“Gəlinciklərlə oynayırdım və birdən-birə mən ailə qurmağa
məcbur edildim”, —
15 yaşında evləndirilən Marneulili qadın söhbətinə belə başlayır.
Yetkinlik yaşına çatmamış şəxslərin evləndirilməsi yalnız
statistika deyil. Bu qorxu, utanc, özünlə mübarizə və uyğunlaşma
haqqında hekayələrdir ki, əksər hallarda normaya çevrilir, səni
istəmədiyin yerdə olmağa məcbur edir.
İllər ərzində zorakılığın qurbanı olan Marneulili qadından
gizliliyi qorumaq vədi ilə
şərh aldıq. O, bu barədə yüksəkdən
danışmağa qorxur, məhz buna görə də məqalədə onun kimliyini
açıqlamamağımızı istədi.
“Anamdan dəfələrlə xahiş etdim ki, məni geri aparsın,
burada qala bilməyəcəyəm, ancaq məni geri aparmaq onun üçün utanc
idi. Deyirdi ki, adına ləkə gələcək, sənə necə baxacaqlar? Mənim
yaxınlarım da eynisini fikirləşirdilər. Həmişə əl-ayağı bağlanmış
kimiydim, amma sanki uyğunlaşmışdım. Ərimdir, uşaqlarım var. Həyat
yoldaşım özü də görürdü ki, bunların hamısına uyğunlaşmışam, ancaq
çox aqressiv oldu. Uşaqlarıma aqressiya göstərməyə başladı, siqaret
də çəkməyə başlamışdı. Elə həmin an düşündüm ki, onunla birlikdə
yaşamaq istəmirdim. Yenə anamla danışdım, anam qohumları ilə
danışdı və dedilər ki, ayıbdır, uşaqlara valideyn lazımdır. Neçə
ildir, oradasan, səbr et, bizim müdaxiləmiz vəziyyəti daha da
pisləşdirə bilər”, – gizli müsahibimiz bildirir.

Ani (ad dəyişdirilib) üçün erkən yaşda evlilik çoxsaylı
problemlərin başlanğıcı olub. Yoxsulluq, müstəqilliyinin olmaması,
psixoloji, emosional, fiziki zorakılıq onun gündəliyinə çevrilib.
Ailəsinin, ictimaiyyətin və utanc qorxusunun fonunda öz vəziyyəti
barədə ucadan danışa bilmədi. Sanki sükut onun üçün yeganə seçim
idi. Keçid məqamı isə məhz o zaman gəlib ki, onun övladı böyüyüb və
atasının zorakı hərəkətini dərk edib.
“Hər şeyin bitdiyini düşünürdüm. Mən vəziyyətə
uyğunlaşmışdım, ancaq böyüyüb 15 yaşa çatan övladım heç cür
uyğunlaşmırdı. Atasının hərəkətindən utanırdı, uşaqlara da, mənə də
zorakılıq edirdi, ailədə hər şeyi görürdük. Övladım bunların
hamısını məndən yaxşı analiz etdi, dönüş nöqtəsi bu idi ki, bir
dəfə ərim uşağa kompüter atdı, o qədər bezmişdi, – ana, sənin kimi
bunların hamısına dözməyəcəyəm, mən sənin kimi “güclü” ola
bilmərəm. Bilirəm ki, onsuz da bunların hamısına bizə görə
dözürsən, başa düşmürsən ki, övladlarının gələcəyini öldürürsən –
dedi. Uşaq evdən getməyi düşünəcək dərəcəyə çatmışdı. Bilmirəm bunu
necə deyə bilərdim, amma bizim ailədə zorakılıq övladımı
gücləndirdi. Bax, bu 15 yaşlı uşaq yenə də cəsarət etdi və lazım
olan yerə zəng vurdu, polis gəldi, ərim hər şeyi etiraf etdi, and
içirəm, ondan sonra mən rahat nəfəs aldım. Mən həqiqətən düşünürdüm
ki, hər şey bitdi, amma uşaq bu addımı atanda mən rahat nəfəs
aldım. Bilirsiniz, beynim də aydınlandı? Onda hər şeydən qorxurdum,
indi heç nədən qorxmuram. Həmin illəri xatırlamaq da istəmirəm, heç
vaxt heç kimin doğum gününə getməmişəm, sonuncu dəfə 14 yaşım
olanda ad günümü keçirmişdim, yadımdadır, onda ən xoşbəxt insan
idim”, – o, deyir.

Anini övladının hərəkəti xilas edib, amma keçmişin yükünü bu günə
qədər daşıyır. Həyatını dəyişən həmin ilk addım haqqında tez-tez
düşünür. Məcburi evlilik təhsil, öz arzuların gerçəkləşdirmək və
sosiallaşmaqdan onu məhrum edib.
“Məni ərə verdikləri vaxt geri qayıtsa idi, həqiqətən
etiraz etmək üçün hər şey edərdim. Təhsil alardım, özümün qərar
verə biləcəyim, analiz bacarığımın olması, heç olmasa müstəqil
olmağım üçün elementar olanı öyrənərdim. Heç kim mənə maddi dəstək
göstərmirdi, gigiyenik ləvazimatlar almaq üçün anamdan gizlin pul
alırdım, yoxsa ki, ərim məndən pul istəyirdi, kredit götürməyə də
məcbur etmişdi. Ödəyə bilmirdi, banka kimə nə bağışlayar, getdim
torpaqda işlədim, elə əzab-əziyyətlə ödəyirdim, heç xatırlamaq da
istəmirəm. Torpaqdan başqa heç yerdə işləməyə izin vermirdi və
gündəlik aldığım 30 larini də əlimdən alırdı.”
Bizimlə gizliliyi qorumaq şərti ilə söhbət edən müsahibimiz deyir
ki, qorxusundan – kömək üçün müraciət edə biləcəyi heç kiminin
olmadığını başa düşəndə daha da güclənən qorxudan səsini çıxara
bilməyib. Ona kimin dəstək ola biləcəyi barədə məlumatı
olmayıb.
“Burada müraciət edə biləcəyim nə isə olsa mütləq
edərdim, ancaq bunu heç kimin heç nəyi bilməməsi şərtilə edərdim.
Həqiqətən heç nə bilmirdim, telefonum da yox idi. Telefon almaq
imkanım nə gəzirdi. Hamıya demək istəyirəm ki, çıxılmaz vəziyyət
yoxdur, səslərini çıxarsınlar, öz arzuları üçün mübarizə
aparsınlar. Mən təhsil də ala bilmədim, uşaqlığımı da əlimdən
aldılar. İndi sürücülük vəsiqəsi almaq istəyirəm və bu məqsədə
çatacağım günü gözləyirəm. İşləməyə də başladım, övladımın birinə
“İphone 15” aldım. Mən arzulayırdım və yoxum idi, indi onlara
ikiqatını etməyə çalışıram”, – o, bildirir.
Marneulidə zorakılıq qurbanları üçün mövcud olan xidmətlər kifayət
qədər məhduddur. Yeganə məkan “Böhran mərkəzi”dir. 2024-cü il
ərzində buraya yalnız 16 nəfər Marneulili qadın müraciət edib. Bu
polisdə, statistikada görünən göstəricilərə uyğun gəlmir. Onlarda
zorakılıq hallarının göstəriciləri kifayət qədər yüksəkdir. Bu
məlumatsızlığın, eləcə də xidmətlərin əlçatanlığı ilə bağlı real
çətinlikləri göstərir.
Əhalinin aşağı səviyyədə müraciət etməsi yalnız məlumatın az
olmasını göstərmir. Problem kifayət qədər dərindir. Əksər hallarda
qadınlara mühit imkan vermir ki, ucadan danışsınlar, yaxud çıxış
yolu tapsınlar. Psixoloq Maia Tsiramua bunu ictimaiyyətdə kök
salmış, qadının seçim hüququnu əlindən alan, xüsusilə yetkinlik
yaşında ona uyğun olmayan məsuliyyəti yükləyən mədəni və sosial
gözləntilərlə əlaqələndirir.
“Yeniyetmə yaşına uyğun olmayan rolu, məsuliyyəti yerinə yetirdiyi
boyunduruq altında olmamalıdır. Eləcə də fizioloji, emosional və
psixoloji baxımdan hazır olmadığı funksiyanı yerinə yetirməməlidir.
Uşaqların bu vaxt başqa tələbləri var. Buna görə onlar əksər
hallarda zorakılıq qurbanı olurlar və sonra bunların hamısına
uyğunlaşırlar. Bu yalnız onun həyatına, təhsilsiz qalmasına, sosial
baxımdan yoxsullaşmasına, ünsiyyət qurmamasına, dostlarının
olmamasına, peşəsinin olmamasına və s. təsir etmir. Uşaq usağı
böyüdə bilməz. Heç esmosional, fizik olaraq da buna dözə bilməz.
Sizin danışdığınız hadisə yaxşı göstərir ki, təhsilin nə dərəcədə
əhəmiyyəti var. Bu halda övlad dərk edib və bu ailə travmasının
qarşısına keçib. Mən bunu travma adlandırıram. Erkən evlilik
psixoloji travmadır, bu yalnız həmin nəsildə qalmır, növbəti
nəsillərə də ötürülür. Çoxşaxəli problemdir”, – Maia
Tsiramua bildirir.
Psixoloqun sözlərinə görə, psixoloji travmanın yaranma
səbəblərindən biri məhz qadının seçim azadlığını əlindən alan
ictimai təzyiqdir. Xüsusilə patriarxal mühitdə, qadının rolu
birmənalı olaraq “evdarlıq” və “analıq” ilə əlaqədardır. Bu hal
qadının başqa növ uğurlarını görünməz edir.

“Qadının bütün mahiyyətini onda görürsən ki, əgər o, ana
deyilsə, evdar deyilsə, qüsurludur. Bu böyük ədalətsizlikdir və
ictimai rəy buna təsir edir. Utanc insanda çox dərin kök salan
hissdir. Utanmamaq, tez-tez başqalarının ona boşanmış qadın
olduğunu deməsinin qarşısını almaq üçün insan əlindən gələni edir.
Tamamilə anormal normalara görə, insanlar tez-tez toksik mühitdə
qalmaq və ictimai rəyin qurbanı olmaq məcburiyyətindədirlər. Bütün
növ cəmiyyətlər üçün, cinsindən asılı olmayaraq, insanın öz
qabiliyyətlərini inkişaf etdirmək və reallaşdırmaq imkanının olması
prioritet olmalıdır. Elm adamı, yazıçı, həkim kimi nə qədər uğurlu
qadın itirilib, çünki ailələri və cəmiyyət onların bu rola sahib
olması qərarına gəlib", – psixoloq deyir.
Maia Tsiramua hesab edir ki, qadınlar təhlükəsiz və dəstəklə dolu
mühit yaratmalıdırlar, öz problemləri barədə sərbəst, ucadan danışa
bilməlidirlər. Onun sözlərinə görə, məhz icmanın fəal iştirakı və
dəstəyi zorakılıq qurbanı olan qadınların bərpasında, onların
uğurlu sosial inteqrasiyası prosesində qərarverici amildir.
“İnsana cəsarət və ona dəstək verəcək mərkəzlərə getmək
üçün hər cür şərait yaradılmalıdır. Əgər müraciət göstəricisi
aşağıdırsa, bu insanların bu addımı atmağa cəsarət etmədiyini
göstərir. Təhsil, informasiya və ictimaiyyətin dəstəyi çox
önəmlidir. Məni dəstəkləyəcək ən azı üç-dörd nəfərin olduğunu
biləndə, daha qətiyyətlə gedəcəyəm. Qadınlar həqiqətən nədən
qorxurlar? – Onsuz da heç bir şey alınmayacaq, gizlilik pozulacaq.
Bu sistem məni qoruya bilməyəcək və bu problemlər daha da
dərinləşəcək. Hərdən bu qorxular vəziyyətə çox uyğundur. Çünki
dövlət qurumları nümayəndələrinin rollarını dəqiq yerinə yetirə
bilmədiyi çox hallar bilirik. Bu yalnız kiminsə cəsarət etməməsinə
və ya məlumatının olmamasına görə baş vermir. Əksər hallarda bu
etibar olmadığına, çox sayda pis təcrübələr olduğuna görə baş
verir. Bu qadına daha çox mane olur və onsuz da yaşadığı
əzab-əziyyətin on qat artmasını, əlində olan hüquqların da əlindən
alınmasını istəmir”, – Tsiramua bildirir.
Yerli səviyyədə qadınlara dəstək göstərilməsinin qayğısına qalacaq
ən mühüm qurum bələdiyyədir. Ancaq onlar əsasən yalnız
istiqamətləndirmə funksiyasını yerinə yetirirlər. Marneuli
meriyasının 60 milyon lari həcmindəki büdcəsində isə zorakılıq
qurbanı olan qadınlara xidmət göstərmək üçün ayrılmış konkret maddə
tapa bilməzsiniz.
Yerli səviyyədə qadınların dəstəklənməsinə cavabdeh olan əsas
orqanlardan biri bələdiyyədir. Marneuli Meriyası artıq ikinci ildir
ki, uşaq sahibi olan zorakılıq qurbanı qadınlar üçün bir proqram
həyata keçirir, lakin bu proqramdan indiyədək heç kim
yararlanmayıb. Yerli özünüidarəetmə orqanı səbəb kimi müraciətlərin
olmamasını göstərir.
Elə həmin proqramın şərtlərinə əsasən, yardım Marneuli
bələdiyyəsinin ərazisində qeydiyyatda olan və zorakılıq qurbanı
olan, azyaşlı övladı və ya övladları olan qadına göstərilə bilər.
Maliyyə dəstəyi 3 ay müddətində aylıq 300 lari təşkil edir.
Təqdim olunmalı sənədlər:
- Azyaşlının qanuni nümayəndəsi olan şəxsin – yəni ananın
Marneuli Bələdiyyəsinin meri adına yazılmış ərizəsi;
- Ərizəçinin şəxsiyyət vəsiqəsinin surəti;
- Azyaşlı uşağın / uşaqların doğum haqqında
şəhadətnaməsinin surəti;
- Azyaşlının qeydiyyatda olduğu ünvanla bağlı
arayış;
- Marneuli Bələdiyyəsinin Uşaq və Ailə üzrə Sosial
İşçisinin ailənin vəziyyəti ilə bağlı hazırladığı qiymətləndirmə
hesabatı və ya zorakılıq faktını təsdiqləyən Tövsiyə məktubu – bu
sənəd Dövlət Qayğı və İnsan Alveri Qurbanlarına Yardım
Agentliyindən alınmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415