“Mən həyatımı başqası nə fikirləşər deyə yaşamaq istəmirəm”, – 18 yaşlı Marneulili gənc qızın hekayəsi
18 yaşlı Səlma (ad şərtidir) Marneulidə yaşayır və 12-ci sinifdə oxuyur. Səlma abituriyentdir riyaziyyat və məntiq kurslarına gedir.
Tək istəyi İlya Dövlət Universitetinə qəbul olub təhsilini davam etdirməkdir. Səlma 18 yaşı olmasına baxmayaraq acı taleyi ilə razılaşıb, sinəsini gərərək insanların fikirlərini önəmsəmədən həyatına olduğu kimi davam edir. Onun sözlərinə görə, insanlar onun haqqında bildi, bilmədi danışıb, ələ salaraq gülürlər.

“4 il əvvəl 8-ci sinifdə oxuyan zamanlar müəlliməmiz sinfə daxil olub, gəzinti üçün dağa çıxacağıq dedi. Həmin gün çox sevinmişdim, əylənəcəkdik, yaxşı vaxt keçirəcəkdik deyə düşünürdüm. Amma yanılmışdım, haradan bilərdim ki, o gün mənim həyatımdakı dəyişim nöqtəsi olacaq. Səhər məktəbin qarşısına toplandıq və yola düşdük. Bir az gəzdim, sonra qızlar dedilər gəlin yüksək dağa qalxaq və qalxdıq. Çıxdığımız zaman mən yıxıldım və başımdan xəsarət aldım”,
– Səlma deyir.

O, bu yaranın keçib gedəcəyini düşünüb, evdəkilərə heç nə deməyib və həyatına olduğu kimi davam edib. Amma günbəgün Səlma saçlarının töküldüyünü hiss edib və qorxub. Ailəsi şübhələnərək onu həkimə aparıb. Həkim isə diaqnoz qoyaraq sadəcə vitamin çatışmazlığıdır deyib.

“Həkim bu dərmanları alın, çəkin düzələcək dediyində elə bil həyata yenidən gəlmiş kimi sevindim. Bir müddət keçdikdən sonra heç bir xeyri olmadığını gördüm. İyun ayı olardı, bir səhər qalxdım, qardaşımın anama kirmişcə “Ana Səlmanın saçı təmiz tökülüb” dediyini eşitdim. Tez aynanın qabağına getdim, baxdıqda gördüm ki, saçım tökülüb və dərim görünür. Otağıma girdim qapını bağlayıb hönkürə-hönkürə ağladım”, – Səlma deyir.

Valideynləri Səlmanın xəstəliyinin ciddiləşdiyini görərək onu Tbilisidə yerləşən xəstəxanaların birinə aparırlar. Həkim valideynlərinə Səlmanın dərisinə infeksiya daxil olduğuna görə zəhərləndiyini deyir. Bu sözləri eşidən Səlmanın dünyası qaralmışdı.

“Saçını tamamilə kəsin saçı yenilənsin”, – həkim onun valideynlərinə deyir.

Səlma deyir ki, evə gəldikdə valideynləri onun saçını tamamilə kəsib. O, valideynləri üzülməsin deyə gülümsəməyə çalışıb, lakin həmin gün Səlmanın həyatındakı ən ağır günlərdən biri olub. Bundan sonra o, utanaraq otağından çölə çıxmayıb.

“Saçlarım yeni çıxırdı, kursa gedirdim və hamı üzümə baxıb gülürdü. Balaca uşaqlar qaçın oğlan gəldi deyib gülürdülər, özümü eşitməməzliyə vururdum, amma çox pis olurdum. Evə gələndə mən parik taxmaq istəyirəm dedim. Valideynlərim razı oldu. Təbii parik almağa imkanımız çatmadı, süni parik aldıq və mən çox sevindim. Uzun müddət idi ki, özümü uzun bir saçla təssəvür etməmişdim. Amma yenə də uşaqlar kukla saçlı gəldi deyirdilər. Hər hansı yerə getdiyimiz zaman hamı üzümə baxır, mənim haqqımda daşırdılar. Çox pis oluram. Və nə etsəm də, insanlara yarana bilməyəcəyimi görürdüm. Hər gün fikirləşirdim, axı niyə gülürlər, mənim başıma nə gəldiyini, nələr çəkdiyimi bilib-bilmədən niyə gülürlər? Bu sualın cavabını hələ də bilmirəm. Nə olursa olsun, mən dünyaya başqası nə deyər deyə gəlməmişəm. Mənim həyatım, mənim qaydalarımı, imkanlarımı əlimdən aldırmayacağam və təhsilimi davam etdirəcəyəm. Daha da güclü olacağam”, – Səlma deyir.

Səlma 4 il başqalarının dediklərinə pis olaraq həyatını öz istədiyi kimi yaşamamışdı. Qərar verdiyi gün həyatının yenidən başlamışdı. Güclü idi, o, yıxılmayacaqdı, çünki arzuları var idi, ümidləri var idi.

“Mən həyatımı heç kimə görə puç etməyəcəyəm. Parikimi çıxardacağam, məni istəyən bu cür qəbul etsin. Mənə heç kimin fikri lazım deyil. Mənim həyatımdır, istədiyim kimi yaşamaq haqqımdır”,
– Səlma deyir

Dünyada keç kim 5 dəqiqədən sonra başına nə gələcəyini bilmir. Kimə isə rişxənd edib gülməzdən əvvəl və ya tanımadan, haqqında danışmazdan əvvəl düşünün ki, bu həyatın qurbanı sən də ola bilərdin.

Müəllif- Cəsur Hacıyev



Print ელ. ფოსტა
თეგები: covid-19
FaceBook Twitter Google