Çin Xalq Respublikasının yüksək rütbəli diplomatı, Qərb mediasında
gələcək xarici işlər naziri kimi təqdim edilən Liu Cinçao həbs
olunub.
Liu Cinçao Çin Kommunist Partiyasının (ÇKP) Beynəlxalq Əlaqələr
Departamentinin rəhbəri vəzifəsini icra edirdi.
Məhz o, 2024 və 2025-ci illərdə “Gürcü Arzusu”nun nümayəndə
heyətlərinin Çinə son iki səfərinə ev sahibliyi etmişdi.
Həbs xəbərləri
Rəsmi mənbələrdə onun
guya həbs olunması və ya barəsində ittiham
irəli sürülməsi ilə bağlı açıqlama verilməyib.
Liu Cinçaonun mümkün həbsi barədə ilk məlumatı mənbələrə istinadən
ABŞ-ın Wall Street Journal nəşri yayıb. Daha sonra bu xəbəri
Reuters də daxil olmaqla digər beynəlxalq media orqanları
işıqlandırıb.
Məlumata görə, Liu 2025-ci ilin iyul ayının sonunda xarici səfərdən
Pekinə qayıtdıqdan dərhal sonra saxlanılıb. Bloomberg yazır ki,
onun evi də axtarılıb.
Mənbələrin bildirdiyinə görə, həbsin məqsədi “istintaq üçün
dindirilmə”dir. Lakin saxlanılmasından iki həftədən artıq vaxt
keçməsinə baxmayaraq, diplomat barədə konkret ittiham və ya digər
rəsmi məlumat açıqlanmayıb.
2023-cü ildən Liu Cinçaonun intensiv iş qrafiki, xüsusilə də
Vaşinqtonda ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinkenlə görüşləri
beynəlxalq mediada onun xarici işlər naziri postuna hazırlandığı
barədə ehtimalları gücləndirmişdi.
Çində bu, 2023-cü ildə xarici işlər naziri Tsin Qanın müəmmalı
şəkildə yoxa çıxmasından sonra yüksək vəzifəli şəxsin həbsi ilə
bağlı ən səs-küylü hadisədir.
Tsin Qanın yoxa çıxmasından bir ay sonra Çin hökuməti onun
vəzifədən azad edildiyini açıqlamışdı. Mediaya sızan, lakin
təsdiqlənməmiş məlumatlara görə, prezident Si Cinpin nazir postuna
Cinçaonu nəzərdən keçirirdi, lakin sonda vəzifəyə Vanq Yi
gətirildi.
61 yaşlı diplomat Çin Kommunist Partiyasında xarici ölkələrin
siyasi partiyaları ilə əlaqələrə cavabdeh idi.
O, 2022-ci ildən bu vəzifədə çalışır, bu müddətdə 20-dən çox ölkəyə
səfər edib və 160-dan artıq ölkənin nümayəndələrini, o cümlədən
Gürcüstandan gələnləri qəbul edib.
Liu Cinçao ingilis dilini Pekindəki universitetlərdən birində
öyrənib, daha sonra Oksford Universitetində beynəlxalq münasibətlər
ixtisası üzrə təhsil alıb.
Böyük Britaniyadan qayıtdıqdan sonra Çin Xarici İşlər Nazirliyində
tərcüməçi kimi fəaliyyətə başlayıb.
Karyerasında irəliləyərək Böyük Britaniya, İndoneziya və Filippində
səfir vəzifələrində çalışıb.
2015-ci ildə o, gözlənilmədən diplomatik xidmətdən korrupsiyaya
qarşı mübarizə aparan dövlət qurumuna keçirilib. Mediada yazılır
ki, o, “korrupsiyaya bulaşmış yüksək vəzifəli məmurların
axtarışına” rəhbərlik edirdi.
Məhz onun rəhbərliyi ilə Çini tərk edərək korrupsiya ittihamı ilə
axtarışa verilmiş yüzlərlə məmurun ölkəyə qaytarılması əməliyyatı
həyata keçirilib.
2018-ci ildə diplomatik xidmətə qayıdıb, 2022-ci ildən isə Çin
Kommunist Partiyasının Beynəlxalq Əlaqələr Departamentinə rəhbərlik
edir.
“Gürcü Arzusu”nun səfərlərinə ev sahibliyi
Gürcüstan və Çin arasında “strateji tərəfdaşlıq” münasibətlərinin
elan edilməsindən sonra “Gürcü Arzusu”nun parlament nümayəndə
heyəti iki dəfə Pekində olub. Hər iki səfərdə heyəti Liu Cinçao
qəbul edib.
2024-cü il 14–20 yanvar tarixlərində Çində səfərdə olan “Gürcü
Arzusu”nun parlament nümayəndə heyətinə o vaxt hələ partiya sədri
olan İrakli Kobaxidze rəhbərlik edirdi. Çin səfərindən qayıtdıqdan
sonra, 1 fevralda o, baş nazirliyə namizəd göstərildi və 8 fevralda
vəzifəyə təsdiqləndi.
Heyətdə Kobaxidze ilə yanaşı Xarici Əlaqələr Komitəsinin sədri
Nikoloz Samxaradze və parlament sədrinin müavini İrakli Çiqovani də
yer almışdı.
“Gürcü Arzusu”nun nümayəndə heyəti 2025-ci ilin iyul ayının sonunda
da Pekində olub.
Bu dəfə heyətə parlamentin vitse-spikeri Giya Volski rəhbərlik
edib. Onunla birlikdə “Gürcü Arzusu”nun üzvləri – Nikoloz
Samxaradze, Mariam Laşi, Şota Berekaşvili və Gela Samxarauli
səfərdə iştirak ediblər.
Sonuncu səfərə ABŞ Konqresinin üzvü Co Uilson da münasibət
bildirib:
“Anti-Amerika mövqeyində olan ‘Gürcü Arzusu’ kommunist Çinə yenidən
hörmət göstərir və onu ‘nümunəvi supergüc’ adlandırır,” – deyə o, X
sosial şəbəkəsində yazıb.
O, əlavə edib: “‘MEGOBARI’ Aktı Orta Dəhlizdə ticarətin və həyati
əhəmiyyətli minerallara çıxışın qorunması, eləcə də gürcülərin
böyük zəhmətlə qazandıqları azadlığın müdafiəsi üçün vacibdir.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415