplomatik nümayəndəlik rəhbərlərini təyin edir və
vəzifədən azad edir” , – Gürcüstan Konstitusiyasında
deyilir.
Bundan əvvəl isə səfirliyə namizədə “ev sahibi ölkə” – bu halda ABŞ
– razılıq verməlidir. Yalnız bu razılıqdan sonra prezident müvafiq
sərəncamı imzalayır.
Səfir təyinat aldıqdan sonra Gürcüstandan ABŞ-a etimad məktubunu
aparır və yalnız bundan sonra diplomatik fəaliyyətə başlayır.
ABŞ ilə münasibətlər
2024-cü il 30 noyabr tarixində ABŞ Gürcüstanla strateji
tərəfdaşlığı rəsmi olaraq dayandırdı. Münasibətlər o vaxt
gərginləşdi ki, “Gürcü Arzusu” beynəlxalq çağırışlara baxmayaraq,
“xarici agentlər haqqında” qanunu qəbul etdi və küçələrdə keçirilən
etirazları güc tətbiq etməklə dağıtdı.
ABŞ buna cavab olaraq hakim partiyanın – “Gürcü Arzusu”nun
üzvlərinə, deputatlara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına
və bəzi fiziki şəxslərə qarşı sanksiyalar tətbiq etdi. Bu proses
2024-cü ilin iyununda başladı və sonrakı aylarda da davam etdi.
Ümumilikdə 100-dən artıq şəxsin adı sanksiya siyahısına düşüb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415