Qardabanidə Vaja Pşavelanın "Meşə Komediyası" kitabının təqdimatı keçirilib
5 dekabr tarixində Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrında gürcü ədəbiyyatının vacib simalarından biri olan tanınmış gürcü şairi və yazıçısı Vaja Pşavelanın uşaqlar üçün yazdığı “Meşə komediyası” pyesi kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində ziyalılar, müəllimlər, QHT nümayəndələri və Qardabani sakinləri iştirak ediblər.

Kitabın təqdimatından sonra “BEEZ” Uşaq Teatrının “Meşə komediyası” pyesi əsasında hazırlanmış tamaşa nümayiş etdirilib.

Sonda tamaşada iştirak edən balaca aktyorlar “BEEZ” Uşaq Teatrı tərəfindən diplom və maarifləndirici hədiyyələrlə təltif olunublar. Həmçinin ictimai fəal Samirə Bayramova da teatrın aktyorlarını özünəməxsus hədiyyələrlə sevindirib.

Pyesi gürcü dilindən Azərbaycan dilinə Aynurə Əliyeva tərcümə edib. Kitabın redaktoru və nəşrə hazırlayanı Azər Musaoğlu, dizayneri isə Elsevər Əhmədovdur.

Qeyd edək ki, kitab Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin 2021-ci ildə elan etdiyi “Uşaqlar və yeniyetmələrin özəl yaradıcılıq studiyalarına dəstək” müsabiqəsində “BEEZ” Uşaq Teatrının qalib gəldiyi “Səhnədən inteqrasiya” layihəsi əsasında çap olunub.



Layihəyə əsasən, Vaja Pşavelanın “Meşə komediyası” pyesi Azərbaycan dilinə tərcümə olunaraq kitab şəklində nəşr olunub və bələdiyyələrin kitabxanalarına, məktəblərə, icma mərkəzlərinə paylanılıb, həmçinin pyes “BEEZ” Uşaq Teatrı tərəfindən səhnələşdirilərək Qardabani, Rustavi, Marneuli və Bolnisi bələdiyyələrində nümayiş etdirilib.





Print ელ. ფოსტა
FaceBook Twitter Google
დაიცავი დისტანცია