Mzia Amağlobelinin hökmü dünən elan edilməyib – proses 4 avqustda davam edəcək

Batumi Şəhər Məhkəməsi “Netgazeti” və “Batumelebi” müstəqil nəşrlərinin təsisçisi Mzia Amağlobeli ilə bağlı işi araşdırmağa davam edir.

Nəticə olaraq, hələlik hökm elan edilməyib. Növbəti məhkəmə iclası 4 avqust tarixinə təyin olunub.

2025-ci il avqustun 1-də keçirilən məhkəmə iclası doqquz saatdan artıq davam edib. Əsas vaxt Amağlobelin vəkili Maia Mtsariaşvilinin yekun çıxışına sərf olunub – bu çıxış

yeddi saatdan çox çəkib.

Amağlobelinin digər vəkilləri də çıxış ediblər. Daha sonra prokurorlar replikalar təqdim ediblər, müdafiə tərəfi isə bu replikalara yenidən cavab verib.

İclasın sonunda, saat 22:30-da hakim Nino Saxelaşvili Mzia Amagğlobeliyə bildirib ki, ona son söz demək imkanı veriləcək və növbəti məhkəmə iclasının 4 avqust saat 13:00-da keçiriləcəyini elan edib. Zalda “Ədalətsiz məhkəmə”, “Yansın Oliqarxiya” kimi şüarlar səslənirdi.

Prokuror: “Dqebuadzeyə dəymiş ziyan bir illik həbsə belə layiq deyil, amma...”

Prokuror Tornike Qoqeşvili yekun çıxışında bildirdi ki, polis rəisi İrakli Dğebuaədzeyə yetirilmiş fiziki zərərin “nə 4-7 il, nə 2 il, nə də 1 il həbs cəzasına layiq olmadığını” hesab edir, lakin əlavə etdi ki, bu halda ittiham “onun fəaliyyətinə” aiddir – “Axı aydındır ki, bu məsələni ağırlaşdıran amil nədir.”

Prokuror bir daha istintaqla bağlı prosessual razılaşmadan danışdı və qeyd etdi ki, bu məsələnin “səhv interpretasiya” olunmasına görə təəssüf hissi keçirir.

Prosessual razılaşmanı prokurorlar ilk dəfə 21 iyul iclasında, yekun çıxışlarını edərkən gündəmə gətirmişdilər. Prokurorlardan biri – Tornike Qoqeşvili bildirmişdi ki, prokurorluq “hazırdır” Amaghlobeli ilə prosessual razılaşmanı müzakirə etməyə.

Amağlobelinin vəkili həmin gün bunu “adi hüquqi manipulyasiya” adlandırdı və əlavə etdi:
“Mzia Amağlobeliyə heç bir hüquqi güzəşt lazım deyil. Mzia özü bu barədə danışıb. O, ədalət və ədalətli qərar tələb edir.”

“Ən yüksək səslə Mzianın səsi eşidilir” – vəkil

Prokurorların prosessual razılaşma ilə bağlı təklifinə vəkil Maia Mtsariaşvili bu dəfə də cavab verib:

“Mzia öz üzərinə götürə bilməz, vicdanlı bir insan öz üzərinə etmədiyi bir şeyi götürə bilməz”, – o dedi.

“Mən sizə onun haqqında həbsxana psixiatırının yazdığı xarakteristikaları oxudum. Orada yazılıb ki, bu insanın qeyri-təbii dərəcədə yüksək vicdanı var. Təsəvvür edirsinizmi? Həbsxana psixiatırı bunu yazıb. Belə bir insana necə deyə bilərsiniz ki, etiraf et, etmədiyini etmisən?” – deyə vəkil bildirib və hakima müraciət edib:

“Ən dəhşətlisi bilirsiniz nədir, hörmətli hakim? Bu zalda ən yüksək səslə Mzianın səsi eşidilir – halbuki o, heç danışmır. Yeddi aydır ayaq üstə dayanıb, bircə dəfə də ittiham olunanlar üçün nəzərdə tutulan oturacaqda oturmayıb. Əgər kimsə onun səsini eşitmək istəyirsə, ən ucadan o danışır.”

“Bir dəfə hardasa oxumuşdum, deyirdilər, əgər kimsə insan ruhunun ağrısını eşidə bilsəydi, Yer kürəsi kar olardı. Əgər ittiham və məhkəmə Mzianın ruhunun ağrısını eşidə bilsəydi, siz onun günahsız olduğuna inanardınız.” – deyə Maia Mtsariaşvili bildirib.

"Siyasi məhbus"

Mzia Amağlobelinin həbsi həm Gürcüstanda, həm də Qərbdə geniş şəkildə ədalətsiz, siyasi motivli və ya qanunsuz hesab olunur.

Onun qeyd-şərtsiz azadlığa buraxılmasını aylardır Avropa Parlamenti, Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi və Avropa Komissiyası tələb edir.

Həbs olunan jurnalist saxlanıldığı ilk 38 gün ərzində aclıq aksiyası keçirib. Aclığın 24-cü günündə xəstəxanaya yerləşdirilib və yalnız aclığı dayandırdıqdan sonra həbsxanaya qaytarılıb.

Amağlobeli işində iştirak edən prokurorlar, polis əməkdaşları və hakimlərə Baltikyanı ölkələr tərəfindən sanksiyalar tətbiq edilib.

Vəkilin yekun çıxışı

83 səhifəlik, demək olar 8 saatlıq yekun çıxışında vəkil Maia Mtsariaşvili müdafiə tərəfinin əsas arqumentlərini xülasə etdi. İttihamı nəzərə alaraq, əsas arqumentlərdən biri belədir:

– Batumi polis rəisi İrakli Dqebuadzeyə sillə vurulması hücum hesab edilə bilməz, xüsusən də polisə hücum kimi. Bu fikri təsdiqləmək üçün vəkil apelyasiya və ali məhkəmə təcrübələrinə istinad etdi.
– Onun izahına və bir sıra müstəqil hüquqşünasların fikirlərinə görə, Mzia Amaghlobeli heç bir cinayət törətməyib;
– Sillə vurmaq yalnız inzibati xəta kimi qiymətləndirilə bilər;
– Nəticə olaraq, təqdim olunmuş maddədə nəzərdə tutulan 4 ildən 7 ilə qədər həbs cəzası qeyri-mütənasibdir; belə bir hadisə üçün həbs cəzasının verilməsi qəbuledilməzdir – eyni zamanda onun barəsində həbs qətimkan tədbirinin bu qədər müddət davam etməsi də qəbuledilməz idi.

Batumi Şəhər Məhkəməsinin qarşısında etirazlar davam edib. Amağlobelinin həmkarları, dostları və digər vətəndaşlar səhərdən etibarən orada toplaşaraq etiraz edirlər.

Son yeddi ay ərzində keçirilmiş bütün məhkəmə iclaslarında olduğu kimi, bu gün də Mzia Amaghlobeli 9 saatdan çox ayaq üstə dayanaraq iştirak etdi – ittiham olunanlar üçün ayrılmış skamyada oturmadı.

Bugünkü iclasda diplomatik korpusun nümayəndələri, o cümlədən Gürcüstandakı Çexiya səfiri iştirak edirdilər. Zalda prosesin sonuna qədər boş yer yox idi.

Zalda Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də iştirak edirdi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


 

Print ელ. ფოსტა
FaceBook Twitter Google