Marneuli yerli özünüidarəsi Baytallı kəndinə su şəbəkəsi çəkməyi
planlaşdırır.
Marneuli meriyası Baytallıda daxili su şəbəkəsinin quraşdırılması
işlərinin smeta sənədləri üçün 383 680 lari dəyərində tender elan
edib.
“Qeyd olunan layihə Baytallı kənd ərazisindəki quyunun ətrafında
xlor və sanitar zonası qurmağı nəzərdə tutur. Quyuya avtomatik
idarəetmə bloku ilə nasos quraşdırılacaq. Həmin nasos vasitəsilə
quyunun ətrafındakı su təzyiqi qülləsinə su ötürüləcək. Oradan isə
su kəndin paylayıcı şəbəkəsinə veriləcək. Layihə ilə kənddə
polietilen borular vasitəsilə yeni paylayıcı şəbəkənin
quraşdırılması nəzərdə tutulub”, – smeta
sənədlərində qeyd olunub.
Baytallıya içməli su şəbəkəsini çəkmək üçün elan edilmiş tenderdə
qalib gələcək şirkət müqavilə bağladıqdan 150 gün ərzində
öhdəliyini yerinə yetirməlidir.
Tenderdə iştirak etmək istəyən şirkətlər 4 noyabrdan 9 noyabr
tarixində qədər təkliflərini təqdim edə bilərlər.