“Marneuli-Tbilisi istiqamətində ictimai nəqliyyatın
hərəkəti axşam saat 9-a qədər davam etdirilməlidir” –
bu tələblə sosial şəbəkədə onlayn petisiya yayımlanıb.
Marneuli sakini Gülgün Məmmədxanovanın sözlərinə görə, onlayn
petisiyanın əsas məqsədi yerli özünüidarəyə problem haqqında
məlumat çatdırmaq, həlli yollarının axtarılmasıdır.
“Əziz tələbələr, bilirik ki, Marneuli-Tbilisi
istiqamətində ictimai nəqliyyat (marşrut taksilər və
mikroavtobuslar) saat 7-yə qədər işləyirlər. Bu Marneuli
bələdiyyəsindən olan tələbələrin saat 7-dən sonra gediş-gəlişində
çətinliklər yaradır. İstəyirik, Marneuli meriyasına
Marneuli-Tbilisi istiqamətində ictimai nəqliyyatın saat 9-a qədər
hərəkəti davam etdirməsi ilə bağlı petisiya təqdim edək. Bunun üçün
xahiş edirik, onlayn petisiyanı imzalayın”.
Elektron petisiyaya bu vaxta kimi 161 nəfər imza atıb. Gülgün
Məmmədxanovanın sözlərinə görə, onlar fiziki olaraq da imza
toplayırlar və Marneuli meriyasına 15 dekabrda ərizə ilə müraciət
edəcəklər.