Qızlar niyə erkən yaşda evlənməməlidirlər - SORĞU
Erkən evlilik bütün dünyada öz mənfi təsirlərini göstərməkdədir. Bu problemin səbəb olduğu fəsadlar Gürcüstanda, xüsusən də etnik azlıqların yığcam yaşadığı Kvemo Kartlidə də qarşımıza çıxır. Erkən evliliyin yaratdığı əsas problemlərdən biri gənclərin təhsil həyatından uzaqlaşmalarıdır.

“Marneuli” radiosu Marneulili gənclərin erkən evliliklə bağlı düşüncələri və erkən evliliyi necə dəyərləndirdikləri ilə maraqlandı. Müsahibədə əsasən gənc qızlar mövzu ilə bağlı öz fikirlərini bildirdilər.

Namilənin 20 yaşı var və onun sözlərinə görə, qız və ya oğlan fərqi yoxdur, ilk olaraq ictimai məktəbi bitirib ali təhsil almalı, daha sonra isə öz işlərini qurmalıdırlar. Namilə deyir ki, həyatı dərk etməyən, öz karyerasını qurmayan biri evlilik həyatında da uğurlu ola bilməz. O, bildirdi ki, erkən evliliyi mənfi qarşılayır və onun fikrinə görə, kişilərdən daha çox qadınlar təhsil almalıdırlar. Çünki, kişilər istədikləri müəssisədə çalışa bilərlər, qadınlar isə yox.

22 yaşlı Ellada boşanmaların əsas səbəbi olaraq erkən evliliyi misal göstərdi. Onun sözlərinə görə, səhv seçim edilməsi nəticəsində boşanmalar baş verir, nəticədə isə uşaqlar öz həyatlarına ayrılmış valideyinlərlə davam etməli olurlar. Namilə kimi Ellada da düşünür ki, qadınlar mütləq təhsil almalıdırlar. Belə olduğu halda onlar evlilik həyatında daha doğru qərarlar almış olacaqlar.

Namilə və Ellada kimi Çiçək də erkən evlilik mövzusunu mənfi dəyərləndirir. Onun 23 yaşı var və düşünür ki, qadın öz hüquqlarını bilmirsə, istər fizioloji, istərsə də psixoloji baxımdan zorakılığa məcbur qalır. O, deyir ki, 16 yaşında bir qız evlənir və evdə hər hansı bir iş görməyi bacarmırsa, ona bu ifadələri ünvanlayırlar: "Evlənməyi bilirsən, iş görməyi yox?" belə olduğu halda isə ona psixoloji zorakılıq tətbiq olunur. Çiçəyin sözlərinə görə, bəzən yaş artdıqca insanın düşüncələri də dəyişir, seçim etdiyi həyat yoldaşına qarşı fikirləri dəyişir və başa düşür ki, o, öz seçimində yanılıb. Beləliklə həmin qadın uşaq yaşında etdiyi seçiminə baxıb həyatı boyunca peşmançılıq hissi yaşayır. Bunu isə heç bir qadın arzu etməz.



Xatırladaq ki, Laqodexidə baş verən hadisə zamanı 16 yaşlı qıza qarşı 40 yaşlı İ.B. tərəfindən zorakılıq tətbiq olunmuş və məktəbli özü də bilmədən uşaq dünyaya gətirmişdi. Daha bir zorlama hadisəsi isə Saqarecoda 24 yaşlı kişi tərəfindən 14 yaşlı qıza qarşı törədilmişdi.

Print ელ. ფოსტა
თეგები: Marneulifm Marneuli
FaceBook Twitter Google