Xülasə
- ABŞ prezidenti Donald Tramp son həftələrdə Tramp Asiya-Sakit
okean bölgəsində "xammal diplomatiyası" aparıb. İndi isə diqqətini
Orta Asiyaya yönəldir.
- Orta Asiyada 170 nadir torpaq metal yatağı mövcuddur. Onlardan
28-i iqtisadi baxımdan səmərəli sayılır, ilkin kəşfiyyat
mərhələsində olanlar da var
- "Bu, Orta Asiya liderləri üçün daxili iqtisadi vəziyyətlərini
yaxşılaşdırmaq, xarici birbaşa investisiyaların sürətli axınını
təmin etməyə yeni bir yol aça bilər".
- "Əgər siz ABŞ olaraq rəqabət aparmaq istəyirsinizsə, sərt
ekoloji qaydaları olmayan, emalın öz ərazisindən təşkilinə hazır
digər ölkələr tapmalısınız".
ABŞ prezidenti Donald Tramp son həftələrdə Avstraliya, Malayziya,
Tailand və Yaponiya ilə mineral ehtiyatlarla bağlı sazişlər əldə
edib. İndi isə diqqətini Orta Asiyaya yönəldir. O, noyabrın 6-da
Vaşinqtonda region liderləri ilə görüşəcək.
Orta Asiya ölkələri böyük neft və qaz ehtiyatları ilə tanınır. Bu
regionda ABŞ milli təhlükəsizliyi üçün vacib sayılan strateji
minerallar və nadir torpaq metallarının çox işlənməmiş zəngin
ehtiyatları da mövcuddur. Qazaxıstan, Qırğızıstan, Tacikistan,
Türkmənistan və Özbəkistan mineral sərvətlərini ABŞ ilə daha güclü
əlaqələr qurmaq üçün istifadə etməyi planlaşdırır.
"Orta Asiya ölkələri böyük yataqları və Orta Dəhlizə
artan investisiyalar səbəbindən əlverişli vəziyyətdə
görünürlər", – Vaşinqtondakı Yorktaun İnstitutunda
Turan Araşdırmalar Mərkəzinin direktoru Cozef Epşteyn
AzadlıqRadiosuna deyib. Orta Dəhliz Çini Orta Asiya və Qafqaz
üzərindən Avropaya bağlayan 6 min 500 km-lik yeni ticarət yoludur
və Rusiyadan yan keçir.
Tramp Asiya-Sakit okean bölgəsində "xammal diplomatiyası" aparıb,
Çin lideri Si Cinpinlə görüşüb. Pekinin nadir torpaq metallarının
ixracına məhdudiyyətlər qoyması bu iki ölkə arasında ticarət
münaqişəsini qızışdırmışdı.
Çin bu elementlərin qlobal təchizat zəncirini güclü nəzarətdə
saxlayır: nadir torpaq mədənlərinin 70 faizindən, emalının 90
faizindən, maqnit istehsalının 93 faizindən çoxunu idarə edir.
Orta Asiyanın nadir element yataqları
Orta
Asiyada 170 nadir torpaq metal yatağı mövcuddur. Onlardan 28-i
iqtisadi baxımdan səmərəli sayılır, ilkin kəşfiyyat mərhələsində
olanlar da var. Bölgənin böyük ölçüdə toxunulmamış yataqları Çinin
nadir torpaq metalları təchizatı üzərində inhisarçılığına potensial
alternativ ola bilər.
Ekspertlərə görə, Orta Asiya ABŞ investisiyalarına uyğundur. Region
ölkələri isə Çinin və Rusiyanın təsirini balanslaşdırmaq, bu iki
qonşudan çox asılı olmamaq üçün bu investisiyanı istəyirlər.
"Pekin və Vaşinqton bu fasilədən növbəti ticarət
gərginliklərində üstünlük qazanmaqdan ötrü yararlanacaq. Orta Asiya
ölkələri çoxvektorlu xarici siyasətlərini qorumağa çalışdığı bir
vaxtda ABŞ daha əhəmiyyətli bir balanslaşdırıcı qüvvəyə
çevrilir", –Epşteyn deyir.
Vaşinqtonda nələr müzakirə olunacaq?
Tramp
yanvarda hakimiyyətə qayıdandan bəri strateji minerallar Ağ evin
gündəmində olub. ABŞ Geoloji Xidmətinin milli və iqtisadi
təhlükəsizlik üçün vacib saydığı təxminən 50 mineral, o cümlədən
nadir torpaq metalları -külək turbini, smartfon və döyüş təyyarəsi
mühərriklərində istifadə olunan 17 element də bu sıradadır.
"Bu, Orta Asiya liderləri üçün daxili iqtisadi vəziyyətlərini
yaxşılaşdırmaq, xarici birbaşa investisiyaların sürətli axınını
təmin etməyə yeni bir yol aça bilər", – "Nightingale
Intelligence" qlobal siyasi risk şirkətində araşdırmalar üzrə
rəhbər Eldəniz Hüseynov AzadlıqRadiosuna deyib.
Mineral sərvətlərdən əlavə, sammitdə enerji logistikasına,
infrastruktur investisiyalarına, ABŞ-dən bölgəyə texnologiya
transferinə, təhsil mübadilələrinə, su resurslarının idarə
olunmasına da diqqət yetiriləcək.
AzadlıqRadiosunun jurnalisti Reyd Stendiş yazır ki, Orta Asiyadakı
keçmiş sovet respublikaları uzun illər genişmiqyaslı insan
hüquqları pozuntularında ittiham olunub. Di gəl, bu məsələnin
sammitdə əsas mövzu olması gözlənilmir. Bu isə bəzi hüquq müdafiə
qurumlarını narahat edir.
"Orta Asiya-ABŞ sammitində gündəmin əsas hissəsini
insan hüquqları təşkil etməlidir, özəlliklə də bölgədə
repressiyaların artdığı bir vaxtda", – "Human Rights
Watch"un Avropa və Mərkəzi Asiya direktoru Hyu Uilyamson belə
deyir.
"İştirakçı ölkələr anlamalıdır ki, beynəlxalq
tərəfdaşlar investisiya və əməkdaşlıq üçün başqa yerlərdə daha
sabit mühit axtarışına çıxsalar, onların əldə etdiyi sosial və
iqtisadi tərəqqiyə risk yaranar",– o əlavə edir.
ABŞ ilə Orta Asiyanın beş ölkəsini bir araya gətirən "C5+1" formatı
2015-ci ildə ABŞ dövlət katibi Con Kerrinin iştirakı ilə xarici
işlər nazirlərinin sammiti ilə başlayıb.
Qazaxıstan Tramp administrasiyasından Cekson-Venik ticarət
məhdudiyyətlərini ləğvi vədini almaq istəyəcək. Bundan ötrü
administrasiya respublikaçıların nəzarətində olan Konqreslə
işləmələdir. Soyuq müharibə dövründən qalan bu qanun emiqrasiyanı
məhdudlaşdıran qeyri-bazar iqtisadiyyatlı ölkələr üçün ticarət
maneələri qoyur.
Sammitdən öncə Ağ ev Qazaxıstanda yerləşən, dünyanın ən böyük
işlənməmiş volfram yataqlarından birinə çıxış əldə etmək üçün
danışıqlar aparıb. Pentaqon volframdan sursat və digər silahların
istehsalında istifadə olunur.
Bəs Orta Asiya Tramp administrasiyasından nə
istəyir?
R.Stendiş yazır ki, Orta Asiya liderləri
qarşılarında yaranan fürsəti dərk edirlər. Özbəkistan prezidenti
Şavkat Mirziyoyev 500 milyon dollarlıq nadir torpaq metallarının
hasilatı layihələri üzrə planlarını açıqlayıb. Qazaxıstan
prezidenti Kasım-Jomart Tokayev bu il parlamentdə çıxışında nadir
torpaq metallarının "yeni neft"ə çevrildiyini, onların işlənməsinin
"prioritet vəzifə" olduğunu bildirib.
Amma regiondakı yataqların böyük hissəsi hələ də tədqiq edilməyib,
istifadə olunmur, bəzi hallarda isə hələ sovet dövrü geoloji
araşdırmalara əsaslanır.
Apreldə Qazaxıstan ehtiyatları 20 milyon tondan çox olan böyük
nadir torpaq metalları yataqları aşkarladığını açıqlayıb.
Beynəlxalq şirkətlər hələ bunu təsdiqləməlidir. Təsdiqlənərsə,
Qazaxıstana nadir torpaq metallarının ehtiyatlarına görə dünyada
Çin və Braziliyadan sonra üçüncü yerə çıxa bilər.
ABŞ-nin Qazaxıstandakı keçmiş səfiri, "Rand Corporation" tədqiqat
təşkilatının baş elmi işçisi Uilyam Kortni AzadlıqRadiosuna deyir
ki, Orta Asiya hökumətləri ABŞ ilə nadir torpaq metallarının, digər
mühüm mineralların tədqiqi, hasilatı və ixracı sahəsində
əməkdaşlığı genişləndirmək istəyir. Xüsusilə onların emalına
sərmayə qoyuluşuna maraq göstərirlər.
Çin nadir torpaq metallarının emalı sahəsində, demək olar, tam
monopoliyanı saxlayır. Onilliklər boyu davamlı sərmayələr qoyub,
emal prosesində ekoloji tənzimləmələr zəif olub.
"Əgər siz ABŞ olaraq rəqabət aparmaq istəyirsinizsə,
sərt ekoloji qaydaları olmayan, emalının öz ərazisindən təşkilinə
hazır digər ölkələr tapmalısınız", – Kortni
deyir.
Bu arada Orta Asiya ölkələri artıq mədən şirkətlərini cəlb etmək
üçün qanunvericiliklərini uyğunlaşdırıblar. ABŞ sərmayəsinin cəlbi
üçün isə xarici kapitalın bazara daxil olmasına mane olan baryerlər
azaldılmalıdır. Bu məsələ də sammitin gündəliyində yer alıb.
Region liderləri logistika marşrutlarına da daha çox sərmayə cəlb
etmək istəyirlər.
Rəsmi adı Transxəzər Nəqliyyat Dəhlizi olan Orta Dəhliz regionun
mineral sərvətlərinin daşınmasında əsas arteriya rolunu
oynayacaq.
Bu marşrut artıq Avropa, Çin və Ərəb Körfəzi ölkələrindən
sərmayələr cəlb edib. Orta Asiya liderləri ümid edirlər ki,
Vaşinqtonun regionun mineral resurslarına marağı əlavə sərmayələr
gətirəcək.
"Minerallara və onların emalına diqqətin yönəldilməsi
həm də Orta Dəhlizin inkişafını əsaslandırmağa və onu gücləndirməyə
kömək edir", – Hüseynovun sözləridir.