Marneulili 25 yaşlı Ayşə Məmmədova evlənməyə hazırlaşan gənc
qızların əllərinə xınadan naxış vurmaqla məşğuldur.
O, Marneulidə xına naxışlarının incəliklərini bilən yeganə naxışcı
olduğunu deyir. Ayşə artıq 6 ildir ki, bu işlə məşğuldur. Onun
sözlərinə görə, xınadan naxışlar vurmağı Bakıda yaşayan qohumundan
öyrənib. Daha sonra isə Marneulidə bu peşə ilə heç kəsin məşğul
olmadığını görüb və ilk günlərdən sadəcə məşğuliyyət və əyləncə
üçün toya hazırlaşan gəlinlərə xına naxışları çəkməyə başlayıb.
"Əvvəlcə bu işə hobbi kimi başlamışdım. Sonra insanlar
tərəfindən sevildiyini gördüm. Bu işi bu qədər sevdirə bildiyim
üçün çox xoşbəxtəm. Amma, əlbəttə, çətinlikləri çoxdur. Çox diqqət
tələb edir. Sonra simmetriya, göz, hamısı bir yerdə çox asan
görünsə də, doğurdan da məsuliyyətli işdir. Ən əsası da
xanımlarımızın ən xoş günündə bir iz qoya bilmək çox sevindirici
hissdir".
Ayşə Məmmədova hobbi kimi başladığı işin bu gün onun həyatını çox
dəyişdiyini və onun kiçik biznesinə çevrildiyini deyir. O, bu gün
öz ehtiyaclarını qarşılamağa və öz ayaqları üstündə durmağa nail
ola bilib.
"Öz ayaqlarımın üstündə 3-cü kursdan bu yana dururam.
Tam tərsinə, ailəmə də dəstək oluram. Bu isə çox gözəl
hissdir".
Məmmədova deyir ki, bəzən kaprizli və hər şeyi bəyənməyən gəlinləri
də olur. Lakin o, gördüyü işi diqqət və həvəslə həyata keçirir. İşə
başladığı ilk günlərin çətinliklərindən danışan gənc naxışcı deyir
ki, gəlinlərin ona göndərdiyi naxışları ilk olaraq öz əlinə
çəkirmiş. O, xınanın naxışından asılı olaraq vaxtın dəyişdiyini və
bir naxışın çəkilməsi üçün maksimum 30 dəqiqə vaxt lazım olduğunu
deyir.
"Heç vaxt özüm istəməsəm, xınanı silib yenidən
çəkməmişəm. Gəlindən çox əl işimi özüm bəyənməliyəm. İlk işləri hər
zaman öz üzərimdə sınayıram. Öz əlimə naxış çəkərək yeni naxışlar
öyrənmişəm. Beləliklə daha da gözəl naxışlar çəkməyə nail olmuşam.
İlk özümdə yoxlayıb, sonra gəlinlərə çəkmişəm. İndi isə çox asan
şəkildə, sadəcə həmin gün seçimlərinə baxır və eynisini, hətta daha
gözəlini yaradıram. Artıq əlim alışıb deyə işimi də tez
bitirirəm".
Gənc naxışcı deyir ki, çəkdiyi hər naxışın öz mənası var. O, daha
çox qarışıq tərzə üstünlük verdiyini və xına çəkməkdə 3-4 üslub
olduğunu deyir. Buna görə də, naxışlar fərqli ola bilər.
"Afrika üslubunda daha çox düz xətlərdən istifadə
olunur. Ərəb üslubunda isə daha çox sıx gül naxışları var. Adi hind
üslubunda da naxış çox dolu olur və fərqli yarpaq, gül, ot
naxışlarından istifadə olunur. Amma hamısını bir yerdə qatıb yeni
bir tərz yaratmaq olar. Mehendi sənətini öyrənmək üçün xüsusi
qabiliyyət vacib deyil. İstək və səbr sayəində bu sənəti sıfırdan
öyrənmək mümkündür".
Xinalarla bağlı da məlumat verən Ayşə deyir ki, əvvəllər yalnız
təbii xına ilə işləyirmiş. Hazırda isə gəlinlərin əsas tələbi ağ
xına olduğu üçün o, ağ xınadan da istifadə edir. Lakin ağ xına
mövcud olmadığı üçün o, müxtəlif boyaları qarışdıraraq ağ xına
hazırlayır və həmin xınadan naxışlar vurur.
"Ağ xına zərif olduğu üçün gəlinliyə çox yaraşır. Buna
görə də ağ xına daha çox seçilir. Sadə olduğu kimi göstəriş sevən
qızlara zərli xınalar da istifadə edirəm. Təbiətimizdə ağ xına
olmadığı üçün özüm hazırlayıram. Özüm hazırladığım qarışım ilə
bodyartla eyni deyə biləcəyimiz boyanın köməyi ilə ağ xına əldə
edirəm".
Ayşə gəlinləri əvvəllər yaşadığı evdə qəbul edirmiş, ancaq
gəlinlərin saç və makiaj hazırlıqlarını nəzərə alaraq Marneulidə
yerləşən bir neçə salonlarla əməkdaşlıq etməyə başlayıb.
O, xına naxışları çəkməklə yanaşı Marneulidə yerləşən banklardan
birində də işləyir. Buna görə də o, bəzən vaxt darlığına görə
müraciət edən müştərilərini geri çevirməli olur. O, gəlinlərin bir
neçə gün əvvəldən gün təyin etmələrini istəyir. Ayşənin sözlərinə
görə, Marneulidə xına naxışlarına maraq artıb. İnsanlar öyrənmək
üçün ona müraciət də edirlər. Lakin vaxt olmadığına görə, Məmmədova
həmin müştərilərin istəklərini həyata keçirə bilmir. O, gələcəkdə
gördüyü işi daha da böyütmək və yalnız Marneulidə deyil, bütün
Gürcüstanda, dünyada çox sevilən "Henna Art" adını yüksəldərək
tanıdacağını deyir.
"Çətinlik ondadır ki, zamanla uyğunlaşmağa çalışıram.
Eyni zamanda bankda çalışdığım üçün gəlinlər əvvəlcədən
yazılmasalar, qəbul edə bilmirəm. Gələcəkdə xına naxışlarını
öyrətmək üçün kurslar açmağı düşünürəm".
Məlumat üçün bildirək ki, qədim Şərq incəsənətində bədənə xına ilə
naxış çəkilməsi "Mehendi" adlanır. İlk dəfə mehendi Misirdə yaransa
da, bu gün daha çox Hindistanda məşhurdur. O cümlədən mehendi bir
çox ərəb dövlətlərində, Pakistanda, Malaziyada, İndoneziyada,
Şimali Afrikada gözəllik simvolu sayılır. Bu gün bir çox hind
qadınları hesab edirlər ki, mehendi xoşbəxtlik gətirir və bir çox
uğursuzluqlardan qoruyur.