Marneuli uşaq bağçalarında artırılmış pul və dəyişdirilmiş menyu
Marneuli Uşaq Bağçaları Birliyi uşaq bağçalarında qida menyusunu rəngarəngləşdirib.

Hər uşaq üçün nəzərdə tutulmuş qidaya ayrılan pul da artırılıb. Bu barədə məlumatı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov təsdiq edib və bildirib ki, əgər indiyə kimi uşaqlar gündə üç dəfə yemək yeyirdilərsə, indi buna lanç da əlavə olunacaq. 2023-cü ilin uşaq menyusunda daha bir yenilik menyuya bananın daxil edilməsidir.

“İndi təxminən bir uşağın qidasının dəyəri 4 laridir. Əvvəl 2,40 lari idi. İndi çox şey dəyişib. Lanç yox idi və indi əlavə olunub, saat 12:00-da uşaqlara bu şərait yaradılacaq. Ümumiyyətlə, hər uşaq üçün məhsulların miqdarı artırılıb və daha da rəngarəngdir”,
– Kərəmov deyir.

Marneuli Uşaq Bağçaları Birliyi 2023-cü il ərzində qida məhsullarını 622 577 lariyə almağı planlaşdırır. Qarabaşaq, düyü, kartof, çuğundur, sarımsaq, kök, soğan, lobya, noxud, kələm, alma və bananın alınması üçün 91 546 lari nəzərdə tutulub.

Mal əti və toyuq ətinin alınmasına 179 088 lari xərclənəcək. Balığın alınmasına 29 568 lari ayrılıb.

Birlik meyvə şirələrini, cemlər və tomat pastalarını 62 961 lariyə, süd, qaymaq, yağ, kəsmik, pendir, qatığı isə 103 876 lariyə almağı planlaşdırır.

Çörək , buğda, peçenye, şəkər, kakao, vermişel, makaron, çay, duz, süfrə və qida duzu üçün isə 112 420 lari ayrılıb.


Print ელ. ფოსტა
FaceBook Twitter Google