“Çoxmillətli Gürcüstan” 2021-ci ilin yerli özünüidarə seçkilərinin
seçkiqabağı vəziyyətin monitorinqinin aralıq hesabatını yayımlayıb.
Hesabata görə, Marneulinin bir neçə seçki məntəqə komissiyasına
“Gürcü Arzusu”-nun tərəfdarları və Parlament deputatı Zaur
Darğallının yaxın qohumları qəbul olunub.
“Marneulinin #89 məntəqəsində komissiya üzvü olaraq
Anar Məmişovu seçiblər. O, “Gürcü Arzusu”-nun fəal tərəfdarıdır;
Marneulidə məntəqə üzvləri: Afina Darğallı (#22.04), Gülnara
Darğallı (#22.05), Dilarə Darğallı (#22.66) və Samirə Darğallı
(#22.67) – “Gürcü Arzusu”-nun Gürcüstan Parlamentində majoritar
deputatı Zaur Darğallının yaxın qohumlarıdır”, –
“Çoxmillətli Gürcüstan”-ın seçkiqabağı vəziyyətlə bağlı
monitorinqinin aralıq hesabatında qeyd olunub.
Təşkilatın məlumatına görə, “Çoxmillətli Gürcüstan”-ın
müşahidəçilərinin seçki məntəqə komissiyasının üzvlərinin seçilmə
prosesini müşahidə etdiyi məntəqələrdə müxalifət partiyaları
tərəfindən təyin edilmiş komissiya üzvləri prosesə etimadlarının
olmadığını bildiriblər. Hesabata görə, Marneulidə seçki məntəqə
komissiyasının üzvlərinin seçilmə prosesi zamanı Vahid Milli
Hərəkat nümayəndələri fərqli fikir qeyd edib.
“Vahid Milli Hərəkat, Lelo, Qirçi, Ağmaşenebeli
strategiyası və Avropalı gürcüstan tərəfindən təyin edilmiş üzvlər
Marneulidə heç bir namizədi dəstəkləməyib”.
Hesabatda seçki komissiyalarının etnik tərkibindən də söhbət
açılıb. Hesabatdan aydın olur ki, Marneuli dairə seçki
komissiyasında 17 üzvdən yalnız 2 etnik azərbaycanlıdır. Gürcüstan
miqyasında ən çox, 14 nəfər etnik azlıq nümayəndəsi Ninotsminda və
Axalkalai Dairə Seçki Komissiyasında işlə təmin olunub. Yeddi
dairənin hərəsində bir nəfər etnik azlıq nümayəndəsi, qalan 11-də
isə heç biri işlə təmin edilməyib.
“Məntəqə seçki komissiyalarında isə etnik azlıqların ən
yüksək təmsil edilməsi Ninotsminda və Marneulidə qeydə aınıb.
Ninotsmindada 296 nəfər seçilmiş komissiya üzvündən 283, Marneulidə
isə 720 seçilmiş üzvdən 579 üzv etnik azlıq nümayəndəsidir.
Monitorinq dairəslərindən etnik azlıqların ən aşağı təmsil edilməsi
Samqori dairəsində qeydə alınır. Seçilmiş 582 komissiya üzvündən
yalnız 13 etik azlıq nümayəndəsidir”, - hesabatda
qeyd olunub.
“Çoxmillətli Gürcüstan” seçkiqabağı vəziyyətin monitorinqinə 4
bələdiyyədə, 4 müşahidəçi vasitəsi ilə 2021-ci ilin 1 yanvar
tarixindən başlayıb. Aralıq hesabatı 2021-ci ilin 1 iyun tarixindən
31 avqust tarixinə qədər olan dövrü əhatə edir.