Mamuka Xazaradzeyə Tsulukianinin komissiyasına getmədiyinə görə 8 aylıq həbs cəzası verilib
“Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradzeyə “Gürcü Arzusu”nun təşəbbüsü ilə parlamentdə yaradılmış mübahisəli müvəqqəti istintaq komissiyasının iclasına gəlmədiyinə görə 8 aylıq həbs cəzası verilib. Cəza barədə hökm Tbilisi Şəhər Məhkəməsinin hakimi Zviad Şaradze tərəfindən bu gün, 23 iyun tarixində elan olunub.

Xazaradzeyə qarşı iş Cinayət Məcəlləsinin 349-cu maddəsi üzrə açılıb – bu maddə Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinə tabe olmamağı nəzərdə tutur. Onun üçün 50 min lari məbləğində girov təyin edilmişdi və o, bu vəsaiti, bəzi müxalif siyasətçilərdən fərqli olaraq, ödəmişdi.

Bu tip iş üzrə daha əvvəl “Dəyişiklik uğrunda koalisiya”nın lideri Zurab Çaparidze də 7 aylıq həbs cəzasına məhkum edilib. O, girovu ödəmədiyi üçün hazırda həbsdədir.

“Güclü Gürcüstan” lideri Mamuka Xazaradze istintaq komissiyası tərəfindən yenidən çağırılıb – ona 30 iyun tarixində komissiyada iştirak üçün dəvət göndərilib. Rəsmi məktubda qeyd olunur:

“Bildiririk ki, komissiya sizdən 2012–2025-ci illər ərzində Gürcüstanın xarici siyasi maraqlarına zidd hərəkətlər barədə izahat verməyinizi tələb edir.”

Xazaradze bu çağırışa sosial şəbəkədə belə cavab verib:

“Düşünürəm ki, sizə açıq şəkildə dedim – sizi tanımıram. Gəlmək fikrim yoxdur! Bilirəm ki, məni həbs etmək istəyirsiniz. Özünüzü yormayın – məni qorxuda bilməyəcəksiniz! Rusiya rejiminə qarşı mübarizə sonadək davam edəcək!”

“Gürcü Arzusu” 5 fevral 2025-ci il tarixində “Vahid Milli Hərəkat”ın hakimiyyəti dövrünü araşdırmaq məqsədilə parlament istintaq komissiyası yaradıb. Komissiyaya hakim partiyanın liderlərindən biri Tea Tsulukiani rəhbərlik edir.

Hakim partiya müxalifət partiyalarını – xüsusilə 2024-cü il parlament seçkilərində baryeri keçmiş və hazırkı hökumətin legitimliyini tanımayan qüvvələri – “kollektiv Milli Hərəkat” adlandırır və onları qadağan etmək istəyir.

Komissiya çağırışına tabe olmayan bir sıra müxalif siyasətçilər artıq cəzalandırılıb: Nika Melia, Nika Quaramia, Zurab Çaparidze və İrakli Okruaşvili – onlar girov ödəmədikləri üçün həbs olunublar.

Mamuka Xazaradze, Badria Çaparidze və “Strategiya Aqmaşenebeli”nin lideri Qiorqi Vaşadze isə onlara təyin olunmuş girovu ödəmiş şəxslər sırasındadır.

Qorqi Qaxaria isə komissiya iclasına gələn azsaylı müxalifətçilərdən biridir, lakin 16 iyunda o da komissiyaya yenidən çağırılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google