Marneuli meriyası mədəniyyət sahəsinin inkişafı üçün 2 545 000 lari xərcləyəcək
Marneuli yerli özünüidarəsi 2023-cü il ərzində mədəniyyət sahəsinin inkişafına 2 545 000 lari xərcləyəcək.

Meriyanın büdcəsinə əsasən, mədəniyyət sahəsinin inkişaf proqramı üçün ayrılmış vəsait üç istiqamətdə bölünəcək. Bu istiqamətlər – mədəniyyət sahəsi müəssisələrinə dəstək, mədəniyyət sahəsi tədbirləri və dini, yaxud başqa növ ictimai fəaliyyətlərdir.

Qeyd olunan üç istiqamətdən ən çox pul – 1 850 000 lari Marneuli Mədəniyyət Mərkəzinin maliyyələşdirilməsinə ayrılıb. Mədəniyyət sahəsi müəssisələrinə dəstək bəndində qeyd olunan məlumata görə, müxtəlif mədəni fəaliyyətlər təşkil olunacaq, o cümlədən şəhər və ölkə üçün əlamətdar olan tarixlər qeyd olunacaq.

“Şəhər əhalisi və ya qonaqlar üçün rəngarəng görüntülərin təklif edilməsi, Mədəniyyət Mərkəzinin maddi-texniki bazasının təminatı və maksimum dəstək göstərilməsi. Əməkdar vətəndaşların keçdiyi yolun ümumiləşdirilməsi və qiymətləndirilməsi (yubileylər, görüşlər, anım tədbirləri və s.). Gürcü mədəniyyətinin tanıdılması və Marneulinin bu mədəni ənənələrin daşıyıcısı olan şəhər kimi ölkədən kənarda, regionda tanıdılması. Şəhərdəki diasporaların şəhərin mədəni həyatına qoşulması və birlikdə tədbirlərin təşkil edilməsi. Marneuli Bələdiyyəsi ərazisində mədəni-maarif müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi və köməklik göstərilməsi, incəsənət sahələrinin inkişafına dəstək, məşhurlaşdırılması. Sosial baxımdan mühüm layihələrin, müxtəlif istiqamətlərdə yaradıcılıq fəaliyyətlərinin təmin edilməsi. Fərdi ifaçıların və yaradıcı kollektivlərin fəaliyyətinə dəstək: musiqi, xoreoqrafiya, folklor, rəsm və rəngkarlıq, klassik musiqi, teatr, müasir xoreoqrafiya, foto sənəti, vokal-instrumental dərnəkləri, ədəbi klublar, gənc, istedadlı, yerli yazıçıların fəaliyyətinin təbliği, onların fəaliyyəti üçün şərait yaradılması, milli adətlərin tanıdılması, gənc nəsilin demokratik ictimaiyyətin həqiqi vətəndaşları olaraq yetişdirilməsi, formalaşdırılmasına dəstək, mədəni, sosial özünüdərk, estetik inkişafın tamamlanması”,
– mədəniyyət sahəsi müəssisələrinə dəstək bəndində qeyd olunub.

Marenuli meriyası mədəniyyət sahəsi tədbirləri üçün 2023-cü ildə 275 000 lari xərcləyəcək. Bu pula Novruz bayramı, Yeni il konserti və s. kimi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş xərclər də daxildir.

“Proqram konsert üçün müğənnilərin, səhnə və işıqlandırma-səsləndirmənin icarəyə götürülməsini, onların quraşdırılma-sökülməsini də nəzərdə tutur. Teatr tamaşaları üçün geyimlərin alınması və ya icarəsi. Sərgi məkanlarının qurulması məqsədi ilə ləvazimatların alınması. Marneulidə şərab günü adı ilə “Marneuli üzüm beşiyi” tədbirinin keçirilməsi ənənə halını alıb. Tədbir çərçivəsində müxtəlif payız ayinləri keçirilir. Mədəni irs, turizm və maarifləndirmə istiqamərində fəaliyyətlər nəzərdə tutulur”, –
Mədəniyyət sahəsi tədbirləri bəndində qeyd olunub.

Mədəniyyət sahəsinin inkişafına ayrılmış pula dini və ya başqa tipli ictimai fəaliyyətlər üçün ayrılmış 420 000 lari də daxildir. Qeyd olunan pulun böyük hissəsi – 400 000 lari, Marneuli və Hucabi Yeparxiyasının maliyyələşdirilməsinə, 20 000 lari isə məscidlərin, kilsə-monastırların kommunal xərclərinin maliyyələşdirilməsinə ayrılıb.


Print ელ. ფოსტა
თეგები: Büdcə Marneuli Mədəniyyət sahəsi
FaceBook Twitter Google