Marneulidə kişini vuran qatar Tbilisi-Yerevan istiqamətində hərəkət edirmiş
Marneulidə 30 yaşlarında kişini vuran qatar Tbilisidən Yerevan istiqamətində hərəkət edirmiş.
“Gürcüstan Dəmir Yolları”ndan aldığımız məlumata görə, Tbilisi-Yerevan istiqamətində hərəkət edən qatarın personalı Ermənistan Dəmir Yollarının nümayəndələrindən ibarət olub. Qatarın maşinisti ifadə verməyə aparılıb.

Ötən gün, 15 oktyabr tarixində Marneuli-Şulaveri yolunda qatar 30 yaşlarında kişini vurub. Şahidlərin bildirdiyinə görə, kişi güman ki, sərxoş vəziyyətdə olub. O, relslərin üstündə başını aşağı salmış vəziyyətdə oturubmuş və qatarın xəbərdarlıq siqnalına baxmayaraq relslərdən kənara uzaqlaşmayıb.

Dünyasını dəyişmiş kişinin cəsədi Məhkəmə-Tibbi Ekspertizanın Rustavi şöbəsinə aparılıb.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin dəmir yolu hərəkəti təhlükəsizliyinin və istismarı qaydalarının pozulmasını nəzərdə tutan 275-ci maddəsi ilə istintaq başlayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები