Kür çayının Kosalı hissəsində sahil bərkitmə işləri həyata keçiriləcək
Kür
çayında suyun səviyyəsinin artması hər il Kosalı kənd sakinləri
üçün böyük təhlükələr yaradır. Suyun səviyyəsinin qalxması kənddə
salınmış qəbiristanlığı, sakinlərin əkin sahələrini və çaya yaxın
olan evləri təhlükə altında qoyur. Sakinlərin bu problemi illərdir
ki, bitmək bilmir.
Kəpənəkci inzibati ərazi vahidliyinin nümayəndəsi Asif Yüzbaşov
“Marneuli” radiosu ilə müsahibəsi zamanı bu problemin yaxın
günlərdə aradan qalxacağını bildirdi. Onun sözlərinə görə, yerli
deputatlar, Marneuli meri Zaur Darğallı və mer müavini Laşa
Lobjanidze dəfələrlə kənd sakinləri ilə görüşlər keçirərək məsələ
ilə maraqlanıblar. Kəndlilərin meriyaya müraciəti əsasında
hal-hazırda kənddə işlərin başlaması üçün texnika göndərilib.
Birinci Kosalı kəndində Kür çayının sahil bərkitmə işlərinin yerinə
yetirilməsi üçün Marneuli meriyası 2 aprel tarixində tender elan
edib. Tenderə əsasən sahil bərkitmə işləri üçün 1 300 000 lari
ayrılıb. Layihə üçün məbləğ Gürcüstanın Regional İnkişaf Fondundan
ayrılıb.
Meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbərinin “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, indiki mərhələdə
işlər üçün hazırlıq işləri görülür və işlərin görüləcəyi yerə
xüsusi texnika aparılıb.