Təhsilə gedən olan yol - Tələbələrə regionlardan Tbilisiyə getmək nəyin bahasına başa gəlir?
Universitetlər artıq bir aydır ki, birbaşa auditoriyada dərslərə başlayıb, buna görə də bölgələrdə yaşayan tələbələr dərsə gələ bilmək üçün müxtəlif yollara baş vururlar. Kimisi Tbilisidə kirayədə qalıb buradan gedib-gəlir, kimisi isə uzaq kəndlərdən gedib-gəlmək məcburiyyətində qalır.

Marneuli şəhərində yaşayan, gündəlik Tbilisiyə dərsə gedib-gələn Aysel Məmmədovanın sözlərinə görə, gedib-gəldiyi zaman fiziki cəhətdən çox yorulur.

İlya Dövlət Universitetinin hazırlıq kurs tələbəsiyəm. Rayonda yaşadığım üçün gedib-gəlməkdə problemlərlə qarşılaşmıram. Sadəcə olaraq gündəlik getmək məni fiziki cəhətdən çox yorur. Tbilisidə kirayədə qalmamağın mənim üçün müsbət tərəflərindən biri də odur ki, öz tələbatlarımı yerinə yetirirəm, ev işləri ilə məşğul olaraq vaxt itirmirəm. Əgər, şəhərdə deyil, kənddə yaşasaydım, gündəlik olaraq getmək mənim üçün istər nəqliyyat, istərsə də maddi baxımdan daha çox çətinlik yaradardı”, – Aysel Məmmədova bildirir.

Hər gün Marneuli rayonunun Sadaxlı kəndindən Tbilisiyə dərsə gəlib-gedən tələbə Aytən Məmmədovanın sözlərinə görə, o kəndə gec saatlarda qayıdanda nəqliyyat tapmaqda çətinlik çəkir.



“İlya Dövlət Universitetinin birinci kurs tələbəsiyəm, dərsə gündəlik olaraq gedib-gəlirəm. Kirayələrin qiyməti qalxdığına görə gedib-gəlmək məcburiyyətində qalıram. Kirayə ilə yanaşı kommunal xərclərin də ödənilməsi ailəmin aylıq büdcəsinin yarısından çoxunun xərclənməsinə səbəb olur. Buna görə də kəndə qayıdıram. Həftənin iki günü dərslərim gec saatlarda bitdiyi üçün Marneulidən kəndə qayıdan zaman nəqliyyat tapmaqda çətinlik çəkirəm.

Bəzən elə olur, taksi belə tapa bilmirəm, məcburən valideynlərim kənddən taksi göndərirlər. Bu isə marşrutla müqayisədə baha başa gəlir, ona görə ki, gediş haqqı marşrut üçün iki, taksi üçün isə beş laridir ”, – Aytən Məmmədova qeyd edir.

Pandemiyaya görə iki il ərzində universitetlərdə təhsil onlayn rejimdə keçirilirdi. 2022-ci ildən universitetlərdə təhsil ənənəvi olaraq auditoriyalarda başladı. Amma bu dəfə tələbələr başqa problemlə qarşılaşdı.

Belə ki, Ukrayna və Rusiya arasında başlayan müharibəyə görə paytaxt Tbilisidə kirayə evlərin qiyməti artdı. Buna görə də regionlardan Tbilisiyə gedən tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Məcbur olurlar ki, dərslərə evlərindən gedib-gəlsinlər.


müəllif: Gülçin İsmailova

Print ელ. ფოსტა
FaceBook Twitter Google