“Gürcü Arzusu”nun icraçı katibi, hakim partiyanın parlament
çoxluğunun lideri Mamuka Mdinaradze bu gün, 18 avqustda keçirdiyi
brifinqdə Rusiyanın Federal
Təhlükəsizlik Xidmətinin (FSB) bəyanatına münasibət bildirib.
Rusiya tərəfi iddia edir ki, guya Krım körpüsündə partlayış
planlaşdırılırdı və bomba Gürcüstandan Rusiyaya gətirilmişdi.
Mdinaradzenin sözlərinə görə, bu məlumat ona indiyədək məlum
deyildi, lakin “hər bir halda ilk reaksiya belədir
– mən heç nəyi
istisna etmirəm. Bütün ölkələrin xüsusi xidmət orqanlarının, o
cümlədən Rusiyanın – ölkəmizin ərazilərinin 20 faizini işğal etmiş
dövlətin xüsusi xidmətlərinin – öz maraqları var. Mən onların
maraqlarının açımına başlamayacağam”, – deyə Mdinaradze partiya
ofisində keçirilən mətbuat konfransında qeyd edib.
Onun izahına görə, “hər bir ölkənin – işğalçının da,
qeyri-işğalçının da, dostun və ya dost adlandırılanın da – öz
maraqları olur və bu cür bəyanatlar həmin maraqlar prizmasında
nəzərdən keçirilməlidir”.
Dəqiqləşdirici suala cavab olaraq ki, hazırda Rusiyanın maraqları
nədən ibarətdir, Mdinaradze belə deyib:
“Rusiyanın maraqları ondan ibarətdir ki, müxtəlif
ölkələrin, o cümlədən Gürcüstanın maraqlarına zərər vursun. O,
işğalı davamlı və uzunmüddətli perspektivdə möhkəmləndirməyə
çalışır. Bu gün də Ukraynanın böyük bir hissəsini işğal edib. Belə
bir vəziyyətdə hansı maraqları ola bilər? – Dostluq maraqları təbii
ki, olmayacaq. O, öz maraqlarından çıxış edəcək”, – deyə Mdinaradze
bildirib və əlavə edib: “Ola bilsin ki, həqiqətən də nəsə
Gürcüstandan keçirilib, bəlkə də keçirilməyib – bunu heç kim
bilmir. Bu, müəyyənləşdirilməlidir. Hüquq-mühafizə orqanları
əvvəlcə reaksiya verəcək, sonra isə açıqlama yayımlayacaqlar”.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bildirib: onlar
“Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsündə güclü bomba
partlatmaq cəhdini” qarşısını alıblar. FSB-nin iddiasına görə,
partlayıcı maddə Chevrolet Volt markalı avtomobildə yerləşdirilib
və Rusiyaya Ukraynadan Gürcüstan vasitəsilə – “Yuxarı
Lars” sərhəd-keçid məntəqəsindən gətirilib.
Qurumun açıqlamasında deyilir ki, avtomobil daha sonra Krasnodar
vilayətinə xüsusi daşıyıcı tərəfindən aparılmalı idi. FSB-nin
versiyasına görə, avtomobil başqa bir sürücüyə təhvil veriləcəkdi
və həmin sürücü partlayıcı maddələrin mövcudluğundan xəbərsiz
şəkildə Krım körpüsündən keçərkən “istəmədən intiharçı terrorçuya
çevriləcəkdi”.
FSB bildirir ki, qurum partlayıcını zərərsizləşdirib və avtomobilin
Rusiyaya keçirilməsində iştirak edən bütün şəxslər saxlanılıb.
Hazırda Moskvanın açıqlamalarına nə Kiyev, nə də Tbilisi reaksiya
verib.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Krım körpüsündə yük
maşınının partlamasından sonra Moskva oxşar bəyanat yaymışdı. O
zaman 5 Rusiya və 3 Ukrayna vətəndaşı saxlanılmış, həmçinin
gürcüstanlı Aleksandre İnasaridzeyə də ittiham irəli sürülmüşdü.
Rusiya onu 2024-cü ildə dövlətlərarası axtarışa verib. Gürcüstan
rəsmiləri isə bəyan etmişdilər ki, ölkənin həmin partlayışla “heç
bir əlaqəsi yoxdur”.
Krım (Kerç) körpüsü Rusiyanın Krımı ilhaq etməsindən sonra inşa
olunub. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, onun
tikintisini qanunsuz hesab edir. 2022-ci ildən – Rusiyanın
genişmiqyaslı işğalından sonra isə körpünü “legitim hərbi hədəf”
adlandırıb. Bu il iyunda körpünü zədələmək üçün daha bir cəhd
göstərilsə də, ciddi zərər qeydə alınmayıb.