Avropa İnsan Hüquqları Məhkəməsi "Batumelebi" və "Netgazeti"nin
təsisçisi Mzia Amağlobeli ilə bağlı şikayətin icraatına
başlayıb.
“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının” (GGHA) məlumatına
görə, məhkəmə tərəflərlə yazışmasında bu işə "əhəmiyyətli təsirli
iş" (Impact Case) statusunun verilə biləcəyini qeyd edib.
Bunu nəzərə alaraq, şikayətin təqdim olunmasından cəmi iki ay sonra
iş üzrə mahiyyəti araşdırmaya başlanıb.
GGHA 2025-ci il
aprelin 28-də Mzia Amağlobeli barəsində ən sərt
qətimkan tədbirinin tətbiqi və onun cinayət işi üzrə baş vermiş
çoxsaylı prosessual pozuntularla bağlı Avropa İnsan Hüquqları
Məhkəməsinə müraciət edib.
Şikayətdə qeyd olunur ki, Mzia Amağlobeli ilə bağlı Avropa İnsan
Hüquqları Konvensiyasının aşağıdakı fundamental hüquqları
pozulub:
Azadlıq və təhlükəsizlik hüququ (Konvensiyanın 5-ci maddəsi),
Ədalətli məhkəmə araşdırması hüququ (6-cı maddə),
Şəxsi və ailə həyatının toxunulmazlığı hüququ (8-ci maddə),
Fikir ifadə azadlığı (10-cu maddə),
13-cü maddə – 8 və 10-cu maddələrlə birgə tətbiq olunmaqla effektiv
hüquqi müdafiə vasitələri hüququ,
18-ci maddə – hüquqların məhdudlaşdırılmasının icazə verilən
sərhədlərini aşmamaq.
GGHA bildirir ki, şikayətdə Mzia Amağlobelinin əsassız olaraq
saxlanıldığı və barəsində qətimkan tədbiri həbsin qanunsuz və
özbaşına tətbiq olunduğu, milli məhkəmələrin isə ilkin həbsin
qanuniliyini qiymətləndirmədiyi qeyd edilib.
Bundan əlavə, Mzia Amağlobelinin azadlıq hüququ Konvensiyada
nəzərdə tutulmayan məqsədlərlə məhdudlaşdırılıb və inzibati
icraatla paralel aparılan ilkin həbs onun təqsirli olması ilə bağlı
vaxtından əvvəl nəticə çıxarılması anlamına gəlib.
Şikayətdə həmçinin onun mobil telefonunun qanunsuz müsadirə və
axtarışı ilə bağlı iddialara da yer verilib. Bu hadisə onun şəxsi
həyatı və ifadə azadlığı hüququnun pozulmasına səbəb olub və milli
səviyyədə onun bu pozuntulara qarşı effektiv müdafiə vasitəsi
olmayıb.
GGHA əlavə edir ki, məhkəmə tərəflərə şikayətdə qeyd olunan
fundamental hüquq pozuntuları ilə bağlı geniş suallar
ünvanlayıb.
İşin ilkin mərhələsində dövlət, Mzia Amağlobelinin azadlıq hüququ
və bununla əlaqəli digər pozuntular barədə Avropa Məhkəməsi
qarşısında öz mövqeyini təqdim etməlidir.