“Meriya 400-min lari ilə müqayisədə, məscidlərin və
kilsələrin kommunal xərclərinə 20-min lari köçürəcək. Bu
biabırçılıq və gülünc vəziyyətdən başqa bir şey
deyil.
Daha doğrusu, ələ salmaqdır”, – Algeti
məscidinin axundu Mahir Quliyev Marneuli meriyasının 2023-cü ilin
büdcəsindən məscid və kilsələrin kommunal xərcləri üçün ayrılan
pula etirazı olduğunu bildirdi.
“Marneuli” radiosu ilə söhbəti zamanı Quliyev meriyanın 2023-cü
ilin büdcəsindən Hucabi Yeparxiyası, məscidlər və kilsələrin
kommunal xərcləri üçün ayrılan pulun ədalətsiz verilmiş qərar
olduğunu vurğuladı.
Onun sözlərinə görə, Marneulidə təmirə ehtiyacı olan məscidlərin
sayı çoxdur. Lakin meriya həmin məscidlərə laqeyd yanaşır və təmir
işlərinin həyata keçirilməsi üçün hər hansı addım atmır.
Axund deyir ki, əgər meriya sözügedən məbləği məscidlərin kommunal
xərcləri üçün ayırıbsa, bu məbləğ aylıq elektrik xərclərini belə
qarşılamır.
“400 min lariylə müqayisə etdikdə 20 min lari
gülüncdür. Marneulidə kifayət qədər təmirə ehtiyacı olan məscid
var. Amma buna laqeyd yanaşırlar və kommunal xidmət nəzərdə
tuturlar. Deyək ki, kommunal xidmət nəzərdə tuturlar. O zaman
bunların ayırdığı 20 min lari Marneulidə olan məscidlərin heç
elektrik pulunu belə ödəmir. Ümumiyyətlə, meriyanın ayırdığı pul
gülünc və aşağılayıcıdır. Kaş heç
ayırmazdılar”.
Məscidlərin aylıq kommunal xərcləri barədə də danışan axund
bildirdi ki, xərcləri 12 aya vurduqda bu 24 000 lariyə başa gəlir
ki, bu da meriyanın ayırdığı vəsaitdən artıqdır.
“Əgər məscidlərin elektrik pulunun 1 ayini 50 laridən
hesablasaq, (40×50=2000) lari və 12 aya vurduqda isə 24-min lari
edir. Yalnız məscidlərin elektrik pulu edir. Meriya guya Marneulidə
məscidlərə qaz pulu da ayırır. Görünür, meriya SOCAR-ın illərdir,
məscid və kilsələrə ayırdığı qaz pulundan ya xəbərsizdir, ya da
bunu sırımağa çalışır”.
Quliyev deyir ki, o, Marneuli meriyasının Hucabi Yeparxiyasına 400
000 lari ayırdığı halda məscidlərə 20 000 lari ayırmasına etiraz
etmir. Sadəcə ayrılan məbləğin məscidlər üçün kifayət etmədiyinə
etirazını bildirir. Onun sözlərinə görə, meriya məbləği ayırmazdan
əvvəl məscidlərin son vəziyyəti və xərcləri ilə bağlı araşdırma
aparsa, yaxşı olardı.
“Mən meriyanın dini abidələrin, ibadət evlərinin təmiri
üçün ayrılan pula qarşı deyiləm, amma gərək pulu ayırmazdan əvvəl
bir araşdırma aparılardı. Kimin nəyə və nə qədər məbləğə ehtiyacı
varsa, o qədər ayrılardı”.
Yerli özünüidarə 2023-cü il ərzində kilsə-monastırların və
məscidlərin kommunal xərclərini ödəyəcək. Bunun üçün büdcədən 20
000 lari ayrılıb.
Kommunal xərclərin ödənməsi sonrakı qaydada həyata keçirilir:
- Marneuli şəhərində yerləşən kilsə-monatsır və
məscidlər – 300 lariyə qədər
- Kənddə yerləşən və təbii qaz çəkilməmiş
kilsə-monatsır və məscidlər – 100 lariyə qədər
- Kənddə yerləşən və təbii qaz çəkilmiş
kilsə-monatsır və məscidlər – 50 lariyə qədər
“Proqram çərçivəsində bələdiyyə ərazisindəki kilsə-monastırlar və
məscidlərə dəstək göstəriləcək. Konkret olaraq, tam fəaliyyətə
dəstək və tarixi abidələrin qorunması xərclərini təmin etmək üçün
Marneuli və Hucabi Yeparxiyasına 400 000 lari maliyyə ayrılacaq.
Dini müəssisələrin kommunal xərcləri üçün isə 20 000 lari nəzərdə
tutulub”, – Marneulinin 2023-cü il büdcəsinin dini və
başqa tipli ictimai fəaliyyətlər bəndində qeyd olunub.
Bolnisi Rayon Məhkəməsi 2022-ci ilin 1 iyulunda Marneuli
büdcəsindən dini təşkilatlara pul ayrılmasını diskriminasiya kimi
qiymətləndirmişdi. Marneuli yerli özünüidarəsi Bolnisi Rayon
Məhkəməsinin qərarını Apelyasiya Məhkməsinə şikayət etmişdi. Məsələ
2019-cu ildə başlanmış mübahisə ilə bağlıdır.
Şikayətçilər Marneulili fəal Samirə Bayramova və Bütün Gürcüstan
Müsəlmanları Ali Dini İdarəsinin sədri Şeyx Mirtağı Əsədovdur.
8 dekabr tarixində Tbilisi Apelyasiya Məhkəməsinin hakimi Leila
Mamulaşvili Bolnisi Rayon Məhkəməsinin Marneuli büdcəsindən dini
təşkilatların maliyyələşdirilməsi məsələsi ilə bağlı qərarını ləğv
edib.