Argentina Milli Kəşfiyyat Xidməti (SIDE) ictimai rəyin
manipulyasiyası və dezinformasiyanın yayılması ilə məşğul olan
şəbəkənin beş rusiyalı üzvünü aşkar edib.
Bu barədə Argentina prezidentinin mətbuat katibi Manuel Adorni
mətbuat konfransında bildirib.
Rusiyalılar, o cümlədən Lev Andriaşvili və onun həyat yoldaşı İrina
Yakovenko "Kompaniya" adlı təşkilatla əlaqələndirilir. Bu təşkilat
"Laxta" layihəsi ilə bağlıdır və daha çox Olqinodakı "troll
fabriki" kimi tanınır. Layihənin rəhbəri 2023-cü ildə həlak olmuş
"Vaqner" özəl muzdlu hərbi şirkətinin (ÇVK) rəhbəri Yevgeni
Priqojindir.
Argentina hökumət rəsmisinin məlumatına görə, Andriaşvili və
Yakovenko (Rusiyadan) maliyyənin alınması və ölkə vətəndaşları ilə
əlaqələrin qurulmasına məsul olublar.
"Kompaniya"nın məqsədi Rusiya maraqlarına loyallıq
göstərən şəxslər qrupunu formalaşdırmaq, dezinformasiya
kampaniyaları aparmaq, həssas siyasi məlumatlar əldə etmək və
fondlar, QHT-lər və vətəndaş cəmiyyətinə təsir
göstərməkdir", - Adorninin sözlərini "La Derecha
Diario" nəşri sitat gətirib.
O bildirib ki, hökumət Argentinanın heç bir digər ölkənin təsiri
altına düşməsinə imkan verməyəcək. Adorni rusiyalıların
saxlanılıb-saxlanılmadığı və ya barələrində cinayət işinin
açılıb-açılmadığına dair məlumat verməyib.
Daha əvvəl də Braziliyanın xüsusi xidmət orqanları doqquz Rusiya
agentindən ibarət şəbəkəni ifşa edib. "The New York Times"
məlumatına görə, onlar bu ölkədə casusluq etməyiblər, yeni
bioqrafiya yaratmaq üçün ora göndəriliblər. Onların heç biri
Braziliyada saxlanılmayıb, hamısı başqa ölkələrə çıxmağı bacarıb
və, ehtimal ki, Rusiyaya qayıdıblar.