Küçədə polis bizi saxlayan zaman nəyi bilməliyik?

Hüquq-mühafizə orqan nümayəndələrinin küçədə vətəndaşları saxlama halları tez-tez baş verir.

Onlardan ad və soyadlarını soruşur, şəxsiyyət vəsiqəsini tələb edirlər, fotosunu çəkir, qanuna zidd olan əşyalarının olub olmamasını yoxlayırlar. Müəyyən hallarda vətəndaşların küçədə saxlanıldığı halda, hüquq-mühafizə orqanları ilə münasibət zamanı hansı hüquqlarının olub olmadığını haqqında məlumatı olmur.

“Marneuli” radiosu Daxili İşlər nazirinin keçmiş müavini Natia Mezvrişvili ilə müsahibə yazıb. Biz ondan hüquq-mühafizə orqanı nümayəndələrinin vətəndaşları küçədə saxladığı zaman hansı hüquq-öhdəliklərinin olduğunu soruşduq.

“Vətəndaşlar əksər hallarda sual verirlər ki, polisin onları belə, heç bir səbəb olmadan saxlamaq və məsələn, üzərinə baxış keçirmək, müşahidə etmək hüququ varmı. Ümumiyyətlə polis haqda Gürcüstan qanunu ilə polisin vətəndaşı saxlamaq hüququ var” – Natia Mezvrişvili bildirdi.

Polis küçədə vətəndaşı saxladığı zaman necə hərəkət etməlidir?

“Polisin vətəndaşa onu niyə saxladığını izah etməsi mühümdür. Öz kimliyini qeyd etməlidir, bəzən bunu etmirlər. Əgər polis bunu etmirsə demək o, öz səlahiyyətlərini müvafiq şəkildə yerinə yetirməyib. Yəni, polis vətəndaşa öz kimliyini izah etmək öhdəliyi daşıyır. Nə ilə əlaqədar, məsələn, sorğu, istintaq fəaliyyətində iştirak etmək məqsədi ilə saxladığını bildirməlidir. Hər halda, qanunla nəzərdə tutulmuş hər hansı əsasla saxlasa da vətəndaşa açıqlamaq onun öhdəliyidir”.

Daxili İşlər nazirinin keçmiş müavini eləcə də vətəndaşı küçədə saxlayan zamanı polisin vətəndaş üzərində baxış keçirmək hallarından da danışdı.

“Şəxs üzərində axtarış etmək və şəxsi yoxlamanın öz əsası var. Misal üçün, əgər şəxsin cinayət törətdiyi və ya cinayət əşyası, məsələn, qanunsuz olaraq odlu silah daşıdığı ehtimalı varsa, bu fərziyyə təsdiqlənməyibsə, vətəndaşın üzərinə əsassız baxış keçirmək olmaz. Ona görə polisin müvafiq əsası, konkret sübutları olmalıdır. Başqa şəkildə, vətəndaşın üzərinə baxış keçirmək, onun şəklini çəkmək və s. həmin adamın hüquqlarının pozulması deməkdir. Qanun polisə bu hüququ vermir, amma ən əsası odur ki, qanun dəqiq yerinə yetirilməlidir”.

Hüquq-mühafizə orqan nümayəndələrinin də küçədə saxlanılan şəxsin şəklini çəkmək hüququ var. Amma şəkil çəkmək üçün polisin müvafiq hüquqi əsası olmalıdır.

“Şəkil çəkmək üçün də səbəb lazımdır və qanunda birbaşa yazılıb ki, şübhə olmalıdır. Yəni, əgər polis şəxsin kimliyini müəyyən etmirsə və bu vətəndaşın qaydanı pozub, cinayət törətməsi şübhəsi varsa polis bunu edə bilər. Ancaq əgər identifikasiya üçün başqa vasitələr varsa, şəxsiyyət vəsiqəsini təqdim edəcəksən, buna ehtiyac qalmaz. Bizim şübhələrimiz yarana bilər ki, polis şəkili başqa qeyri-qanuni məqsədlər üçün çəkir. Detalların böyük əhəmiyyəti var. Ümumiyyətlə, qanunda foto çəkməklə bağlı məsələ qeyri-müəyyəndir və əgər polis vicdansızdırsa, onun qanunu pozacağı və sui istifadə edəcəyi gözləntisi yüksəkdir. Ona görə, qanunun həm də proqnozlaşdırıla bilən olması və bu qeyri-müəyyənliyin aradan qaldırılması çox mühümdür. Polisin nə zaman, hansı hüququnun olması təfərrüatlı şəkildə yazılmalıdır”.

Gürcüstan Daxili İşlər nazirinin keçmiş müavini hüquq-mühafizə müəssisələri ilə münasibəti zamanı vətəndaşların hüquq və öhdəlikləri haqqında da danışdı.

“Vətəndaşların başa düşməsi üçün demək istəyirəm ki, hər belə halda, polis sizi dayandıranda, şəklinizi çəkəndə, polisdən səbəb, protokol tələb etməlidir. Çünki qanunla polisin protokol tərtib etmək hüququ var. Vətəndaşın protokolu tələb etmək haqqı var və orada saxlanılma, şəkil çəkilmə və polisə aparılma səbəbi qeyd olunmalıdır”.

Polis əməkdaşının tələbi ilə vətəndaş özünü tanıtmağa məcburdurmu?

“Vətəndaş, ümumiyyətlə, polisin qanunu tələbinə tabe olmağa məcburdur. Əlbəttə, yaxşı və pis polislər var. Biz məsələyə belə yanaşmalı deyilik ki, polisin yalnız öhdəlikləri var və hüquqları yoxdur. Analoji olaraq vətəndaşların da hüquq və öhdəlikləri olur. Vətəndaş polisin qanunu tələbinə tabe olmağa məcburdur. Ona kimliyini bildirməli və müqavimət göstərməməlidir. Bir daha qanuni tələblə bağlı deyirəm, çünki qanunda bu birbaşa yazılıb ki, polisin qanuni tələbinə tabe olmalıdır. Vətəndaş onu təhqir etməməlidir, bunun üçün həvəsləndirmək yolverilməzdir. Fiziki təhqir etməməlidir, buna həvəsləndirmək yolverilməzdir. Əgər bizim hüquqi dövlətə, qanunun aliliyinə etirazımız varsa, hər birimiz öz payımıza düşəni yerinə yetirməliyik” - Natia Mezvişvili bildirdi.

Polislər tərəfindən səlahiyyətdən sui istifadə etmək, inzibati və ya cinayət törətmə halında vətəndaş müvafiq xidmətlə əlaqə saxlaya, faktların araşdırılmasını, qanuni cəzalandırılmasını tələb edə bilər.

Əgər polis nizam-intizamı pozursa vətəndaş Baş Müfəttişliyin qaynar xəttinə - 126-ya zəng vura bilər.

Əgər polis cinayət törədirsə, əgər bu vəzifəsini yerinə yetirən zaman edilən cinayətdirsə, vətəndaş xüsusi istintaq xidmətinin qaynar xəttinə - 119-a zəng vurmalıdır.

Diskriminativ ifadələr və yanaşma hallarında, əgər o, cinayət əlamətləri daşıyarsa, vətəndaş Prokurorluğa müraciət edə bilər. Əgər hərəkət inzibati və ya nizam-intizamın pozulmasınə əhatə edirsə vətəndaş DİN-nin Baş Müfəttişliyinə müraciət etməlidir.

Diskriminasiya halları ilə bağlı vətəndaş Gürcüstan Xalq Müdafiəçisi Aparatına və Daxili İşlər Nazirliyinin İnsan Hüquqlarının Müdafiəsi Departamentinə müraciət edə bilər.

 

Print ელ. ფოსტა
თეგები: Marneuli Polis
FaceBook Twitter Google