Marneulililərin Rusiya vətəndaşlarının Gürcüstana gəlmələrinə münasibətləri – Sorğu
Rusiya prezidenti Vladimir Putinin əmri ilə Rusiya silahlı qüvvələri 24 fevral tarixində Ukraynaya hücum etdi.

Artıq 7 aydır ki, müharibə davam edir. Müharibə zamanı əsgərlərini itirən Vladimir Putin 20 sentyabr tarixində qismən səfərbərliyin elan ediləcəyi ilə bağlı fərman imzaladı.

Rusiya prezidentinin səfərbərlik fərmanından sonra Rusiya vətəndaşları ölkəni tərk edərək viza tələb olunmayan qonşu ölkələrə axın etməyə başladılar. Onların üz tutduğu ölkələrdən biri də Gürcüstandır.

Müharibənin ilk başladığı günlərdən Ukrayna vətəndaşları ilə birlikdə Gürcüstana gələn rus vətəndaşlarının da sayı az deyildi. Onlar daha çox Tbilisi və Batumiyə yerləşirdilər. Son günlərdə isə Rusları Marneulidə də görmək mümkündür. Bu gün, 27 sentyabr tarixində Marneuli sakinlərinin ölkəyə çox sayda Rusiya vətəndaşlarının gəlməsinə münasibətini öyrənmək məqsədilə sorğu keçirdik.

Marneulililərin sözlərinə görə, Gürcüstan və onun vətəndaşları qonaqpərvərdirlər. Sakinlər Gürcüstanlıların öz düşmənlərini qonaq edəcək qədər qonaqpərvər olduqlarını vurğuladılar.

Onlar bildirirlər ki, Rusiya vətəndaşlarının Gürcüstana gəlməsi nəticəsində ölkədə vəziyyət daha da gərginləşəcək. Sakinlərin əksəriyyəti rusların burada yaşamalarının problemli olacağını və bir sıra maddi çətinliklər yaşayacağını dedilər.

“Rahatlıq olsa, daha yaxşı olar və xalq təşvişə düşməz, rahat olar”.

“Müharibəyə getmək istəmirlər. Mənim nəvəm də oradadır, gəlmək istəyir, amma buraxmırlar. Orada yaşayan azərbaycanlıları, burada kimlər doğulub onu buraxmalarını istəyərdim”.

“Rus bizə qarşı çox pis münasibət göstərir. Hamısı fəhlədir, onlar müharibə etmə istəmirlər. Onlar qaçqın adı ilə gəlirlər ki, özləri, uşaqları sağ qalsınlar, ölməsinlər. Evlərini qoyub gəlirlər”.

“Pisdir, camaat orada işləyirdi. İndi müharibə dövrüdür. Hamı qaçır, hərə bir tərəfə, pisdir. Dolanmaq çətindir. Oradan gələn camaatın burada işi-gücü yoxdur. Orada yenə işləyib ailələrini dolandırırdılar. Gəlib burada çətinlik, bahalıqdır. Dolanmamız çətindir”.


“Onlar müharibə istəmirlər deyə axın edib gəlirlər. Heç bir insan ölüm istəmir. Onlar bir-birinə qardaş kimidirlər. Ona görə də gedib vuruşmaq istəmirlər. Bu normaldır, mən normal baxıram. Gürcüstan problem içindədir. Aclıq olacaq, özümüz burada iş-güc tapıb yaşaya bilmirik. Bunlar da üstümüzə gəlir. Qafqazlılar qonaqpərvərdirlər. Bizim qapımız yaxşı olan hər adama açıqdır. Amma gərək biz özümüz də yaxşı yaşayaq. Mən onu demək istəyirəm ki, biz gör nə gözəl xalq, dövlətik ki, hətta öz düşmənimizə də qapımız açıqdır. Düşmənimiz bizim üstümüzə gəlir. Biz yenə onu qəbul edirik. Yəni bu millət başa düşməlidir ki, keçmiş SSR dövlətləri ilə, qonşu ilə pis münasibətin axırı budur. Bu gün düşmən bizim qapımıza gəlir. Hansı ki, biz ora gedəndə əcnəbi deyir, artıq-əskik deyirlər, niyə gəlibsiniz deyirlər?! Axı sizin öz torpağınıza nə olub?! Adımızı da “qara” qoyublar. Bu gün dəmir qapının taxta qapıya da işi düşür. Bizim taxta qapımız onlar üçün açıqdır. Amma bizim 20% torpağımız onların sayəsində, onların ordusunun, prezidentinin sayəsində zəbt olunub. Onlar düşünsünlər ki, kimlə müharibə etmək lazımdır, kimdir bunun dostu, qonşusu, kimdir bunun düşməni. Rus milləti belə şeyləri bir az ayıra bilmir”.

“Öz torpaqlarını buraxıb bura gəlirlər. Əlbəttə, Gürcüstan hər zaman qonaqpərvərdir, qonaqpərvər xalqdır, ölkədir. Amma torpağını qoyub hara gəlirsən?! Gedin, müharibənizi edin, torpağınızı azad edin! Dövlətiniz nə deyir, onu edin. Sabah Gürcüstan müharibə edəndə biz Gürcüstanı qoyub gedərik?! Yox, Gürcüstan bizim vətənimizdir. Vətənimizi də qoruyacağıq. Onlar burada qeydiyyatda deyillər, pulları olmayan nə etməlidir?! Pulu olmayanlar oğurluq edə bilərlər. Gərək dövlət qeydinə qala, sığınacaq verə”.



27 sentyabr tarixinə olan məlumata əsasən, Rusiya-Gürcüstan sərhədini keçmək istəyən avtomobillərin sayı 5 500-ə çatıb. Bunlardan 3 600-ü minik avtomobilləri, 1 900-ü tranzit hərəkət edən yük avtomobilləridir. Yük avtomobillərinin 600-ü nəzarət-keçid məntəqəsindədir. Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, Lars keçid məntəqəsinə 26 sentyabra qədər 11 mindən çox, 26 sentyabrda isə 10 mindən çox Rusiya vətəndaşı daxil olub. O, bu sayın irəliləyən günlərdə daha da artacağının ehtimal edildiyini bildirib.

Artıq bir neçə gündür ki, Rusiya-Gürcüstan sərhədində bir neçə kilometrlik tıxac yaranıb.

Rusiya prezident administrasiyası tərəfindən verilən məlumata görə, “qismən səfərbərlik” elan edildikdən sonra Rusiyanı 261 min insan tərk edib.
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Marneuli Rusiya
FaceBook Twitter Google