Siyasi elitanı idarə edən siyasi dairənin etnik və dini azlıqları tapdalamasından danışdım – Elnur Əlisoy Derek Çolletlə görüşü barədə
19 may tarixində Gürcüstanda ABŞ dövlət katibinin siyasət məsələləri üzrə baş müşaviri Derek Çolletin Gürcüstana rəsmi səfəri çərçivəsində işgüzar görüşlər keçirilib.

İşgüzar görüş çərçivəsində “Həmrəylik Muzeyinin” rəhbəri, mülki fəal Elnur Əlisoy da iştirak edib. Bu barədə məlumatı Əlisoy “Marneuli” radiosu ilə söhbəti zamanı verdi.

Onun sözlərinə görə, görüş olduqca maraqlı keçib. Əlisoy deyir ki, ABŞ dövlət rəsmisi ilə əsas problemləri müzakirə etmək imkanına sahib olub. O, Gürcüstanda yaşayan etnik və dini azlıqların qarşılaşdığı problemlərdən, milli icmaya qarşı olan münasibətlərdən söhbət açıb.

“Görüşün əsas məqsədi o idi ki, burada olan əsas ehtiyacları, narahatçılıqlarımızı, vacib kritik məsələləri, demokratik və siyasi gündəmlə bağlı vacib məsələləri onlara çatdıraq, onlar da Amerikadakı öz idarələrinə bu məsələləri çatdıra bilsinlər. Gürcüstanla bağlı müəyyən addımların atılmasında strateji olaraq istifadə etsinlər. Mən orada etnik azlıqlar mövzusuna toxundum. Azərbaycandilli icma və ümumilikdə etnik və dini azlıqların məsələləri, ümumiyyətlə Gürcüstanda olan siyasət, çox dar etnik və dini milliyyətçilik məsələləri. Eləcə də bundan irəli gələn diskriminasiya – istər təhsil, istərsə də siyasət sahəsində, vətəndaş cəmiyyətinin inkişafı sahəsində, istərsə də, mədəni irs baxımından bu məsələlərə toxundum. Siyasi elitanı idarə edən siyasi dairənin etnik və dini azlıqları necə tapdalaması, onları necə gözardı etməsi haqqında mövzulara toxundum.”


Elnur Əlisoy bildirir ki, Gürcüstanda müxtəlif dinlərə sitayiş edən insanların əsrlər boyunca yaşamasına baxmayaraq, bu gün həmin insanlar bir-birlərinə yaddırlar və bir-birlərini tanımırlar. O, ölkədə insanlar arasında yaranan əsas problemlərin səbəbinin də buradan qaynaqlandığını deyir.

“Gürcüstanda təəssüflər olsun ki, baxmayaraq ki, biz fəxrlə deyirik ki, – Gürcüstan çox etnos və bir çox dinlərə sitayiş edən insanlar əsrlər boyu yaşayırlar – amma bu insanlar bir-birlərini tanımırlar. Ona görə də sadə, primitiv, məişət zəminində başlayan problemlər görürsünüz ki, bir günün içərisində xalqlar arasındakı münaqişəyə də çevrilə bilir. Biz bunu keçən il may ayında Dmanisidə də gördük. Bu məsələləri də vurğuladım və dedim ki, dövlət yadlaşdırma siyasəti nəticəsində insanları bir-birindən uzaqlaşdırır. Dövlətin şüarı olan “Güc birlikdədir” ideyasını məhv edir və zəiflədir. Bununla da Rusiyayönümlü qüvvələrə və Gürcüstanda fəaliyyət göstərən təxribat yaratmaq istəyən qüvvələrə səbəb yaradır ki, qarışıqlıq yarada bilsinlər.”


Elnur Əlisoy görüşün məhsuldar keçdiyini vurğuladı. Onun sözlərinə görə, Gürcüstandakı məsələlərlə maraqlanılması xoşagələndir. O, xüsusi olaraq Gürcüstanın etnik və dini icmasından, Azərbaycandilli icmadan Həmrəylik Muzeyinin görüşə dəvət edilməsinin xoş təəssürat yaratdığını bildirdi.

Qeyd edək ki, görüş bir saat ərzində davam edib və görüşdə Amerikanın Gürcüstandakı səfiri Kelli Deqnan, USAİD-in Gürcüstan şöbəsinin işçiləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Derek Çollet 18 may tarixindən Gürcüstanda işgüzar səfərdədir. Səfərin məqsədi gürcüstanlı tərəfdaşlarla Avropanın təhlükəsizliyi və demokratik inkişafla bağlı məsləhətləşmələr aparmaqdır. Derek Çollet mayın 20-də Londona yola düşəcək.
Print ელ. ფოსტა
FaceBook Twitter Google