Marneulidə həmkəndlisini bıçaqlayıb döyən iki nəfər saxlanıldı
Marneuli rayonunun kəndlərindən birində ağır cinayət hadisəsi baş
verib. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə,
1992-ci il təvəllüdlü Ş.G. adlı şəxs həmkəndliləri tərəfindən
bıçaqlanıb və küt alətlərlə ağır şəkildə döyülüb.
Nazirliyin məlumatına əsasən, aparılan istintaq tədbirləri
nəticəsində 2005-ci il təvəllüdlü N.X. və 2007-ci il təvəllüdlü
T.X. saxlanılıb.
Bildirilir ki, onlar keçmişdə yaşanmış mübahisəyə
görə Ş.G.-yə müxtəlif bədən xəsarətləri yetirərək hadisə yerindən
qaçıblar.
Yaralı hazırda xəstəxanada müalicə alır. Faktla bağlı Gürcüstan
Cinayət Məcəlləsinin 117-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və
120-ci (qəsdən yüngül xəsarət yetirmə) maddələri üzrə istintaq
aparılır. Təqsirləndirilən şəxsləri 7 ilədək azadlıqdan məhrumetmə
cəzası gözləyir.
DİN araşdırmalara davam edir.